Son zamanlar ölkədə kütləvi at və eşşək cəsədlərinin tapılması və bəzi iaşə obyektlərində adıçəkilən heyvanların ətindən hazırlanmış qidaların aşkarlanması məsələ ilə bağlı həyəcan təbili çalıb. Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda, meşə massivində 1000-dək at və eşşək cəsədinin aşkarlanması isə cəmiyyətdə ciddi narahatlıqlara səbəb olub.
Meşə gözətçisi İlyas İlyasov bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib.
Məsələyə münasibət bildirən Azərbaycan Səhiyyə Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri Yolçu Xanvəli aşkarlanan qalıqlardan nümunə götürüldüyünü bildirib. Mətbuat sözçüsü nümunənin nəticəsinin hələ məlum olmadığını bildirsə də, tapılan qalıqların adıçəkilən heyvanlara aid olmasını da təkzib etmədi: "Xaçmazda at və eşşək əti qalıqlarının aşkarlanması ilə bağlı bu gün səhər bizə informasiya daxil oldu. Bununla əlaqədar Xaçmaz Rayon Baytarlıq İdarəsinə göstəriş verdik və onlar məsələni yerində araşdırdılar. Bizə məlumat verdilər ki, 100-150 baş təkdırnaqlı heyvanın, bundan 4-5 baş eşşək ayaqları, qalanları isə at ayaqlarıdır. Həmin əraziyə atılan heyvan qalıqları-ayaqlar, skletlər və baş bir dəfə yox, bir neçə dəfə ora atılıb. Tapılan qalıqların hamısının yeni atılan yox, bir qisminin köhnə olduğu məlum olub. Bu da qalıqların bir neçə dəfə bu əraziyə atıldığını göstərir”.
Y.Xanvəli qeyd edib ki, Xaçmaz Rayon Baytarlıq İdarəsi qalıqlar aşkarlanan yerdən laboratoriya müayinələri üçün nümunələr götürüb: "Müayinələrdən sonra qalıqların ata və ya eşşəyə aid olduğu tam bilinəcək. Eyni zamanda, Xaçmaz Rayon Baytarlıq İdarəsi Xaçmaz Rayon Polis İdarəsinə bu məsələnin kimlər tərəfindən törədilməsinin aşkarlanması məqsədilə müraciət edib”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə hesab edir ki, bu cür halların qarşısının alınması işi artıq qanunvericilik məsələsidir: "Qanunvericilikdə konkret tələblər olmalıdır və buna uyğun heyvanların ətindən istifadə olunduğu hallarda buna yol verən şəxslər cəzalandırılmalıdır. Gizli şəkildə əti gətirib gizli qiymə halına salındıqdan sonra onun mənşəyini təyin etmək bir qədər müşkül məsələdir. Bu iş baytarlıq idarəsinin birbaşa
səlahiyyətinə daxil olan məsələdir”. Mənşəyi məlum olmayan ətdən kolbasa istehsalında istifadə olunsa belə, bunu qurum tərəfindən aparılan müayinələrdə müəyyən etmək olmur”.
İ.Abdullayev deyib ki, bunun üçün hüceyrələrin sitioloji müayinəsi lazımdır. Yalnız bundan sonra ətin hansı növ heyvana aid olduğu bilinir: "Bir də skletdən müəyyənləşdirmək olar. Bu da o zaman mümkündür ki, heç olmasa, yarım cəmdək olmalıdır. Məhsul kimyəvi cəhətdən tam təhlükəsizlik qaydalarına uyğun olmalıdır. Nəzərdə tutulmayan heyvanların ətindən istifadə edənlər həm inzibati, həm də cinayət məsuliyyəti daşımış olurlar”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında ölkədə bundan da təhlükəli proseslərin getdiyini qeyd edib. Onun sözlərinə görə, bu iş böyük bir şəbəkənin monopoliyasındadır: "Belə hadisələrə daha çox Bərdə, Masallı, Xaçmaz və ətraf rayonlarında rast gəlinirdi. Son olay isə göstərir ki, proses bütün regionlarda gedir”.
Birlik sədrinin qənaətinə görə, bu cür halların qarşısının alınması üçün baytarlıq orqanları ciddi addımlar atmalıdırlar: "Qanunlarda olan boşluqlar doldurulmalıdır”.
Həmsöhbətimiz bu cürə halların çözülməsi üçün dəfələrlə təşəbbüs göstərdiklərini söyləyib: "Yararsız və ölmüş heyvan ətlərinin satışı ilə məşğul olan şəbəkələr barədə hökumət orqanlarına məlumat vermişik. Onlar isə müraciətlərimizə məhəl qoymayıb. Bu vaxta qədər açılan məsələlərdə məntiqi nəticə görünməyib. Hadisəni törədənlərin cəzalanması barədə informasiya yoxdur. Artıq insanlar deyil, insanların cəzasızlığı cinayət törədir”.
E.Hüseynovun fikrincə, bu, ciddi fəsadlara yol aça bilər: "Heyvanların tutulduğu xəstəliklər insanlara keçə bilər. Onları yeni viruslara yoluxdura bilər. Təsadüfi deyil ki, bizdə il boyu xəstələnənlərin sayı qonşu ölkələrdə xəstələnənlərdən çoxdur. Qonşu ölkələrin tibb müəssisələrində azərbaycanlıların əlindən ayaq basmağa yer yoxdu. Hesab edirəm ki, bu cür iyrənc işlər çoxsaylı xəstəliklər yaradacaq”.
Birlik sədri belə hallardan qorunmaq üçün əhaliyə çağırış da edib: "Bütün hadisələr insanların gözü qarşısında baş verir. Cəmiyyət nümayəndələri də ayıq-sayıq olmalıdırlar. Belə arzuolunmaz işlərlə məşğul olanları ifşa etməlidirlər”.
Ayyət Əhməd