Putin Makron görüşündə heç bir yenilik olmadı - ŞƏRH

Elxan Şahinoğlu: "Sonda hərə öz mövqeyində qaldı"
"Putinlə Makron arasındakı görüşlərin konseptual məsələləri həll edəcəyini, gərginlikləri aradan qaldıracağını düşünmürəm”.
Bunu Sherg.az-a ötən gün Parisdə baş tutan Fransa və Rusiya prezidentlərinin görüşünü şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. 
O bildirib ki, yeni prezidentin rusiyalı həmkarını Avropaya dəvət etməsi müsbət addımdır:
"Rusiya prezidenti sanksiyalar ucbatından tez-tez Avropaya səfər edə bilmirdi. Edilən dəvətlərdən maksimum istifadə etməyə çalışırdı. Fransaya səfəri, görüş, mətbuat konfransı isə çox soyuq şəraitdə keçdi. Prezidentlərin bir-biri ilə münasibəti son dərəcə gərgin olduğu hiss olunurdu. Sonda hərə öz mövqeyində qaldı.
Bu yaxınlarda Almaniya kansleri Angela Merkelin də Rusiya prezidenti ilə görüşü baş tutdu. Yenə də həmin qaydada, hərə öz mövqeyində qaldı, heç bir fikir dəyişikliyi olmadı.
Ona görə də bu görüşlər münaqişələrin həllini sürətləndirmir. Konfliktləri də ortadan qaldırmır. Rusiya və Qərbin hazırda Suriyada və Ukraynada baş verən münaqişələrə baxışı son dərəcə fərqlidir. Onlar bir-birlərinə doğru heç bir addım atmırlar. Suriyada düşmənin beynəlxalq terrorçu olmasına baxmayaraq, ortaq nəticə əldə olunmayıb. NATO və Rusiya prezidentlərinin suallara verdikləri cavablara diqqət etsək görərik ki, açıq-aşkar gərginlik hiss olunur. Bu kimi görüşlər təəssüf ki, gərginlikləri ortadan qaldırmır”.
Qeyd edək ki, tədbirin sonunda fransız lider Emmanuel Makron rusiyalı həmkarı ilə Suriya münaqişəsinin müzakirə etdiyini söyləyib. Vladimir Putin isə çıxışında Parisin Moskva ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dilə gətirib.
Ayyət Əhməd