Rus sülhməramlılarının vaxtından əvvəl Azərbaycandan çıxarılması antiterror əməliyyatı qədər böyük zəfərdir
2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə və vacib daxili məsələləri həll etməklə mühüm siyasi uğurlar nümayiş etdirib.
2024-cü ildə Azərbaycanda keçmiş məcburi köçkünlərin öz yurdlarına Böyük Qayıdış prosesi davam etdirilib. Bu proses işğaldan azad edilmiş ərazilərdə normal həyatın bərpasında mühüm mərhələ olub. Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar infrastrukturun fəal inkişafına, yolların, məktəblərin, xəstəxanaların və digər sosial-mədəni obyektlərin bərpasına və yenilərin tikintisinə yönəlib. 2024-cü ildə yeni yaşayış məhəllələrinin və infrastruktur obyektlərinin, həmçinin iş yerlərinin yaradılması və kənd təsərrüfatının bərpası layihələri çox vaxt yaşıl enerji keçidinə uyğun olaraq tamamlanıb.
Cari ildə əldə olunan ən əlamətdar uğurlardan biri də Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması olub.
Bu hadisə ölkə ictimaiyyəti tərəfindən Prezident İlham Əliyevdən növbəti ustad dərsi kimi dəyərləndirilib. Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Birgə Bəyanata əsasən bölgəyə Rusiya sülhməramlı kontingenti müvəqqəti yerləşdirilib. Sənədin bəndlərindən birində göstərilib ki, sülhməramlı hərbi kontingent 5 il müddətində, 2025-ci ilədək Qarabağda olacaq. Əgər tərəflərdən biri etiraz etməsə, rus hərbçilərinin qalma müddəti növbəti beş il müddətinə artırıla bilərdi. Ötən ilin sentyabrında isə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra bölgədəki ermənilər könüllü şəkildə ərazidən Ermənistana üz tutdular. Bundan sonra mütəmadi olaraq ekspertlər bildirirdilər ki, bölgədə Rusiya hərbi kontingentinin qalmasına ehtiyac yoxdur. Onların heç bir fəaliyyətinin olmaması əsas gətirilərək bildirilirdi ki, vaxtından əvvəl – yəni ki, 2025-ci ildən tez çıxarılmaları labüddür.Cari ilin aprel ayında 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edildi. Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı hərbi kontingentinin ərazidən çıxarılması prosesinə başlanıldı.
Siyasi şərhçi Aydın Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Rusiya uzun müddət hərbçilərinin Azərbaycan ərazisində qalmasında maraqlı idi. Bunun üçün müxtəlif bəhanələr də irəli sürürdülər:
"Birinci bəhanə o idi ki, ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra könüllü şəkildə Qarabağdan gedən erməni əhali geri qayıda bilər. Amma bu, alınmadı, çünki ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədilər. İkinci bəhanə isə o idi ki, guya rus hərbçiləri Qarabağda minatəmizləmə işi ilə məşğul olacaqlar. Bu da bizə lazım deyildi. Çünki minatəmizləmə əməliyyatı peşəkarların işidir. Yəni ki, Rusiyanın bu bəhanəsi də alınmadı. Fikrimcə, rus sülhməramlılarının vaxtından əvvəl çıxarılması ən azı 2020-ci ildə baş verən ikinci Qarabağ müharibəsindəki uğur, ötənilki antiterror əməliyyatı qədər böyük zəfərdir. Rusiya sülhməramlı kontingentinin Qarabağdan belə dinc çıxarılmasını böyük diplomatik qələbə adlandırmaq olar”.
Sülhməramlıların Qarabağdan çıxmasına gəlincə isə siyasi şərhçi cəmiyyətdə qəlibləşmiş deyimləri xatırladıb ki, Rusiya ordusu daxil olduğu heç yerdən çıxmır, buradan da çıxmayacaq kimi söyləntilər vardı. Halbuki sülhməramlılardan əvvəl də biz Rusiya hərbçilərinin ölkəmizdən çıxarılması faktına şahidlik etmişik. Xatırlayırsınızsa, 2012-ci ildə məhz Prezident İlham Əliyevin qərarı ilə Qəbələ RLS-dəki rus hərbçiləri çıxarılıb. Qəbələ RLS-dəki rus hərbi bazasının Azərbaycanı heç bir gərginlik olmadan tam qarşılıqlı anlaşma şəraitində tərk etdiyi kimi, bu gün də rus sülhməramlılarının eyni vəziyyətdə Qarabağdan çəkildiyinin şahidi olduq. Azərbaycanın zərgər dəqiqliyi ilə apardığı siyasət nəticəsində Rusiya qoşunları Qarabağdan çıxdı. Azərbaycan - Rusiya münasibətlərində heç bir reqres əlaməti hiss olunmadı. Əksinə, bu qərarın iki ölkənin ali rəhbərliyinin qarşılıqlı anlaşması əsasında verildiyi rəsmi təsdiq edildi.
Rusların Qarabağda olduqları 3 ildən bir qədər artıq müddətdə Azərbaycanla Rusiyanın hərbi-siyasi rəhbərliyi arasında heç bir gərginlik, mürəkkəbləşmə və ya anlaşılmazlıq yaşanmadı. Bu vəziyyət ilk növbədə iki ölkənin münasibətlərinin strateji məzmunundan irəli gəlirdi.
A. Quliyevin sözlərinə görə, son 4 ildə baş verən hadisələri İlham Əliyevin məşhur "hər şeyin öz zamanı" prinsipi çərçivəsində sıralasaq, fəth edilmiş diplomatik-geosiyasi hədəflərin belə bir mənzərəsi alınır.