“Bizə zərər verən məsələlərə imkan verməyəcəyik”

Prezident İlham Əliyevə və baş nazir Ərdoğana “nurçular”la bağlı suallar ünvanlanıb


Dünən Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Dövlət başçısı Ərdoğanı Prezident Sarayının qapısında qarşılayıb. Prezident və baş nazir nahar vaxtı təkbətək görüşüblər. Mətbuata qapalı keçirilən təkbətək və geniş tərkibli görüşlərin ardından prezident və baş nazir mətbuat konfransı keçiriblər.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirdikləri birgə mətbuat konfransında türkiyəli jurnalist "nurçular”la bağlı yaranmış problemə dair hər iki liderə sual ünvanlayıb.

APA-nın xəbərinə görə, "Əl-Cəzirə - Türkiyə”nin müxbiri R. T. Ərdoğandan İ. Əliyevlə görüşdə nurçuların Azərbaycandakı təhsil ocaqlarının bağlanması məsələsini qaldırıb-qaldırmadığını soruşub. Türkiyənin baş naziri bildirib ki, Türkiyədə keçirilən hər seçkidən sonra ilk səfərini Azərbaycana edir: "Təbii ki, bu səfərlər zamanı ölkələrimizdə hər hansı problem, bizi narahat edən hər hansı sıxıntı varsa, bunu aramızda müzakirə edirik”.

Jurnalist Azərbaycanda nurçularla əlaqəsi olan bəzi vəzifəli şəxslərin işdən uzaqlaşdırılması barədə xəbərləri xatırladaraq, prezident İlham Əliyevin bu məsələyə münasibətini öyrənmək istəyib.

Azərbaycan prezidenti suala cavab olaraq bunları deyib: "Qardaşımın da dediyi kimi, biz ildə bir neçə dəfə görüşürük və görüşlərimiz ənənəvi xarakter daşıyır. Gələn ay da, iyun ayında da görüşlərimiz ola bilər. Müttəfiq, dost və qardaş kimi aramızda olan söhbətlər çox geniş sahələri əhatə edir. Əsas məsələ budur ki, biz bütün sahələrdə həmfikirik. Bizə zərrə qədər zərər verən məsələləri qəbul etmirik. Buna imkan vermirik və verməyəcəyik. Qardaşlıq, dostluq belə də olmalıdır. Ölkələrimizin gələcək inkişafı, dünyada yerimizi möhkəmləndirmək üçün Azərbaycan-Türkiyə birliyi davam etməlidir və edəcək. Bu, xalqlarımızın sifarişi və rəhbərlərin əqidəsidir. Həmişə yaxşı günlərdə və yaxşı olmayan günlərdə bir-birimizin yanında olmuşuq. Qardaşlar zatən belə olmalıdır və belə də olacaq”.

Azərbaycan İctimai Televiziyasının əməkdaşı R.T.Ərdoğana "bəzi kütləvi informasiya vasitələrinin xəbərlərinə görə, sizin partiyanın "nurçular”la bağlılığı var. "Nurçular”la mübarizə barədə nə deyə bilərsiniz”, şəklində sual ünvanlayıb.

Türkiyənin baş naziri cavabında sualın qəribə olduğunu söyləyib: "Bizim yalnız millətlə bağlılığımız var. Seçkidə aldığımız 46 faiz nəticə bunu göstərir. Biz Türkiyənin hər yerində bələdiyyə başqanlığı qazanan yeganə partiyayıq. Ölkəmizdəki 7 bölgənin 6-da birinci partiyayıq. Biz xalqın hamısını qucaqlayırıq, digər partiyalar bunu bacarmır. Biz bütün 77 milyon əhalinin partiyasıyıq. Dörd əsas prinsipimiz var: tək millət, tək bayraq, tək vətən və tək dövlət...”

Türkiyənin baş naziri Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsi haqqında da danışıb: "Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsi Türkiyə və Azərbaycan arasında qardaşlığı gücləndirəcək”. R. T. Ərdoğan bildirib ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars layihələri iki ölkə arasında bağların güclü olduğunu göstərən önəmli yatırım layihələridir: "Bunlar bizim siyasi, iqtisadi, mədəni, hərbi və ticarət əlaqələrimizin hansı səviyyəyə yüksəldiyini göstərir. Qardaşlıq və həmrəyliyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcək, bundan heç kimin ən xırda şübhəsi belə olmasın. İkitərəfli görüşümüzdə qarşılıqlı əməkdaşlığın bütün sahələrini ətraflı müzakirə etdik, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda da bütün məsələlər müzakirə olundu. Nazirlərimiz öz aralarında enerji və hərbi sənaye sahəsində əlaqələrin inkişafını müzakirə etdilər. Son vaxtlar Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər artıb. Bundan sonra da bu cür səfərlər davam edəcək”.

TANAP-ın təməlinin nə vaxt atılacağı ilə bağlı sualı cavablandıran R. T. Ərdoğan hazırda layihə ilə bağlı Türkiyədə "kamulaştırma” (torpaq sahələrinin dövlət ehtiyacı üçün fiziki və ya hüquqi şəxslərdən satın alınması) prosesinin davam etdiyini söyləyib: "Bu layihənin tezliklə həyata

keçirilməsini istəyərik. Təməli ilin sonuna qədər ata bilərik. Boruların döşənməsinə tez müddətdə başlanılması zəruridir”.

"Azərbaycan və Türkiyəni təkcə siyasət deyil, eyni zamanda Bakı və Ankaranın regionda birgə həyata keçirdiyi layihələr birləşdirir” - deyən Türkiyənin baş naziri qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi artmaqda davam edir: "Dövlətlərimiz arasında gələcəyə yönəlmiş işlər hər gün daha da çoxalmaqdadır. Azərbaycanın Türkiyədəki investisiyaları sözün həqiqi mənasında böyükdür”.

R.T.Ərdoğanın sözlərinə görə, Bakı və Ankara arasında siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə mövcud əməkdaşlıq dövlətlərimiz arasında qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir.

Azərbaycan prezidenti İlham Əliyev isə TANAP-ın Azərbaycan və Türkiyənin birgə layihəsi olduğunu vurğulayıb: "İki ölkə bu layihənin müəllifidir. Ölkə rəhbərlərinin iradəsi bu layihədə böyük rol oynayıb. Layihə həyata keçdikdən sonra ölkələrimiz bir-birinə daha sıx bağlı olacaq, siyasi-iqtisadi imkanlarımız artacaq. Layihəni vaxtlı-vaxtında icra etmək istəyirik. Hər şey cədvəl üzrə gedir, hesab edirəm ki, 2018-ci ildə əziz qardaşımla birlikdə bu layihənin açılışını edəcəyik”.

R.T.Ərdoğan həmçinin Qarabağ probleminin həllinə toxunaraq deyib ki, Türkiyənin Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməyəcək. Baş nazir bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində bu günə qədər necə qərarlılıq içərisində olubsa, bundan sonra da eyni qərarlılıq davam edəcək: "Bu mövqedən güzəştə getməyimiz mümkün deyil”.