Vəfa Quluzadə: “7 rayonun qaytarılması Azərbaycan üçün sevindirici xəbər deyil”
"Rusiya Laçın və Laçın dəhlizi istisna olmaqla digər rayonları Azərbaycana qaytaracaq”. Bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri olan Jirayr Liparityan bildirib. Onun sözlərinə görə, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Laçın dəhlizini özünə götürə bilər: "Kreml Bakı ilə danışıqlar aparacaq. Lazım olanı alacaq və Azərbaycana da lazım olanı verəcək”.
Qeyd edək ki, bundan öncə də J.Liparityan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə aparılan danışıqları pozmaqda və Ermənistanın birinci prezidentini istefaya getməyə vadar edən vəziyyət yaratmaqda ittiham etmişdi.
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə bildirib ki, söhbət 2004-ci ildə əsası qoyulmuş Praqa prosesindən gedir: "Bu prosesin mahiyyəti odur ki, münaqişə mərhələli şəkildə həllini tapsın. Yəni, əvvəlcə Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayon azad olunsun. Sülhməramlı qüvvələr bu ərazilərə yerləşdirilsin. Ərazilər minalardan təmizlənsin və kommunikasiya xətləri bərpa olunsun. İkinci mərhələdə isə Dağlıq Qarabağa dair referendumun keçirilməsi nəzərdə tutulub ki, bu da həllini sonrakı vaxtlarda tapacaq məsələdir”.
Politoloq onu da qeyd edib ki, Ermənistan bu məsələnin tənzimlənməsinə dair heç bir addım atmayıb: " 5+2 və 2+5 variantında da düşmən ölkənin niyyəti ondan ibarətdir ki, 7 rayonun qaytarılmasının əvəzi olaraq Azərbaycan Dağlıq Qarabağdan imtina etsin. Bu da mümkünsüzdür. Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisidir. Tarixi həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ölkə başçısı İlham Əliyev də çıxşılarında dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, dəyişməz mövqeyimizdir”.
"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq dövlət müşaviri Vəfa Quluzadə Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasının Azərbaycan üçün sevindirici xəbər olmadığını bildirib: "Bu məsələ əvvəllər də gündəmə gəlib. Amma bunun müqabilində elə şərtlər irəli sürüblər ki, bu rayonların qaytarılması Azərbaycana sərf etməyib”.
Ayyət Əhməd