"Axı qələm onun nəyinə lazımdır? Niyə idmanla məşğul olmasın? Niyə gedib iqtisadiyyatla, bizneslə maraqlanmır? Niyə Neft Şirkətində işləməsin? Niyə bir nazirlikdə şöbə müdiri olmasın? "
Azərbaycanda elə bir qələm adamı varmı övladının yazıçı olmağın istəsin? Varmı eləsi həmişə uşağında yazı-pozuya həvəs yaratsın? Sizcə, hansı ata, hansı ana balasının pisliyini istər? Kim istəyər uşağı Azərbaycanda yazı-pozuya maraq göstərsin? Ürəyiniz hansı yazıçıdan istəyir soruşa bilərsiniz. Amma elə soruşun niyyətinizi başa düşməsin, səmimi cavab versin. Dəqiq deyirəm, hamısı qayıdacaq ki, bizim uşaq texniki fənlərə meyillidir, riyaziyyat, kimya, fizika təmayüllü fakültələrə qəbul olmaq istəyir.
Aydın məsələdir, ya uşaq atasının gün-güzəranından bezir, ya da ata özü balasının gələcəyini yaxşı görmək üçün bilir ki, beyin, ürək, hiss, duyğu erası çoxdan başa çatıb. Artıq fiziki güc erası başlayıb. Ona görə də valideynlər övladlarında idmana həvəs yaradırlar. Hamı uşağının xarici dil öyrənməyində maraqlıdır. Niyə? Bu hiss ən çox gələcəkdə uşağın buralardan çıxıb getmək arzusu ilə bağlıdır. Heç kim balasının gələcəyini Azərbaycanda görmür.
Bir yazıçı dostum var. Məndən yaşca xeyli böyükdür. Demək olar oğlu ilə yaşıdam. Uşaqlarının ikisi də Almaniyada oxuyur. Dörd-beş dil bilir. Bakıda ər-arvad ikisi qalıblar. Oğlunun şəklini göstərir. Deyir, idmanla məşğuldur. Hərdən zarafatca mənə deyir, səni bir yumruğa sərər.
Doğrudan da mən nə qədər ata tanıyıram ki, orda-burda fəxrlə danışır ki, oğlum güləşə gedir. Əvvəl belə valideynlərə gülsəm də yaşa dolduqca onları anlamağa başladım. Çünki Azərbaycanda mənəvi yolla qələbə qazanmaq mümkün deyil. Gərək kimisə yerə yıxıb şillə-təpiyin altına salasan, ağzını-burnunu əzib, sir-sifətini qana boyayasan ki, sənə hörmət eləsinlər, səni sevsinlər, sənin gücünə inansınlar.
Şəxsən mən də heç vaxt istəmərəm övladlarım incəsənət adamı olsun. O qədər əsəbi və gərginəm ki, evdə bir yaş üç aylıq oğlumun əlində qələm görəndə cin təpəmə vurur. Qələmi əlindən alıb tullamaq istəyirəm. Axı qələm onun nəyinə lazımdır? Niyə idmanla məşğul olmasın? Niyə gedib iqtisadiyyatla, bizneslə maraqlanmır? Niyə Neft Şirkətində işləməsin? Niyə bir nazirlikdə şöbə müdiri olmasın?
Arzum budur oğlum polis rəisi olsun. Rəis ola bilmir, heç olmasa adicə polis olsun. Qabağına çıxanla şillə-təpik, yumruq dilində danışsın. Bir qram hissi, duyğusu olmasın. Ürəyi nə qədər istəyir araq içsin, sonra da qarnında nağara çala-çala, hırıldaya-hırıldaya çıxıb getsin evinə-eşiyinə. Daha mənim kimi yüz qramdan sonra Səməd Vurğunun Məhəmməd Əmin Rəsulzadəni təhqir etdiyi misraları yadına salıb ağlamasın. Daha mənim kimi Vaqif Bayatlıdan, Nazim Hikmətdən misralar deyib kövrəlməsin.
Zarafat eləmirəm, oğluma oyuncaq alanda seçirəm, qəsdən elələrin alıram ki, onun xarakterində vəhşilik əmələ gətirsin. Oyuncaq silahlar alıram ki, qoy indidən məşq eləsin, əlləri öyrəşsin. Uşağa indidən yumruq sıxmağı, təpik atmağı öyrədirəm. Ancaq bir şeyi səhv elədim ki, uşağın adını Barış qoydum. Çünki Barış adda polis olmur. Barış adda döyüşçü, hərbçi, müharibə qəhrəmanı da olmur.
Heç Barış adında şöbə müdiri də olmur.
Barış adında idmançı da təsəvvür eləyə bilmirəm.
Gərək uşağın adını Allahverdi qoyaydım...
Kəramət BÖYÜKÇÖL