«PAYTAXTDA DA VƏZİYYƏT ÜRƏKAÇAN DEYİL»

Hədiyyə Şəfaqət: «İnsan daxilən azad olarsa, o zaman əyalətdə və ya mərkəzdə yaşamanın fərqi yoxdur»


Gec bir zamanda qapım döyüldü:
- Kimdir?
- Mən - söylədi.
Qapını açdım. Doğrudan da o idi...
- Niyə belə gec gəldin?
Başını buladı, baxışlarını gizlətməyə çalışdı, amma bacarmadı, axı o Tanrı idi, həqiqətin özü idi:
- Əliboş gəlmək istəmirdim, amma sənin arzuladığın şeyləri tapammadım...
Bu adı çox insana tanış olmayan, ədəbi yaradıcılıqla məşğul olsa da, ədəbiyyatda isminə demək olar ki, rast gəlinməyən və ya az rastlanan bir çox şeirlər müəllifi Hədiyyə Şəfaqətə məxsusdur. Bu qısa, maraqlı və məzmunlu hekayəni «kulis.az» saytının həyata keçirdiyi «Ən qısa hekayə» müsabiqəsinə təqdim etmədi. Sadəcə, «facebook» sosial şəbəkəsində status şəklində paylaşım etdi. Və sözügedən hekayə sosial şəbəkədə böyük polemikaya səbəb oldu. Mübahisəyə səbəb isə Hədiyyə Şəfaqətin qısa hekayədəki Tanrının onlara qonaq gəldiyini qeyd etməsi idi. Bunun mümkün olmadığını deyən bəzi dindar kəsim yazar xanımı tənqid etdilər, hətta təhqirə də keçənlər oldu. Elə bu statusdan, oradakı polemikalardan sonra xanımla söhbətləşmək, ədəbiyyat haqqında fikirlərini bilmək istədim.
Qeyd edim ki, H.Şəfaqət Şəki şəhərində yaşayır. Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsində təhsil aldığı üçün mütəmadi olaraq paytaxta gəlir. Elə Bakı səfərinin birində şairə ilə görüşüb söhbətləşmək imkanı əldə etdik.
Hər kəsə aydındır ki, Azərbaycanda qadınların ədəbiyyatla məşğul olması, şeir, hekayə yazması elə də asan məsələ deyil. Amma əyalətdə yaşayan bir xanımın yaradıcılıqla məşğul olması daha da çətindir. Buna rəğmən H.Şəfaqət ədəbi fəaliyyətini davam etdirir. Elə söhbətə də «facebook»da paylaşdığı qısa hekayə və onun ətrafında gedən polemikalarla başladıq…
- Həmin o polemikadan ortaya maraqlı nəticə çıxdı. Göründüyü kimi bizim bəzi dindarlar ümumiyyətlə mütaliə ilə məşğul olmurlar. Dini kor-koranə şəkildə qavrayırlar. Nəinki dünyəvi kitablar, heç dini kitabları da oxumurlar. Bilirsiz, bizim millət yaradıcıdır. Yaxşı-pis, yaratmağı bacarırıq. Amma yaradıcılıqda fərqlilik qəbul edilmir. Sən belə yaza bilməzsən, bunu ifadə edə bilməzsən sindromu var. Həmin o qısa hekayədə mən sadəcə olaraq daxilimdən gələn bir hissi yazmışdım. Amma görürsüz də, 20 yaşında, dini savadı az olan bir qız hansı reaksiyanı verdi, hansı tərbiyəni nümayiş etdirdi. O məni faktiki olaraq təhqir etdi. Bizim fərqli düşüncəyə yanaşmamız bax budur. Mən hər kəsi nəzərdə tutmuram. Amma dediyim kimi, insanların sayı təəssüf ki, çoxdur. Adama deyərlər, Tanrı ilə mənim arama niyə girirsən axı. İnanclı insanlara böyük hörmətim var. Ətrafımda inanclı olan şəxslər var. Onlarla ünsiyyətdə nə mən, nə də onlar narahatlıq keçirirlər. Amma cahilliyi qəbul edə bilmirəm. O qısa hekayədə Tanrı haqqında yazdığımı dərk edən inanclı insanlar oldu. Hətta bunu təqdir də etdilər. Amma «Bizə gələn Tanrının özü idi» cümləsinə görə, məni təhqir edən şəxs, sadəcə cahil idi. İnsan gücsüz olan zaman təhqirə keçir. Görünür, məni söyən gücsüz idi.
- Hazırda nə yazırsız?
- Hazırda hekayələr yazıram, onların üzərində işləyirəm. Amma «facebook»dan, statuslarımdan görünən odur ki, hekayədən çox şeirlər yazıram. Bu günlərdə mənim 1994-cü ildə yazdığım şeiri sosial şəbəkədə paylaşıblar. İnanın ki, mən həmin vaxtlar yazdıqlarımı unutmuşam. İndi ortaya çıxanda duyğulanıram. Özümü tərifləmirəm, amma baxıram ki, həmin o şeirlər normaldır, düşündürücüdür. İndi bizim yazarlarımız var ki, sözün üzərində işləyir, nəqqaş dəqiqliyi ilə yazır. Amma mənim yaradıcılığımda dağınıqlıq var. Yazıçılarımızın müsahibələrini oxuyanda görürəm ki, deyirlər, mətni əvvəlcədən düşündüm, bişirdim, sonra yazdım. Məndə də elədir, hekayələrimi o cür qələmə alıram. Mətni planlı şəkildə işləyirəm. Əvvəlcə hekayəni beynimdə qələmə alıram, yazmaq isə artıq mexaniki olur, beynimdən kağız üzərinə köçürürəm. Amma şeir yazmağım tamamilə başqadır. Şeirin ilk sözünü yazanda, arxasınca nəyin gələcəyini bilmirəm. Nəzm yazmaq ümumiyyətlə bir ilham məsələsidir. Nəsr yazmaq isə bir qədər çətindir. Əvvəlcə yazırsan, sonra redaktə edirsən, artıq ifadələri, sözləri çıxarırsan, bəzən hansısa lazım bildiyini əlavə edirsən. Bu isə zəhmət tələb edir. Şeir isə redaktəsizdir. Çox nadir hallarda yazdığım şeirin üzərinə qayıdıb redaktə edirəm. Şeirin ilk variantını redaktə edib nəyisə dəyişəndə, zənn edirəm ki, oradakı fikir dəyişir. Bəlkə elə deyil. Amma mən belə düşünürəm.
- Yəni sizin üçün şeir yazmaq daha asandır…
- Mən şeiri ruh halında yazıram. «Sevgilimin məzarı başında» adlı bir şeirim vardı. Kim oxuyurdusa, elə fikirləşirdi ki, mənim həyat yoldaşım həlak olub. Əslində isə heç nə baş verməyib. Sevimli həyat yoldaşım sağdır, birlikdəyik. Sadəcə, şeiri ruh halı ilə yazdığımdan, sevgilisinin məzarı başında dayanan insanın hisslərini yaşamışam. O zaman da bu şeir ərsəyə gəlib.
- Yəni belə bir pis hadisəni yaşamasanız da, duya bilirsiz…
- Elədir.
- Bəzi yazarlar deyirlər ki, yazdıqlarının 70-80 faizi öz həyatındandır, yaşadıqlarındandır. Yəni öz yaşadıqlarından kənar yazanda çətinlik çəkirlər. Amma sizdə görünür elə deyil…
- Yəqin ki, bu, məndə olan müşahidə qabiliyyəti ilə bağlıdır. Müşahidə qabiliyyətim güclüdür. Kiminsə yaşadığı həyatı müşahidə edirəm, ya hansısa hadisə ilə qarşılaşıramsa, o hadisəni dolğunluğu ilə yaza bilirəm. Məsələn, adicə «facebook»da kimlərinsə yazdıqlarını, şərhlərini oxuyuram, səbrlə sonunacan izləyirəm. Həmin şəxs artıq mənim hekayəmin və yaxud da şeirimin personajına çevrilir.
- Özünüzü azad qadın sayırsız?
- İnsan daxilən azaddırsa, o zaman problem yaşanmır. İndi Slavyan Universitetinin yaradıcılıq fakültəsində oxuyuram. Evimiz isə Şəkidədir. Bakıya gələndə bəziləri təəccüblə qarşılayırlar. «Ailəni qoyub gəlmisən?», «Yoldaşın heç nə demir» kimi suallar verirlər. Düşünmək olar ki, əyalətdə qadınların azad hərəkəti məhdudlaşdırılır. Mən razıyam bu fikirlə. Amma paytaxtda da vəziyyət ürəkaçan deyil. Mənə verilən suallar bunun sübutudur. İnsan daxilən azad olarsa, o zaman əyalətdə və ya mərkəzdə yaşamağın fərqi yoxdur. Ən önəmlisi isə yaradıcı adamı ətrafındakı şəxslərin başa düşməsidir, onu anlayışla qarşılamasıdır.
- Yəqin ki, yoldaşınız sizi anlayışla qarşılayır…
- Mən bu cəhətdən çox şanslıyam. Neçə illər idi ki, ümumiyyətlə, yaradıcılıqla məşğul olmurdum. Özümü övladlarıma həsr etmişdim. Amma yoldaşım hiss edirdi ki, məndə yaratmaq qabiliyyəti, yazmaq istəyi var. İnanın ki, özü mənə dedi ki, yaradıcılığınla məşğul olsan, daha yaxşıdır. İntellektli adamdır, mənim arxamda dayanıb, dəstək olur. Bu mənim üçün böyük şansdır, xoşbəxtçilikdir. Məni anlaması çox yaxşıdır. Bəlkə də buna görə daha da ruhlanıram, yaradıcılıqda addımlarımı sürətləndirirəm.