İki əsgərin intihar cəhdi ciddiyə alınmalıdır

Gənclərin hərbi xidmətə hazırlanmasını tək məktəblərin üzərinə atmaq doğru deyil



Dünən Milli Ordumuzun iki əsgəri intihara cəhd edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 12-də Gəncə şəhərində yerləşən "N” saylı hərbi hissələrdən birində 1995-ci il təvəllüdlü, əsgər Əlizadə Rəvan Arif oğlu və 1995-ci il təvəllüdlü,

əsgər Nəcəfov Nicat Vüqar oğlu özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər (sol saidin kəsilmiş yaraları diaqnozu). Hər iki əsgərə tibb məntəqəsində ilkin yardım göstərilib.

Yanvarın 13-də əsgərlər Bakı şəhərinə gətirilərək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının Psixiatriya bölməsinə yerləşdiriliblər. Əsgərlərin vəziyyəti kafidir. Müalicə bitdikdən sonra xəstəlik epikrizi çıxarılacaq. Respublika Baş psixiatrının rəyi alındıqdan sonra, hər iki əsgərin Silahlı Qüvvələrin sıralarında xidmətlərini davam etmələri məsələsi həll ediləcək.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Faktla əlaqədar Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Əksər hallarda bu hərəkətlərin adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmayan, hərbi xidmətin çətinliklərinə dözməyən gənclər tərəfindən törədildiyini vurğulayan Müdafiə Nazirliyi valideynlərə, təhsil müəssisələrinin pedaqoji kollektivlərinə, ictimaiyyət nümayəndələrinə müraciət edərək həqiqi hərbi xidmətə çağırılan gənclərin Vətənə məhəbbət, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə olunması, onlarda fədakarlıq və qəhrəmanlıq hisslərinin aşılanması, mənəvi-psixoloji cəhətdən hərbi xidmətin çətinliklərinə hazır olmalarına diqqət yetirilməsini xahiş edib.

Psixoloq, hərbi ekspert Azad İsazadə isə hesab edir ki, mənəvi-psixoloji cəhətdən hərbi xidmətin çətinliklərinə hazır olmamaq iki əsgərin damarlarını doğraması üçün yetərli səbəb deyil: "Hər nə qədər gənclər orduya adaptasiya olmasa da, bu səbəbdən onların özlərinə qəsd etməsi inandırıcı deyil. Hərbi qulluq zamanı əsgərin özünə qəsd etməsinin çox ciddi səbəbləri var. Burada söhbət neqativ hadisələr və qeyri-insani davranışdan və s. gedir. Hesab edirəm ki, bu hadisəni əsgərlərin hərbidə yeni olması və onların adaptasiyası ilə əlaqələndirib, başdansovdu eləmək olmaz. Hər iki faktla bağlı aidiyyəti qurumlar araşdırma aparmalı və əsgərlərin özünə qəsd səbəblərini aşkarlamalıdır”.

Həqiqi hərbi xidmətə çağırılan gənclərin mənəvi-psixoloji cəhətdən hərbi xidmətin çətinliklərinə hazır olmamasına gəldikdə isə psixoloq deyib ki, gənclərin orduya hazırlıq prosesi sıfıra bərabərdir: "Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda fədakarlıq və qəhrəmanlıq hisslərinin aşılanması, mənəvi-psixoloji cəhətdən hərbi xidmətə hazırlanmasını tək məktəblərin üzərinə atmaq da doğru deyil. Bunun üçün Hərbi Komissarlıq çağırışdan əvvəl çağırışçılar arasında treninqlər, kurslar keçirməlidir. Hərbi xidmətin əlifbasını adi prinsiplər əsasında, silahsız gənclərə aşılamalıdır. Ancaq təəssüf ki, bizdə belə bir proses formalaşmayıb. Bu funksiyanı isə faktiki olaraq, məhəllə və küçələr öz üzərinə götürüb. Gələcəyin əsgərləri ordu ilə bağlı məlumatları yalnız keçmiş əsgərlərlə söhbət zamanı alırlar. Bu isə mənfi hazırlıqdır. Sözsüz ki, keçmiş əsgərlərin gənclərə qeyri- peşəkar səviyyədə keçdikləri "hərbi hazırlıq” dərsləri müsbət effekt göstərə bilməz. Bu cür zərərli vərdişlərin qarşısını almaq üçün isə aidiyyəti qurumlar hərəkətə keçməli və öz funksiyalarını yerinə yetirməlidir”.

Orta ümumtəhsil məktəblərində çağırışa qədərki hərbi hazırlıq fənninin peşəkar səviyyədə tədrisinin gənclərin mənəvi- psixoloji cəhətdən orduya hazırlığı ilə bağlı problemin aradan qaldırılması üçün yetərli olmadığını vurğulayan hərbi ekspertin sözlərinə görə, həmin fənnin tədrisinin də çox aşağı səviyyədə olması bütövlükdə cəmiyyətin iflası deməkdir.

Orta ümumtəhsil məktəblərində çağırışa qədərki hərbi hazırlıq fənninin tədrisinin ilk növbədə ölkənin müdafiəsinə gəncləri əvvəlcədən psixoloji cəhətdən hazırlamaq olduğunu deyən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, bu fənn vasitəsi ilə yeniyetmələrə hələ məktəbdə ikən vətəni müdafiə etmək üçün hərbi hazırlıq keçilir, məlumatlar verilir, adi hərbi silahlarla da tanış olurlar: "Bu dərslərdə özünümüdafiə ilə, müəyyən hərəkətlərlə - sürünmək, maneələri keçmək, yaralını ərazidən uzaqlaşdırmaq və sairə ilə tanış olmalıdırlar. Təəssüf ki, Azərbaycan məktəblərində bu cür məlumatlar ancaq şəkillər üzərində keçirilir. Məktəblərdə silah yoxdur. Bir neçə dəfə məktəbdəki silahlar xətalı nəticələr verdi, ondan sonra da silahları məktəblərdən tamam yığışdırdılar. Yığışdırılandan sonra da şagirdlər ancaq şəkilə baxmalı olurlar. Nəticədə də hərbə çağırış zamanı silahla davranma qaydalarında nabələdliklər üzə çıxır. Yəni onların müəyyən təsəvvürləri olsa da, praktik hazırlıqları olmur. Hər halda bu dərslərlə vətənin müdafiəsi üçün vacibliyi, zəruriliyi hər bir insanın onun müdafiəsində iştirakı, borcu aşılanır”. Hərbi dərslərin keyfiyyətinin artırılmasının vacibliyindən

söz açan Ə.Ağayev hərbi hazırlıq dərslərinin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsinin əhəmiyyətli olduğunu bildirir. Onun sözlərinə görə, təqaüddə olan zabitlər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilərlər: "Bundan əlavə, hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyətin də mühüm rolu var. Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması və onların əsgərlərlə söhbətlər etməsi də yeniyetmələrin formalaşmasında, onların vətənə bağlılığının artırılmasında və vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsi üçün mühümdür. Yaxud milli qəhrəmanlarla, orduda nailiyyətləri olan zabitlərlə görüşlər keçirir, şagirdlər də hər şeyi bu həyatı yaşayan adamların dilindən eşidirlər. Əlbəttə, bu kimi tədbirlərin çox böyük əhəmiyyəti var və bunların sayını da artırmaq lazımdır”.

Şəymən