Əli bəy Hüseynzadə mükəmməl bir tarixdir

Nizami Cəfərov: «O, elə bir şəxsiyyətdir ki, onun adına yaradılacaq elmi mərkəz paytaxtda fəaliyyət göstərməlidir»

2014-cü ilin fevral ayında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist, ideoloq Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi tamam olur. Tanınmış ictimai xadim Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə, anası Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Tiflis gimnaziyasını bitirib (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub. Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiyada baş verən qeyri-sabitlik səbəbindən Əli bəy Hüseynzadə Türkiyənin İstanbul şəhərinə gəlir. Burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində dərs almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, «Qırmızı Aypara» Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq, müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və Tərəqqi" Partiyasının ilk özəyini yaradanlardan biri olduğundan, təqib olunur.

Siyasi məsələlərdə Əli bəy Hüseynzadə milli amili və islahatçılığı ön plana çəkmiş, fəlsəfədə, ədəbi-tənqid və estetika məsələlərində də milli ideologiyanın irəli sürülməsinin tərəfdarı olub. Bütün fəaliyyəti boyu o, "türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını əsas hesab etmiş, Azərbaycan dilinin və ədəbiyyatının tərəqqisi üçün yollar axtarmış, çox qiymətli fikir və təkliflər irəli sürmüşdür. "Molla Nəsrəddin” jurnalının nəşrini mühüm ədəbi-ictimai hadisə hesab etmiş, Sabirin şairlərinə, M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin, eləcə də digər şair və yazıçıların ədəbi fəaliyyətlərinə yüksək qiymət vermişdir. Ömər Xəyyamdan, V.Şekspirdən, Y.V.Hötedən, Q.R.Derjavindən və başqalarından qiymətli tərcümələr edib. Böyük şəxsiyyət kimi xatirələrdə, yaddaşlarda yaşayan Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbul şəhərində vəfat edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən

görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək və sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ölkə başçısının sərəncamını yüksək və vaxtında atılmış addım kimi dəyərləndirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili, akademik Nizami Cəfərov da bu istiqamətdə görüləcək hər hansı işin müsbət nəticələri olacağını bildirib.

Əli bəy Hüseynzadə azərbaycançılıq ideologiyasının banilərindən biri, hətta birincisidir. Bu ideyanı ilk dəfə formulə etmiş bir şəxsiyyətdir. Əli bəy təbiəti etibarilə təkamülçü filosofdu. Əli bəy özlüyündə mükəmməl bir tarixdir. Türk dünyası üçün böyük bir hadisədir. Təsadüfi deyil ki, «türkləşmək, islamlaşmaq, avropalaşmaq» formulunun türk milli-ideoloji-fəlsəfi fikrinə aşılanması ilk olaraq Əli bəyin adı ilə bağlıdır. O, bu üçlük şüarı ilə azərbaycançılığın tərkibini müəyyən edən bir şəxsiyyətdir. Türküçülük ideyasının yayılması, millətin özünü dərk eləməsində müstəsna əməkləri olub. O, hər zaman ideologiyasına da sadiq olub. Əli bəy Hüseynzadənin digər ideoloqlardan üstün cəhəti odur ki, o, üsyankar olmayıb. Heç vaxt siyasi münaqişələrdə iştirak edib də mənasız söz- söhbətlərə aludə olmayıb. O daha çox intellektual ziyalı mövqeyini tutub. Çox gözəl rəssam, istedadlı həkim olub. Yəni, Əli bəy nəhəng bir insandır. Əvəzsiz şəxsiyyətdir. Təsəvvür edin ki, hətta İstanbulda onu mühakimə ediblər, məhkəmə onu zaldan azad etməli olub və o, alqış sədaları altında məhkəmə zalını tərk edib. Yəni, Əli bəy nəhəng bir insandır.

Əli bəy Hüseynzadənin mənsub olduğu nəsil, ümumiyyətlə, çox istedadlıdır, görkəmli bir nəsildir. Əli bəyin babaları Qafqazın şeyxülislamı olub. Ömrünün qalan hissəsini Türkiyədə yaşayan Əli bəy Hüseynzadə orada da çox böyük nüfuz sahibi olub.

Əfsuslar olsun, keçmiş Sovetlər dövründə Əli bəy Hüseynzadə diqqətdən kənarda qalıb, ona düşmən gözü ilə baxılıb. Ancaq nə yaxşı ki, haqq-ədalət öz yerini tapdı və Əli bəyə layiq olduğu münasibət göstərilir. 150 illik yubileyinin xüsusi sərəncamla qeyd olunması onun ən doğal haqqıdır. Doğrudur, müstəqillikdən üzü bu yana Əli bəy Hüseynzadəyə heç vaxt biganəlik olmayıb. Onun haqqında geniş araşdırmalar yazılıb, əsərləri çap olunub. Ofeliya Bayramova "Füyuzat”ı tərcümə edib, Azər Turan Əli bəyin gözəl tədqiqatçılarındandı. Yəni, Əli bəy Hüseynzadə diqqətdən kənarda qalmayıb”.

Yubiley tədbirləri çərçivəsində görüləcək işlərə gəldikdə isə millət vəkili hesab edir ki, dahi ideoloqla bağlı Türkiyə və Azərbaycanda adına layiq tədbirlər keçirilməli, qiymətli əsərləri çox cildli nəşr olunmalıdır. Bununla yanaşı, akademik hesab edir ki, Əli bəy Hüseynzadə kimi nəhəng bir şəxsiyyətin adıyla bağlı paytaxtda elmi mərkəzin fəaliyyət göstərməsi də məqbul olardı: «Çox istərdim ki, Əli bəy Hüseynzadə haqqında qardaş ölkədə müəyyən tədbirlər keçirilsin. Həmçinin də paytaxtla yanaşı, onun vətəni olan Salyanda da bir sıra tədbirlər keçirilsin. Onun keçdiyi tərəqqi yolu gənclərə aşılansın. Ev muzeyi daha da abadlaşdırılsın və elmi-tədqiqat müəssisəsi səviyyəsinə gətirilsin. Adının əbədiləşdirilməsi üçün də şəhərin mərkəzi yerlərinin birində də ona abidə ucaldılmalıdır, ehtiram əlaməti olaraq. Dünyada Əli bəy Hüseynzadənin tanıdılması üçün müəyyən işlər görmək lazımdır. Əli bəy Hüseynzadə elə böyük miqyasda bir şəxsiyyətdir ki, onun adına yaradılacaq elmi mərkəz paytaxtda fəaliyyət göstərməlidir. İnanıram ki, Əli bəy Hüseynzadə kimi dahi bir şəxsiyyətin yubileyi lazımi səviyyədə qeyd olunacaq. Əli bəyin buna tam haqqı çatır».

Digər millət vəkili Sabir Rüstəmxanlı da ölkə başçısının böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı qərara aldığı sərəncamın alqışalayiq olduğunu deyib: «AXC lideri Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı verilən sərəncamın verilməsindən sonra Azərbaycanın müstəqillik tarixinə, milli məfkurəmizin dünyada yayılmasına böyük töhfələr verən, Azərbaycanda və Türkiyədə milli ideologiyamızın yaradıcılarından olan Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı belə bir sərəncamın verilməsi onun xatirəsinə hörmətdir. Çünki bu gün daşıyıcısı olduğumuz azərbaycançılıq ideologiyasının təməlində İsmayıl bəy Qaspralı, Həsən bəy Zərdabi kimi insanlarla yanaşı, Əli bəyin də müstəsna xidmətləri olub. Milli kimliyimizin özünü təsdiqində Qaspralının «dildə, fikirdə və əməldə birlik» şüarı ilə yanaşı, Hüseynzadənin «türkləşmək, islamlaşmaq, avropalaşmaq» şüarı da əsas rol oynayıb. Fərq o idi ki, Qaspralı milli ideologiyanı qəzetdə, Əli bəy Hüseynzadə isə praktikada göstərirdi. «İttihad və Tərəqqi»nin Türkiyədə yaranması da Türkiyədə çağdaş mətbuatın yaranmasına çox böyük köməklik edib. Təsadüfi deyil ki, dövrünün türk ziyalıları, tələbə yoldaşları onu dövrümüzün Rəsulu deyə çağırırdılar. Hətta onun 1910-cu ildə Azərbaycandan köçməsi bizdə matəm, Türkiyədə isə bayram kimi qarşılandı».

Ə.Hüseynzadəni təkcə Azərbaycan deyil, Türkiyə və bütövlükdə Şərq dövlətlərinin tarixində mühüm rol oynayan şəxsiyyət kimi dəyərləndirən Sabir Rüstəmxanlının sözlərinə görə, bu cür dahi şəxsiyyətin yubileyinin yüksək səviyyədə qeyd olunması hər bir azərbaycanlı tərəfindən sevinclə qarşılanmalıdır. «Hesab edirəm ki, bütün ictimaiyyət xadimləri, siyasi partiyalar, elmi institutlar yubiley ərəfəsində ciddi fəallıq göstərəcəklər. Eyni zamanda Əli bəy Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də dövlət tərəfindən lazımi addımlar atılacaq. Türkiyədə olduğum zaman dostlarla söhbət əsasında məlum oldu ki, Əli bəy Hüseynzadənin qəbri hələ də məlum deyil. Onun hansı qəbiristanlıqda dəfn olunduğunu bilsələr də, konkret məzarını tanıyan yoxdur. Məncə, onun məzarının axtarılması ilə bağlı konkret işlər aparmaq lazımdır. Çox istərdim ki, yubiley çərçivəsində dövlət bu məsələyə diqqət ayırsın. Yəqin ki, onun məzarının yerini təxmini bilən adamlar var. Hər halda 76 illik şərəfli ömrünün yarım əsrdən çoxunu türklüyün, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli istiqlal mücadiləsinə həsr etmiş bir xadimin məzarının götürülməsi dövlət əhəmiyyətli bir məsələdir».

Şəymən