Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL

  • Cümşüd Nuriyev: “Rüşvət bağçalardan və məktəblərdən başlayır” 
  • “Məmur övladlarının Avropadakı milyonluq mülkləri suallar yaradır” 

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciətində korrupsiyanın dövlət təsisatlarına ictimai etimadı sarsıtdığını, sosial ədalətə və iqtisadi inkişafa mane olduğunu vurğulayıb.

Müraciətdə, həmçinin dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasının mühüm vasitələri kimi göstərilib: “ Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir".

Müraciətdə bildirilib ki, bu xüsusda, “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası” bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir:

"Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır".

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Sherg.az-a açıqlamasında deyib ki, Cənab Prezidentin bu çıxışı, əslində, Azərbaycan hökumətinin iqtisadi blokunun yol xəritəsini göstərir:

"Eyni zamanda, hüquq-mühafizə orqanları üçün də burada müəyyən mesaj və göstərişlər var. Təbii ki, beynəlxalq əməkdaşlıq dövlət idarəçiliyində şəffaflığın təmin olunması, ictimai nəzarətin artırılması və korrupsiyaya qarşı mübarizə baxımından mühüm rol oynayır.

Dünyanın ən böyük problemlərindən biri korrupsiyadır. Azərbaycan çox gənc dövlətdir, müstəqilliyinin 35-ci ildönümünü yenicə tamamlayıb. Belə bir dövlətdə korrupsiyanın səviyyəsinin yüksək olması ölkənin gələcəyini ciddi sual altına qoyur.

Rəsmi mənbələrdə Azərbaycanda korrupsiyanın səviyyəsi 11,7 faiz göstərilir. Beynəlxalq göstəricilərə əsasən, normanın 3-8 faiz arasında olduğu bildirilir. Bu baxımdan, mövcud göstərici artıq normadan yüksəkdir. Bununla yanaşı, beynəlxalq təşkilatlar korrupsiyanın real səviyyəsinin daha yüksək olduğunu da gündəmə gətirirlər.

Azərbaycanda Dövlət Təchizat Xidməti və prokurorluq tərəfindən həyata keçirilən tədbirlər, həbslər, eləcə də həmin şəxslərin əmlakları və daşınmaz mülkləri ilə bağlı ortaya çıxan məlumatlar göstərir ki, ölkədə korrupsiyanın səviyyəsi həqiqətən də yüksəkdir. Bu, Azərbaycan dövləti üçün artıq təkcə başağrısı deyil, ciddi bir problemə çevrilib.

Dövlət məmurlarının övladlarının, xüsusilə də 30 yaşdan aşağı şəxslərin birdən-birə Avropada milyonlarla ölçülən evlər və mülklər əldə etməsi, bank hesablarında böyük məbləğdə vəsaitlərin olması, biznes qurması diqqət çəkir. Bütün bunlar həmin sərvətlərin əslində bu şəxslərin özlərinə deyil, oliqarxların övladlarına məxsus olduğu barədə ciddi suallar yaradır.

Çox təəssüf ki, Azərbaycanda oliqarxiya və oliqarxik münasibətlər güclü şəkildə inkişaf edib. Dövlət məmurlarının biznes fəaliyyəti ilə məşğul olması isə dövlət idarəçiliyində ciddi problemlər yarada bilər. Bunu etiraf etmək lazımdır".

Professor qeyd edib ki, Azərbaycanın mühasibat uçotu sistemi beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, ölkədə xərclənən vəsaitlərin böyük hissəsinin kartlar vasitəsilə həyata keçirilməsi, transferlər və digər maliyyə əməliyyatları bu məsələlərin daha tez üzə çıxmasına imkan verir:

"Ona görə də Azərbaycanda korrupsiya artıq dövlətin təhlükəsizliyini təhdid edən ciddi problemə çevrilmək üzrədir. Cənab Prezident də məhz buna görə belə bir addım atır. Bu istiqamətdə uğur əldə etməliyik.

Azərbaycanda korrupsiyanın ən yüksək səviyyədə olduğu sahələrdən biri təhsildir. Orta məktəblərdə Elm və Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı ciddi problemlər var və bu, birmənalıdır. Rüşvət orta məktəblərdən, hətta uşaq bağçalarından başlayır.

Mən ali təhsil müəssisələrində çalışdığım üçün bu məsələnin nə qədər ciddi olduğunu görürəm və onun qarşısının alınmasının vacibliyini düşünürəm. Universitetlərin üzərinə də müəyyən məsuliyyət düşür. Artıq birinci kursa gələn tələbələrdən niyə dərslərə maraq göstərmədiklərini soruşanda, onlar müəllimlərin hər şeyi pulla həll etdiyini deyirlər. Bu, uşaqların tərbiyəsində və təhsilə münasibətində ciddi problemlərin yarandığını göstərir.

Təhsil, səhiyyə və elm sahələrində korrupsiyanı mütləq aradan qaldırmaq lazımdır. Azərbaycanda bu qədər elmlər doktoru, diplom sahibi var, amma həqiqi alimlərin sayı ilə bağlı ciddi suallar yaranır. Deməli, bu da ölkədə korrupsiyanın yüksək səviyyəsi ilə əlaqəli məsələlərdən biridir".

C. Nuriyev hesab edir ki, çox təhlükəli bir vəziyyətə gəlib çıxmışıq. Bunun qarşısını yüksək səviyyədə almaq lazımdır:

"Dövlətin bu sahədə müəyyən uğurları da var. Xüsusilə Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Miqrasiya Xidməti, hərbi səfərbərlik sistemi və Müdafiə Nazirliyi sahəsində rüşvətin aradan qaldırılması istiqamətində görülən işləri qeyd etmək lazımdır. Respublika Prokurorluğunda da bununla bağlı çox ciddi tədbirlər həyata keçirilir. Deməli, istəsək, bu problemi həll edə bilərik. Korrupsiya ilə mübarizədə kölgə iqtisadiyyatının səviyyəsi də mühüm əhəmiyyət daşıyır. Kölgə iqtisadiyyatı (Shadow Economy) ölkədə ciddi problemlər yaradır. Onun səviyyəsi 3 faizə qədər düşməlidir. Azərbaycanda isə bu göstərici nəzərdə tutulan normadan bir neçə dəfə yüksəkdir.

Bundan başqa, ölkədə bu qədər daşınmaz əmlakın olması, icra başçılarının və ayrı-ayrı dövlət məmurlarının respublikanın müxtəlif yerlərində çoxsaylı mülklərə sahib olması da ciddi suallar yaradır. Təbii ki, belə sərvətlərin yalnız əməkhaqqı ilə əldə edilməsi mümkün görünmür.

Maliyyə Nazirliyinin həyata keçirdiyi tədbirləri də qeyd etmək lazımdır. Xüsusilə rüşvətin kökünü kəsmək məqsədilə əlavə ödənişlərin tətbiqi, daha doğrusu, mükafatlandırma sisteminə yeni yanaşma və hüquq-mühafizə orqanlarında əməkhaqlarının artırılması bir çox halların qarşısını alıb.

Məsələn, bir faktı qeyd edim: Dövlət Gömrük Komitəsi 2022-ci ilə qədər dövlət büdcəsinə 2 milyard manat vəsait ödəyirdisə, 2025-ci ildə bu göstərici artıq 6 milyard manata yüksəlib. Bu, istəsək, nəticə əldə edə biləcəyimizin nümunəsidir. Belə nümunələr çoxdur.

Azərbaycan rüşvətxorluğun səviyyəsini aşağı sala bilər. Bunun üçün hüquq-mühafizə orqanlarının əməkhaqlarını artırmaqla yanaşı, maarifləndirmə işlərini də genişləndirmək lazımdır".

 Professorun fikrincə, təhsil sahəsinə xüsusi diqqət yetirilməlidir:

"İqtisadiyyat Nazirliyi bu istiqamətdə həyata keçirilən tədbirləri genişləndirməli, ölkədə dəqiq maliyyə uçotu təmin edilməlidir. Əgər biz dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq istəyiriksə, ictimai nəzarəti gücləndirməliyik. Rüşvətin mexanizmi çox sadədir: onu kim verir? Adi insanlar verir. Kim alır? Təbii ki, dövlət məmurları və ya bu işi həyata keçirən şəxslər.

Rəqəmsallaşmanın genişləndirilməsi bu problemin həllinə kömək edə bilər. Məsələn, Azərbaycanda ASAN xidmət mövcuddur. Dövlət Gömrük Komitəsinin fəaliyyətini yaxşı bildiyim üçün qeyd edə bilərəm ki, bu qurumun 29 müxtəlif elektron xidməti var. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də bu sahədə müsbət addımları mövcuddur.

Bununla belə, ən ciddi problemlər, qeyd etdiyim kimi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, eləcə də dövlət idarəetmə strukturlarında qalmaqdadır. Bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Xüsusilə orta məktəblərdə korrupsiyanın qarşısının alınması istiqamətində ciddi tədbirlər görülməlidir.

Yalnız həbslərlə bu problemi həll etmək mümkün deyil. Hamını həbs etməklə də nəticə əldə olunmayacaq. Azərbaycanda vicdanla çalışan dövlət məmurları, komitə sədrləri, nazirlər və digər dövlət strukturlarında fəaliyyət göstərən şəxslər də var. Lakin onların fəaliyyəti hələ bizim istədiyimiz səviyyədə deyil.

Bu səbəbdən korrupsiyaya qarşı mübarizə kompleks şəkildə aparılmalı, həm hüquqi tədbirlər, həm maarifləndirmə, həm də şəffaf idarəçilik mexanizmləri gücləndirilməlidir".

Şəymən