Leyla Əliyevanın iştirakı ilə bu mərkəzin açılışı oldu - Foto

Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dekabrın 28-də açılışı olub.

Kult.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Mədəniyyət naziri Adil Kərimli Leyla Əliyevaya Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, hazırda Yaradıcı Mərkəz bir sıra uğurlu layihələr, o cümlədən 3 inkubasiya proqramı həyata keçirir: Musiqi, “Gametech”, “Cultech”. Bu proqramlar çərçivəsində artıq 20 yeni startap yaradılıb və ümumilikdə 50-dən çox rezident Mərkəzin xidmətlərindən istifadə edir.

Adil Kərimli qeyd edib ki, nazirliyin təşkilatçılığı ilə 2023-cü ildən etibarən “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçirilir. “Yaradıcı müzakirələr” layihəsi paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) 2022-ci il 22 iyulda Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənib. Mərkəz “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib.