Gülər Əhmədova: “Dedim ki, yoldaşımın yanında məni həbs etməyin, nə istəyirsiniz, yazacağam”

«Bu gün düşdüyümüz vəziyyət həm qəlizdir, həm də ciddi»
Yazdım ki, nüfuzuma xələl gəlməməsi üçün Elşad Abdullayevin tələb etdiyi pulu hissə-hissə qaytararam


Ötən gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçən prosesdə sabiq deputatın vəkili Əfsər Talıbov bir neçə vəsatətlə çıxış edib. O, G.Əhmədovanın dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkili ilə yanaşı oturmasını istəyib.

Hakim İ.Murquzov isə deyib ki, G.Əhmədovanın mühafizəsi və təhlükəsizliyi ilə Penitensiar Xidmət məşğul olur: «Təhlükəsizlik və mühafizə məqsədilə bu vəsatət təmin olunmur».

G.Əhmədova isə öz növbəsində dəmir barmaqlıqlar arasına salınmasının ona psixi təsir forması olduğunu bildirib: «Bakı İstintaq Təcridxanasında dələduzluqda təqsirləndirilən kifayət qədər xanım var. Onların heç biri məhkəmədə dəmir barmaqlıqlar arasına salınmır. Mən hər vəziyyətdə dövlətçiliyi dəstəkləyən adamam. Burda əyləşənlər dostlarım və ailə üzvlərimdir. Biz Avropa Konvensiyasına uyğun olaraq bu vəsatəti qaldırırıq».

Hakim isə bu vəziyyətin daha məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

«Bunu ölənə kimi deyəcəyəm»

Vəkil Ə.Talıbov prosesdə audio və videoyazılışın aparılması barədə də vəsatət qaldırıb. G.Əhmədova isə deyib ki, birinci instansiya məhkəməsi zamanı mətbuatda bəzi yanlış məlumatlar yer alıb: «Jurnalistlər nə eşidirdilərsə, onu yazdıqlarını deyirdilər. Bu məsələ ictimaiyyətin marağındadır. Xahiş edirəm, çəkiliş aparılmasına müsbət cavab verilsin. Burda gizli nəsə danışmırıq».

Hakim İ.Murquzov bu məsələnin məhkəmənin səlahiyyətində olduğunu söyləyib: «Müxbirlərin dəftəri, qələmi var, yaza bilirlər. Bunu şouya çevirməyə ehtiyac görmürəm. Hər bir şəxs vicdanla yazsın, başqa cür təqdim etməsin. Bizim qərarımız budur ki, nə indi, nə sonrakı proseslərdə audio və videoçəkilişə icazə verilməsin».

Sonra məhkumun vəkili birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmadığını əsas gətirərək, prosesin istintaqla aparılması barədə vəsatət verib. G.Əhmədova isə müdafiəçisinə məhkəmədə super aktivliyə ehtiyac olmadığını təlqin etdiyini deyib: «Elşad Abdullayevin zərərçəkən kimi tanınmaması və mülki iddiasının təmin olunmamasına görə mən çox rahat idim ki, bu işə xitam veriləcək. Bu gün düşdüyümüz vəziyyət həm qəlizdir, həm də ciddi. Mən burada olmağıma baxmayaraq, hansı qərar verilməsindən asılı olmayaraq, Azərbaycan dövlətçiliyini müdafiə edib, dövlətçiliyə xidmət etməyə hazıram. Bunu ölənə kimi deyəcəyəm».

«Yazdım ki, nüfuzuma xələl gəlməməsi üçün Elşad Abdullayevin tələb etdiyi pulu hissə-hissə qaytararam»

G.Əhmədova həmçinin müstəntiqin məhkəməyə gəlməsini də xahiş edib: «Ondan soruşmaq istəyirəm ki, hansı təxirə salınmaz hala görə xəstə adamı iki gün saxlayıb gecə vaxtı ifadəsini alırdılar. Mən heç kimdən pul almamışam və aldatmamışam. Dedim ki, yoldaşımın yanında məni həbs etməyin, nə istəyirsiniz, yazacağam. Sonra da yazdım ki, nüfuzuma xələl gəlməməsi üçün Elşad Abdullayevin tələb etdiyi pulu hissə-hissə qaytararam. Amma bu yazdıqlarımı mətbuatda bəzəyib, başqa cür təqdim etdilər. Mən ABŞ səfirliyinə, başqa beynəlxalq təşkilatlara teleqram vurmuşam ki, prosesə gəlsinlər. Görək, hansı əsaslarla məni cinayətkar adlandırırlar? Bəzi jurnalistlər «Gülər parlamenti», «Mandat alveri» yazıb pul qazanırlar. Onlara ayıb olsun. Burada təkcə insan həyatından yox, dövlətçilikdən də söhbət gedir.

Mən sübut etməliyəm ki, günahsızam. Tarix onsuz da bəraətimi verəcək. Sizdən xahiş və tələbim odur ki, şəriət məhkəməsi yox, qanunvericiliyə əsaslanan məhkəmə prosesi keçirilsin».

Bundan sonra prosesdə fasilə elan edilib.

«Prokuror da, məhkəmə də, ictimaiyyət də çox gözəl bilir ki, mən pul almamışam»

Günün ikinci yarısında məhkəmə prosesi davam etdirilib. G.Əhmədovanın vəkili hüquqlarını müdafiə etdiyi şəxs barəsində cinayət işinə xitam verilməsi və ittiham hökmünün ləğv edilməsi haqqında vəsatət qaldırıb.

G.Əhmədova isə Azərbaycan məhkəmələri, hüquq-mühafizə orqanları barəsində xoşagəlməz sözlərin deyilməsini istəmədiyini söyləyib: «Prokuror da, məhkəmə də, ictimaiyyət də çox gözəl bilir ki, mən pul almamışam. Amma həmin vaxt elə bir ajiotaj qalxdı ki, pul vermək məsələsi bir kənarda qaldı. Ayxan Məmmədov (bu olaylarda adı keçən, Türkiyədə vəfat etmiş Sevinc Babayevanın oğlu – A.B) məndən iyirmi min manat borc almışdı. Düşdü ortaya ki, həmin pulu qaytarmasın. O elə bir oyun çıxardı ki, hamı elə bildi, mən qatiləm. Necə ola bilər ki, ali qurum olan məhkəmə əsli olmayan sənədi əsas götürüb mənim həbsimə qərar verir? Mən demirəm ki, mənə iş verməsinlər. Buyursunlar, əgər hökm çıxarılmalıdırsa, çıxarılsın. Mən qorxmuram. Amma bütün bunlar qanunla olsun. Mən on iki il çıxış etmişəm ki, Azərbaycan məhkəmələri qanuni hökm çıxarır, qanunsuz heç nə yoxdur. Axı bu hökm qanunsuzdur. Mənim 12 illik fəaliyyətim heçə gedir axı. Hakimlər gəlib parlamentdə and içirlər, biz səs vermişik ki, bu adamlar qanunla fəaliyyət göstərirlər».

«Demokratiyanın beşiyi olan Avropa bir cinayətkarı ölkəsində saxlamaz»

Vəkil Ə.Talıbov E.Abdullayevin yaydığı videonun sübutlar siyahısından çıxarılması, S.Babayevanın yazdığı mesajların sübutlar siyahısına daxil olunması, əlavə şahidlərin dindirilməsi, G.Əhmədovanın istintaq zamanı verdiyi ifadənin tam mətninin elan olunması və sübutlar siyahısından çıxarılmasının müzakirə edilməsi, E.Abdullayevin gətirilərək ifadəsinin alınması barədə vəsatətlər qaldırıb.

Vəsatətdən sonra sabiq deputat bildirib ki, onun həbsdən əvvəl hansı fəaliyyəti göstərməsindən hər kəsin xəbəri var: «O vaxt dedim ki, imkan verin, gedim Fransada E.Abdullayevin məsələsini qaldırım. Onun üstündə bir neçə cinayət işi var. Demokratiyanın beşiyi olan Avropa bir cinayətkarı ölkəsində saxlamaz. E.Abdullayev, sən ömür boyu YAP-ın üzvü, imkanlı adam olmusan. İndi necə oldu ki, siyasi mühacir oldun?».

Vəkil isə olaylarda adı çəkilən Səlcuq Ağlayanın və Ayxan Məmmədovun Türkiyə məhkəməsində verdikləri ifadələrin sübutlar siyahısına daxil edilməsi, S.Babayevanın Türkiyədə olarkən Azərbaycanın prokurorluq orqanlarına ünvanladığı müraciətin sübutlar siyahısına əlavə olunması barədə də vəsatətlər qaldırıb. Hakim vəsatətlərin çox olduğunu əsas gətirərək, prosesin bu günə təxirə salındığını elan edib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Anar Bayramoğlu