Maqnus Karlsen FIDE ilə əməkdaşlığa son qoydu

"Fikrimcə, Beynəlxalq Şahmat Federasiyası (FIDE) ilə müharibə başlayıb. Onlarla əməkdaşlıq etmək istəmirəm".

Oxu.Az xəbər verir ki, bunu Nyu-Yorkda keçirilən rapid və blits üzrə dünya çempionatında dres-kod pozuntusuna görə diskvalifikasiya edilən Maqnus Karlsen deyib.

16-cı dünya çempionu yarış zamanı əynindəki cins şalvarı dəyişməkdən imtina etdiyi üçün 9 və 10-cu turların püşkatmasına qatılmayıb.

Karlsen 7-ci turda geyimlə bağlı xəbərdarlıq alıb və 200 dollar məbləğində cərimə olunub. O, ertəsi oyun günü tələb olunan geyimdə gələcəyinə söz verib, lakin hakimlər bununla razılaşmayıblar. Onlar belə olacağı halda turnirdən qovulacağı ilə bağlı qrosmeysteri xəbərdar ediblər.

Karlsen Norveç kanalı NRK-ya müsahibəsində yaşananlarla bağlı fikirlərini bölüşüb: "Mənə elə gəlir ki, FIDE ilə müharibə başlayıb. Bəli, mən uzun illərdir FIDE turnirlərində oynayıram. İndi onlarla əlaqəmin olmasını istəmirəm. Norveçdəki azarkeşlərimdən üzr istəyirəm. Bəlkə də bu, axmaq hərəkət idi, amma belə bir vəziyyətdə oynamaq düz deyildi".

FIDE rəsmi bəyanat yayaraq, geyim qaydalarının "bütün şahmatçıların peşəkarlığını və dürüstlüyünü" nümayiş etdirdiyini vurğulayıb. Qurum bu qaydaların peşəkar idmançıların və ekspertlərin daxil olduğu FIDE İdmançılar Komissiyası tərəfindən qəbul edildiyini və onların uzun illər qüvvədə qaldığını bildirib.

Qeyd edək ki, Karlsen 8 turdan sonra 5 xalla turniri tərk edib. Maqnusun turnirdəki çıxışından məyus olduğunu vurğulayan FIDE-nin baş direktoru Emil Sutovski hadisəyə belə reaksiya verib: "2018-ci ildə qəbul edilmiş ilk variantla müqayisədə dres-kodla bağlı tələblər yüngülləşdirilib".