«Buna şübhəniz olmasın…»

Məmməd Süleymanov: «Hər iki partiya rəhbəri bundan sonra da biri-birlərinə əl uzadacaqlar, biri-biri ilə döyüşəcəklər»
Artıq qərbin yeni və gənc nəsillərlə güclü kontaktları yaranıb. Amma müxalifətdə kök salmış adamlar postlarını təhvil verib getmək istəmirlər

Müsavatın Milli Şuranı tərk etməsi ilə özünün yarımcan halını yaşayan qurum daxilində növbəti gərginlik yaşanır. Şuranın sonuncu sessiyasında müşahidə olunan qalmaqallar sonrakı günlərdə də sərt ittihamlarla davam etməkdədir. Qurum üzvləri biri-birini xarici kəşfiyyata işləməkdə, separatçılıqda ittiham edirlər. Mövcud durumu şərh edən siyasilər müxalifət düşərgəsində durumun son dərəcə acınacaqlı olduğunu deyirlər. Qurumun perspektivinə inanmayan bəzi analitiklər isə ümumiyyətlə şuranın birdəfəlik buraxılmasını, ən yaxşı halda isə adının dəyişdirilməsini tələb edirlər. Bu dəfə müxalifət düşərgəsində baş verənlər, xüsusən də Milli Şurada yaşananlar barəsində suallarımızı tanınmış jurnalist, solçu "Solfront” təşkilatının üzvü Məmməd Süleymanov cavablandırıb.

- Məmməd bəy, bir az əvvəldən başlayaq. Müsavatın Milli Şuranı tərk etməsindəki əsas səbəb nə idi?

- Səbəb sadəcə siyasi ambisiyadır. Müsavat başqanı İsa Qəmbər qurumda özünü əvəzedilməz fiqur kimi görmək istəyirdi. Bu istək alınmadığı üçün əvvəlcə R.İbrahimbəyovu vurub aradan çıxardılar. Amma C.Həsənli ilə bacarmadılar. Buna görə də son çarə kimi şuradan çıxmaq qərarına gəldilər. Yəni Müsavatın şuradan getməklə bağlı göstərdiyi səbəblərin heç biri doğru deyil. Bunlar bəhanələrdir. Müsavat ortaya dedi-qodu xarakterli də olsa, cəmiyyət üçün yeni heç bir fakt qoya bilmədi. Müsavatın AXCP sədri Əli Kərimliyə qarşı ünvanladığı suçlamalar artıq 15 ilə yaxındır hamıya bəlli olan məsələlərdir. Bunlar indi ortaya çıxmayıb. Adamdan soruşarlar ki, əgər sən AXCP barəsində söylədiyin ittihamları elə əvvəldən də bilirdinsə, onda niyə cəbhəçilərlə 10 dəfə ittifaqa girirdin? İndi müşahidə etdiyimiz mənzərə müəyyən mənada söz-söhbəti, qeybəti siyasi platformaya çevirməyin əfəl cəhdidir. Ancaq burda bir şey var. Ənənəvi Azərbaycan müxalifətində hər zaman əndazəsiz ambisiyalar olub. Ən təhlükəli isə odur ki, ortada bölünəsi şey nə qədər azdırsa, ambisiyalar da bir o qədər böyük olur.

- Müsavatın qurumu tərk etməsindən sonra bu partiya ilə AXCP arasında biri-birinə qarşı çox kəskin ittihamlar səsləndirildi. Biri-birinə qarşı düşmən mövqedə çıxış edən iki əsas müxalif partiyanın yenidən hansısa formada bir araya gəlməsi reallaşacaqmı?

- Xatırlayırsınızsa, bir müddət əvvəl iki təşkilatın vahid partiyada birləşmək təklifi var idi. O zaman yazılarımdan birində qeyd etmişdim ki, AXCP və Müsavat heç zaman birləşməyəcək. Çünki İsa Qəmbər özünə rəqib, müttəfiq istəmir. Onda məni tənqid atəşinə tutdular. Düz 15 ildir bu həqiqətləri dediyim üçün məni tənqid edirlər. Ancaq indi baş verən hadisələrə reaksiya vermirəm. Ona görə ki, vaxtı ilə məni tənqid edənlərin özləri indi müxalifəti tənqid edir. Yəni çox gülünc bir situasiya yaranıb. Amma bir məsələni qeyd edim ki, sözügedən iki partiyanın birləşməsi mümkün olmasa da, onların zaman-zaman ittifaq edəcəkləri istisna deyil. Hər iki partiya rəhbəri bundan sonra da dəfələrlə biri-birinə əl uzadacaq və dəfələrlə biri-biri ilə döyüşəcəklər. Buna şübhəniz olmasın. Çünki həmin qruplar üçün ortada heç bir dəyər anlayışı yoxdur. Burda söhbət həm əxlaqi, həm də siyasi əxlaqdan gedir. Bunlar olmadığı üçün də Müsavat və AXCP aralarında hansısa qalmaqal baş verməsindən asılı olmayaraq gələcəkdə bir araya gələcəklər. Bu, absurd janrın növbəti seriyasıdır. Çox təəssüf ki, Azərbaycanın ənənəvi müxalifəti siyasi səhnəni komediya və kulonluqla səhv salıb. Amma onların rejissoru da, ssenariləri də çox zəifdir. 20 ildir səhnədə olan bu adamlar bir dəfə də olsun milli ideologiya üzərində fikirləşməyib. Hansı dəyərlərdə fərqli, hansılarda eyni olduqlarını düşünməyiblər. Əksinə, biri-birini hakimiyyətlə kompramisə getməkdə ittiham edərək keçmiş səhifələri vərəqləyiblər. Görünür, bu məzhəkə hələ çox davam edəcək.

- Müsavatsız qalan Milli Şura toparlanmağa çalışsa da, hər sessiyada yeni qalmaqallar ortaya çıxır. Qurum üzvləri biri-birini kobud dillə ittiham edərək, biri-birlərini agentlikdə, xaricə işləməkdə suçlayırlar. Bu qədər ziddiyyətli bir qurumun siyasi perspektivinə ümid etmək olarmı?

- Milli Şura yarandığı ilk gündən ölü, ən yaxşı halda isə xəstə, qüsurlu doğulan bir qurum idi. Ona görə də yetkinlik yaşına çatmadan ölməliydi. Özünüz baxın, burada təmsil olunan adamlar tamamilə biri-birinə zidd, heç bir ideoloji dəyəri olmayan, dəfələrlə mövqe dəyişmiş, ən ağır formada biri-birini söymüş personajlardır. İ.Qəmbəri, Ə.Kərimlini və bir neçə adamı çıxmaq şərtilə yerdə qalanlar Azərbaycan siyasətinin kulonlarıdır.

- Müxalifətin yeniləşməsinə, gəncləşməsinə ehtiyac varmı?

- İndi ən çirkin şəkildə biri-birini ittiham edən fiqurlar ənənəvi müxalifəti nümayiş etdirirlər. Çünki hələ o təfəkkürdən qurtula bilməyiblər. Ancaq hazırda siyasi səhnədə baş verənlər ənənəvi müxalifəti silməyə yönəlib. Çünki nə qədər qərbə ənənəvi müxalifət lazım idi, iqtidar da bu cür müxalifətin vitrin kimi üzdə qalmasına maraq göstərirdi. Amma artıq indiki müxalifət qərb üçün də, hakimiyyət üçün də maraqlı deyil. Əslində indi özlərini müxalifət adlandıranlar siyasi səhnəni 2003-cü ildə tərk ediblər. Sadəcə hələlik Azərbaycanda alternativ müxalifət görməyən qərb səbr edir və burada öz neoliberalizm qolunu yetişdirməyə çalışır. Artıq qərbin yeni və gənc nəsillərlə güclü kontaktları yaranıb. Amma müxalifətdə kök salmış adamlar postlarını təhvil verib getmək istəmirlər. Çünki onların görə biləcəyi başqa işləri yoxdur. Ona görə də, qərbə yalvarırlar ki, "nə olursa-olsun, bizi saxlayın”. Müsavat da şuradan çıxmaqla elə fikirləşir ki, onlar qalacaq, yerdə qalanlar isə tarixə gömüləcək. Yox, elə olmayacaq, Müsavat da gedəcək.

- Əgər müxalifətin gəncləşməsi prosesi baş verərsə, yeni nəsil həqiqi müxalif birliyin yaradılmasına nail ola biləcəkmi?

- Bu və ya digər şəkildə müxalifət birlikləri formalaşacaq. Ancaq onların heç biri həqiqi birlik olmayacaq. Müəyyən müddətdən sonra həmin gənc nəsil də qərbə xidmət edəcək. Çünki yeni və gənc olsalar da, ortaya hansısa müasir ideya qoya bilməyəcəklər. Proses elə bu cür də davam edəcək. Ümumiyyətlə, bir şeyi yadda saxlayaq ki, qərbə işləyən, qərbə inteqrasiyadan, onların dəyərlərindən danışan heç bir qüvvə həqiqi müxalifət ola bilməz.

İsmayıl