Azərbaycan ən çox boşanan ölkələr sırasındadır

Mehriban Zeynalova: “Gənclər bir-birilərinə güzəştə getmək istəmirlər, ailədə baş verən çətinlikləri danışıqlar yolu ilə həll etməyi düşünmürlər”
Mətanət Əzizova: “Ərizə verənlər cəmiyyətdə olan dedi-qodulara, başqa məsələlərə qulaqlarını bağlayırlar. Təki onun problemi həll olsun”




Ailə quranda bəlkə də kimsə bir gün boşana biləcəyini ağlına gətirmir. Amma hazırda Azərbaycanda boşananların sayı əvvəlki illərlə müqayisədə çox artıb. Daha doğrusu, Azərbaycanda ailə institutu tənəzzülə uğrayıb, boşanmalar az qala adi hal olub. Hər gün kiminsə ayrıldığını və ya boşandığını eşidirsən. İnsanlar birgə yaşamağı bacarmayanda, artıq əvvəlki kimi dözümlülük nümayiş etdirmir, birdəfəlik ayrılırlar. Boşanmaların sayının durmadan artması isə artıq ölkə üçün bir problemə çevrilib.

Bir-biri ilə sözü çəp gələn ailələr üçün yeganə çıxış yolu boşanmaqdır. Halbuki həmin ailələrin əksəriyyəti böyük sevgi üstündə qurulub. Onlar yaxşı və pis gündə daim biri-birlərinin yanında olacaqlarına and içiblər. Yalnız bizdə deyil, dünyanın bütün ölkələrində boşanmaq adi hala, bəlkə də bir dəbə çevrilib. Bir zaman deyilən sözlər, içilən andlar hamısı unudulur. Bir anın içində bir vaxtlar xoşbəxtliyi ilə iftixar edən ailələr dağılır. Bütün bunların da bir səbəbi var. "Bir-birimizi başa düşə bilmədik. Azərbaycan ailələrinin sözün əsl mənasında, kabusuna çevrilən boşanmalarla bağlı açıqlanan rəqəmlərdən heyrətlənməmək olmur. Dövlət Statistika Komitəsinin boşanmalarla bağlı açıqlaması doğrudan da Azərbaycanda həyəcan təbili çalmağa əsas verir. Rəsmi statistikaya görə, 2013-cü ildə 11,7 min boşanma faktı qeydə alınıb. Təbii ki, 9 milyonluq bir ölkə üçün bu rəqəm kifayət qədər narahatlıq doğuran bir statistikadır.

Kənar müdaxilə, güzəştə

getməmək ailəyə zərbə vurur

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da ölkəmizdə boşanmaların sayının artmasından narahatlığını ifadə edib. O bildirib ki, bu tendensiya aidiyyəti orqanlar üçün "SOS” siqnalı olmalıdır.

Dağılan ailələrin sayının artması səbəblərinə toxunan ekspert deyib ki, Azərbaycan qadını boşanma barədə qərarını ən son mərhələdə verir: "Adətən, bizim ölkədə qadınlar ən çox iqtisadi cəhətdən asılı olurlar. Bizim qadınlar daha çox uşağa bağlı qalır və ömürlərinin axırına qədər ailə zorakılığına dözməli olurlar. Peşə bacarıqları, təhsilin olmaması, eyni zamanda, adət və ənənə, yəni "ölsən də orada qalmalısan” bu kimi hallar qadınların istəmədikləri ailələrini davam etdirməyə məcbur edir. Bundan başqa, ümumi cəmiyyət tərəfindən olan qınaqlar, əxlaqi dəyərlər, həm də peşəsi olmayan qadınların böyük əksəriyyəti sonda əxlaqsız yola əl atırlar, çünki bu, ən asan yoldur. Qayınana və digərlərinin müdaxiləsi də ailənin sonda dağılmasına gətirib çıxarır”.

Mehriban Zeynalova habelə vurğulayıb ki, ailələrin dağılmasının digər bir səbəbi gənclərin buna hazır olmamasıdır: "Azərbaycanın bölgələrində, xüsusilə şimal və cənubda, Quba-Qusar və Lənkəranda qızlar erkən yaşdan ərə verilir. Hələ həyatda bir çətinlik görməyən, bərkə-boşa düşüb, ondan çıxmağı bacarmayan qızlar 12-13 yaşlarından ərə verilirdi. Əslində ailə həyatına hazır olmamaq gənc qızın xörək bişirmək, ev yığışdırmağı bilməməsi kimi başa düşülməməlidir. Sadəcə olaraq, gənclər bir-birilərinə güzəştə getmək istəmirlər, ailədə baş verən çətinlikləri danışıqlar yolu ilə həll etməyi düşünmürlər”.

Ekspertin sözlərinə görə, Azərbaycanda qocalmış qızlar tendensiyası da var ki, bu, nəticə etibarilə uğursuz ailələrin sayının artmasına gətirib çıxarır: "Məsələn, valideyn deyir ki, təhsil almaqdansa, ərə getsən daha yaxşı olar. Bir çox ailələr qızlarına sərmayə qoymağı, yəni onlara təhsil verməyi istəmir. Düşünürlər ki, qızları çıxıb gedəcək, əldə etdiklərini başqasına xərcləyəcək. Digər bir məsələ isə qadınların sərbəst yaşamaq istəyidir. Tutaq ki, bəzi ailələr 25-30 ildən sonra dağılır. Yəni uzun müddət böyük iradə göstərən, müəyyən söz-söhbətlərə dözən qadın artıq uşaqları böyüdükdən, onları yerbəyer etdikdən sonra özünü azad etmək istəyir. Belə qadınlar hesab edir ki, artıq onlar azad yaşaya bilərlər. Missiyalarını başa vurublar və qarşıda maneə yoxdur”.

... bu evdən çıxırsansa,

artıq kəfəndə qayıda bilərsən

Qadın Böhran Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirib ki, ailədə boşanmaya adi keçimsizlik və ya xasiyyətlərin tutmaması yox, çox ciddi problemlər səbəb olur. Belə ki, ailədə keçimsizlik problemi ilə müraciət edənlərlə aparılan sorğulardan sonra məlum olur ki, boşanmaq istəyinin arxasında daha ciddi səbəblər durur: "Xasiyyətimiz uyğun gəlmir”, sözlərinin arxasında çox ciddi bir problem ola bilər. Döyülmələr, söyülmələr və daha neçə-neçə problemlər. Bu gün boşananlar artıq zorakılığa dözmürlər və boşanırlar. Bəzən deyirlər ki, ailədə çox ciddi problemi olmaya-olmaya boşanırlar. "İki günün gəlinidir, gedib məhkəməyə ərizə verir”- deyirlər. Bizdə ailədə, cəmiyyətdə uşaqlar, xüsusilə də qızlar elə tərbiyə olunur, elə ab-hava yaranır ki, boşanmağa ayıb bir şey kimi baxırlar. Əsasən də qadınların boşanması faciə hesab olunur. Qıza deyirlər ki, bu evdən çıxırsansa, artıq kəfəndə qayıda bilərsən və s.”

M.Əzizovanın sözlərinə görə, əgər qadın məhkəməyə boşanmaq üçün ərizə verirsə və yaxud da polis orqanlarına ərizə ilə müraciət edirsə, bu həqiqətən də ciddi bir problemin olmasının göstəricisidir: "İndi artıq əvvəlki kimi deyil. Ərizə verənlər cəmiyyətdə olan dedi-qodulara, başqa məsələlərə qulaqlarını bağlayırlar. Təki onun problemi həll olsun. Bəzi problemlər var ki, onları vaxtında həll etmək mümkün ola bilər”. Mərkəz rəhbəri onu da bildirib ki, müxtəlif reabilitasiya mərkəzlərinin sayı çox olsaydı, qadın komitələri həqiqətən də problemlərin həllinə istiqamətlənsəydi və yaxud da ki, məktəb psixoloqları vəzifəsini yerinə yetirsəydi, bəlkə də boşanmaların da sayı azalardı: "Bizə müraciət edən üç ailədən birini qorumaq mümkündür. Bu onu göstərir ki, əgər ailədə problem varsa, onu həll etmək mümkündür. Çox vaxt deyirlər zorakılıq və ya boşanma bütün dünyada var. Doğrudur, bu belədir. Amma elə ölkələr var ki, orada ailənin dağılmasının qarşısını almaq üçün çoxlu vasitələr var. Bu gün Azərbaycanda ailələr tanıyıram ki, onların problemlərinin həlli üçün heç bir vasitə tapa bilmirlər. Hüquq-mühafizə orqanları adətən ailə problemlərinə göz yumurlar, çox zaman ərizə qəbul olunmur. Məhkəmə sistemi daha çox işi tez həll etməyə çalışır. Ərizə daxil oldusa, tez işi boşama yolu həll etmək, təki iş məndən uzaq olsun, təki statistika korlanmasın prinsipi rəhbər tutulur. Yəni məhkəmə daha çox formal xarakter daşıyır. Yaxud da ki, qeyri-hökumət təşkilatları və ya kimsə problemlərlə bağlı maarifləndirmə kampaniyası aparır. Amma sırf məsləhətlər vermək, hansısa bir köməklik etmək ailə ilə işləməkdir. Bu sahədə QHT-lərin fəaliyyəti azdır. Bundan artıq vasitə yoxdur ki, qadın ailədə olan problemə görə ora müraciət etsin”.

Maddiyyatın mənəviyyatı önləməsi

ailə dəyərlərinin ölməsinə səbəb olur

Sosioloq Əhməd Qəşəmoğlu isə cəmiyyətdə bu kimi arzuolunmaz halların baş verməsinin, boşanmaların sayının artmasının əsas səbəbini maddiyyatın mənəviyyatı üstələməsində gördüyünü deyir: "Maddi amillərin mənəvi amilləri üstələməsi cəmiyyətdə bu kimi xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnir. Ailə hər zaman mənəvi dəyərlər üzərində qurulmalıdır. Mənəvi amillər güclü olduqda qurulan ailənin təməli də möhkəm olur. İnsanlar ruhən və mənən ailənin müqəddəsliyini qəbul etdikdə onun təməlləri də möhkəm olar. Ailəni bir qurum kimi qoruyub saxlayan mənəvi dəyərlərdir. Maddiyyatın mənəviyyatı önləməsi ailə dəyərlərinin ölməsinə səbəb olur. Belə bir cəmiyyətdə ailələrin dağılması qaçılmaz hal hesab edilir.

Sual oluna bilər ki, maddi sıxıntı hər zaman olub. 50-60-cı illərdə də bu belə olub. Lakin o vaxt maddi amillər mənəvi amillərin təsiri altında idi. Mənəvi amillər hər şeydən üstün tutulurdu. O zamanlar maddi sıxıntılar olsa da, ailədaxili ənənələrə görə ailə strukturu qorunur, bir o qədər də münaqişə baş vermirdi. O zamanlar ailədaxili nizamı mənəvi amillər qoruyurdu. Lakin hazırkı dövrdə bu nizamı qoruyacaq mənəvi amillər üstün tutulmadığından müxtəlif münaqişələr, söz-söhbətlər yaranır. Ailədaxili münaqişələr cəmiyyətdə maddi amillərin təsiri altında baş verir. Birmənalı şəkildə deyə bilərəm ki, bu gün ailədaxili münaqişələrin, qətllərin, xəyanətin artmasının kökündə mənəvi amillərin arxa planda olması dayanır”.

Şəymən