Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşlərdə iştirak edən azərbaycanlıların öldürülməsi ilə bağlı hər gün yeni xəbərlər yayılır. Çox təəssüf ki, Suriyada öldürülən muzdlu azərbaycanlıların sayı hər ötən gün artmaqdadır. Azərbaycan gənclərinin Suriyada "cihad” uğrunda ölməsi artıq dövlətin diqqət mərkəzindədir. Hər nə qədər aidiyyəti orqanlar problemin qarşısını almağa çalışsalar da, bunun heç də asan olmadığı dəfələrlə rəsmi şəxslər tərəfindən etiraf olunub.
Belə ki, araşdırmalar zamanı məlum olub ki, Suriyaya yollanan Azərbaycan vətəndaşları sərhədi keçmək üçün əsasən Türkiyə ərazisindən tranzit ölkə kimi istifadə edirlər. Türkiyədən Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarına qarşı mübarizə aparmaq isə mümkün deyil. Ən azından Azərbaycan tərəfi üçün bu çox mürəkkəb məsələdir. Lakin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycanda səfərdə olarkən bu məsələni qabartması problemin həlli istiqamətində yaşıl işıq yandırıb. Türkiyənin Azərbaycan vətəndaşlarının Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinə olduğunu vurğulayan Davudoğlu Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunları üzrə keçirilmiş mətbuat konfransında qeyd edib ki, əgər Azərbaycan Suriyada hərbi münaqişədə iştirak edən ölkə vətəndaşları ilə bağlı kəşfiyyat məlumatları təqdim edərsə, Türkiyə onların bu ölkəyə girişinin qarşısını ala bilər. Türkiyə XİN başçısı bildirib ki, Azərbaycan vətəndaşları Türkiyə ərazisi ilə sərbəst hərəkət edə bilərlər.
Politoloqlar isə hesab edir ki, azərbaycanlıların Suriyada döyüşməsinin qarşısını almaq üçün Türkiyənin Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlığı müəyyən töhfələr versə də, bununla Suriya "mücahid”lərinin qarşısını birdəfəlik almaq mümkün deyil
Politoloq, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, Türkiyə heç özünün Suriya ilə 9-11 kilometrlik sərhədinə tam nəzarət edə bilmir, azərbaycanlıların Suriyaya keçməsinin qarşısını necə alacaq?: "Davudoğlunun məsələyə diqqət ayırması təqdir olunandır. Ola bilsin ki, bu yolla Suriyada döyüşməyə Türkiyə ərazisindən tranzit ölkə kimi istifadə edən bir qism "mücahid”lərin qarşısını müəyyən mənada alsın. Amma problemin tam həlli mümkün deyil”.
Azərbaycanlıların Suriyaya getməsinin hər iki ölkə üçün çox böyük və ciddi məsələ olduğunu deyən millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, Suriyaya döyüşməyə gedən heç bir azərbaycanlı öz niyyətini açıq şəkildə bildirmir. Ona görə də Türkiyənin azərbaycanlıların Suriyada döyüşməsinin qarşısını tam şəkildə alması real görünmür: "Suriyada gedən vətəndaş və təriqətlərarası qarşıdurmaları cihad uğrunda savaş kimi qəbul edən azərbaycanlı "mücahid”lər istənilən vasitə ilə Suriyanın hansısa bir bölgəsinə daxil olmağa çalışacaq. Hər nə qədər hökumət buna mane olmağa çalışsa da, Suriyanın bəzi sərhədləri Türkiyədə ayrı-ayrı qrupların nəzarəti altındadır. Həmin qruplar vasitəsilə onlar sərhəddi keçəcək. Təbii ki, Türkiyə dövləti bu istiqamətdə ciddi səylə mübarizə apararsa, məsələ bir az yüngülləşir. Yəni, Türkiyə sərhədlərini aşaraq Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarının saxlanılması, geri qaytarılması və deportasiyası kimi müvafiq addımlar atmaqla problemin həllində Azərbaycana dəstək verə bilər. Ancaq dediyim kimi, Suriyaya keçən azərbaycanlılar öz niyyətlərini açıq şəkildə bəlli etmədiyi üçün Türkiyə də bu problemin öhdəsindən gələ bilməyəcək”.
Bununla belə Davudoğlunun bəyanatını yüksək qiymətləndirən millət vəkili deyib ki, bu açıqlama qardaş ölkənin Azərbaycanla bağlı bütün məsələlərə diqqətini və xoş niyyətini göstərir. A.Mirzəzadə hesab edir ki, Azərbaycanın dövlət orqanları Davudoğlunun bu bəyanatını müsbət dəyərləndirməli və onlarla əməkdaşlığa başlamalıdır. O bunun üçün yetərincə şərait olduğunu da bildirib.
Şəymən