Həqiqətlər açılır...

“10 ildir dediyimiz məsələlər artıq onların özləri tərəfindən də etiraf olunur”


Son günlər AXCP və Müsavat arasında yaranmış qarşıdurma o həddə çatıb ki, onlar nəinki həyatda olanlardan, hətta dünyasını dəyişən insanlardan da biri-birlərinə qarşı istifadə etməyə başlayıblar. Hər iki tərəf qarşılıqlı ittihamlarda mərhum prezident Əbülfəz Elçibəydən, onun keçmişdə müxalifət nümayəndələri barəsində söylədiyi fikirlərdən istifadə etməkdədirlər. Tərəflər arasındakı davada Elçibəyin adının hallandırılması keçmiş cəbhəçilərin etirazına səbəb olub.

Mərhum prezidentin silahdaşları ittihamların Elçibəyin fikirləri əsasında aparılmasına narazılıq ediblər. Buna ilk reaksiya verən BQP başqanı, millət vəkili Fazil Mustafa olub. "Elçibəy kartından” istifadə etməyin doğru olmadığını düşünən deputat bildirib ki, problemlərin gələcəyə baxışla müzakirə olunması daha məqsədəuyğun olardı. Məsələyə münasibət öyrənmək üçün Elçibəyə yaxınlığı ilə tanınan siyasətçilərlə əlaqə saxladıq.

MDHP sədri, millət vəkili Fərəc Quliyev deyir ki, bu gün Elçibəyin dedikləri özünü doğrultduğu üçün ondan sitat gətirirlər: "Müəyyən müddət keçdikdən sonra həqiqətlər açılır. Tərəflər baş vermiş hadisələri ortaya qoyaraq biri-birlərini ittiham edirlər. 10 ildir dediyimiz məsələlər artıq onların özləri tərəfindən də etiraf olunur. Bir zamanlar Elçibəyə qarşı çıxanların bu gün ona istinad etməkləri o deməkdir ki, Elçibəy artıq mənəvi qələbə qazanıb”. F.Quliyev bütün hallarda hesab edir ki, siyasi şəxslər haqqında olan həqiqətlərin açılması və cəmiyyətə kimin-kim olmasının göstərilməsi önəmlidir: "Bu zaman Elçibəyin bir ölçü kimi götürülməsi normal haldır. Çünki o, milli-azadlıq hərəkatının lideridir. Sadəcə, tərəflərin siyasi mübarizədə onun adından sui-istifadə etmələrini və yalan demələrini doğru saymıram”.

KXCP sədri Mirmahmud Mirəlioğlu vurğulayır ki, ittihamlarda Elçibəyin adının hallandırılmaması yaxşı olardı: "Əlbəttə, bunu onlara irad tutmaq olar. Amma siyasət elə bir şeydir ki, burda heç kimə qadağa qoymaq olmur. Hər siyasətçinin öz yolu, üslubu var. Əgər bəziləri üçün sərhəd varsa, digərləri üçün hər şey mümkündür. Sadəcə, məsələnin bir tərəfi var, sağlığında bəyənmədikləri, qəbul etmədikləri insan bu gün onların xilaskarına çevrilib. Yenə də bütün hallarda ona üz tuturlar, döyüşəndə də, məğlub olanda da”.

M.Mirəlioğlu qeyd edib ki, Elçibəyin söhbətlərində hansısa insanla bağlı təhqiramiz bir şey olmayıb: "Hətta o, özünü təhqir edənlərlə bir masa arxasında oturub. Əlbəttə, hansısa tənqidi fikirləri ola bilər. Ancaq şəxsi müstəvidə keçmiş məsələləri gündəmə gətirməyi düzgün hesab etmirəm. Çünki vaxtı ilə bizə irad tutanlar indi özləri eyni şeylə məşğul olurlar. Amma buna baxmayaraq, Elçibəyin şəxsiyyəti, fikirləri, sözləri və nüfuzu bütün məsələlərin və adamların fövqündə durur. Ona görə də kiminsə narahatlığına ehtiyac görmürəm”.

İsmayıl