Nazirlərin Gəncə görüşü müsbət oldu

Bizim üçün ən önəmli məqam ondan ibarətdir ki, tərəflər dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiq qaldıqlarını bəyan etdilər



Ötən gün Gəncədə Azərbaycan-Türkiyə-Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü baş tutub. Görüşdə üç ölkənin XİN rəhbərləri tərəfindən Gəncə bəyannaməsi imzalanıb.

Tədbirdə Cənubi Qafqaz vasitəsilə Azərbaycan qazının Avropaya çıxarılması və Bakı-Tbilisi-Qars dəmiryolu məsələsi diqqət mərkəzində olub. Eyni zamanda Azərbaycan-Türkiyə-Gürcüstan prezidentlərinin görüşü barəsində də razılıq əldə olunub. XİN rəhbərlərinin növbəti 4-cü üçtərəfli görüşü isə Qarsda baş tutacaq. Xatırladaq ki, xarici işlər nazirlərinin birinci görüşü 2012-ci ildə Trabzonda, ikinci görüşü isə 2013-cü ilin martında Batumidə keçirilib. XİN rəhbərlərinin Gəncə görüşünü şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elman Nəsirli görüşün çox böyük siyasi və iqtisadi əhəmiyyətinin olduğunu deyib: "Söhbət regionun ən güclü dövlətlərindən gedir. Hər üç dövlət Ermənistanla qonşudur. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqla yanaşı, Gürcüstan və Türkiyəyə də ərazi iddia edir. Eyni zamanda enerji təhlükəsizliyi baxımından da görüşün əhəmiyyəti böyükdür. Bizim üçün ən önəmli məqam ondan ibarətdir ki, tərəflər dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiq qaldıqlarını bəyan etdilər. Suriya ilə bağlı məsələ də Gəncə görüşünün əsas predmeti oldu. Davudoğlu bildirdi ki, bütövlükdə bu məsələlərdə Azərbaycanın yanındadır və istənilən təklifi dəyərləndirməyə hazırdır. Həm də razılaşdırıldı ki, bu formatda digər nazirliklər arasında da görüşlər keçirilsin. Heç şübhəsiz ki, Davudoğlu bir daha o məsələyə aydınlıq gətirdi ki, Türkiyə heç bir halda, yəni Azərbaycan torpaqları işğaldan azad olmayana qədər Ermənistanla sərhədləri açmayacaq. KİV-lərdə bu barədə yayılan məlumatlar spekulyasiyadır və reallığı əks etdirmir”. E.Nəsirli önəmli görüş üçün Gəncə şəhərinin seçilməsi məsələsinə də toxunub: "Gəncənin tarixi və siyasi əhəmiyyəti var. Bu şəhər AXC-nin ilk paytaxtı olub. Gürcüstanda iki ölkənin normal münasibətlərini istəməyən bəzi qüvvələr var ki, onlar Gəncənin qədim tarixi ilə bağlı yanlış məlumatlar yayırlar. Digər məqsəd isə tək Bakıda deyil, ölkənin bütün şəhərlərində, regionlarda sürətli inkişafın getdiyini beynəlxalq aləmə göstərmək idi. Gəncənin mühüm görüşə ev sahibliyi etməsi bununla bağlıdır”.