Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və Krımda baş tutan referendumun əleyhinə səs verməsi Rusiyanı qəzəbləndirib. Məlum addımdan sonra Rusiya rəsmiləri Azərbaycana və eləcə də referendumu pisləyən ölkələrə təhdid və hədə-qorxu dolu mesajlar verməyə başlayıblar.
Bir müddət öncə, Dumanın deputatı rəsmi Moskvanın həmin ölkələr barədə ciddi tədbirlər görəcəyini söyləmişdi. Deputatdan sonra rusiyalı politoloq Aleksandr Duqin də ölkəmizə qarşı sərt açıqlamalarla çıxış edib. O vurğulayıb ki, rəsmi Bakı BMT-də verdiyi səsin cəzasını çəkəcək. Analitikin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü Rusiyadan asılıdır: "Azərbaycan üçün çox önəmli olan bir fikri dəfələrlə dilə gətirmişəm. Bütün postsovet ölkələrinin ərazi bütövlüyünün yeganə qarantı Rusiyadır. Rusiya bunu istəməsə, onların ərazi bütövlüyü pozulacaq. Hələ ki, Rusiya Azərbaycanın Qarabağla bağlı hüquqi tələblərini dəstəkləyir. Amma Rusiyadan kənarda yeni "böyük qardaş” tapmaq cəhdi vəziyyətin dəyişməsinə səbəb ola bilər. Azərbaycan, Ermənistan, Moldova da Ukrayna və Gürcüstan kimi dağıla bilərlər”.
Referendumla bağlı Azərbaycanın düzgün mövqe tutduğunu söyləyən "El” Hərəkatının sədr müavini, politoloq Zəfər Quliyev "Şərq”ə açıqlamasında qeyd edib ki, bu hədələr yalnız BMT-dəki müzakirələrlə əlaqəli deyil: "Rusiya hansısa konkret məsələ ilə kifayətlənmir. Azərbaycandan hər bir addımda güzəşt gözləyir. Rəsmi Moskva tələb edir ki, Sovetlər dönəmindəki kimi Azərbaycan hər bir məsələni onlarla məsləhətləşsin. Öz enerji siyasətini rəsmi
Kremlin maraqlarına müvafiq aparsın. Qarabağ münaqişəsini Moskvanın marağına uyğun həll etsin. Bir sözlə, Rusiya Azərbaycanı da Ermənistanın vəziyyətinə salmaq istəyir”.
Ekspertin qənaətincə, Kreml Azərbaycanı müstəqil siyasət yürütməkdən çəkindirmək istəyir: "Bu hal ölkəmizin müstəqilliyinin itirilməsi ilə nəticələnə bilər. Üstəgəl, ortada siyasi, sosial-iqtisadi və mənəvi cəhətdən real uduş da olmayacaq. Təhlükələr böyükdür. BMT-dəki mövqeyinə görə ölkəmizə təzyiqlər arta bilər. Lakin Azərbaycan çox düzgün qərar qəbul etdi. Azərbaycan müstəqilliyini, ərazi bütövlüyünü və milli dövlət maraqlarını imkan daxilində müdafiə etməlidir. Bu məsələdə ölkəmizin siyasi mənsubluğundan asılı olmayaraq bütün insanları və təşkilatları eyni mövqedən çıxış etməlidir”.
Z.Quliyev rusiyalı politoloqun söyləntilərinin qayəsində təhlükəli mətləblərin olduğunu söyləyib: "Üstəgəl, Duqin Kremlə yaxın adamdı. Bir daha vurğulayıram ki, Azərbaycanın başqa çıxış yolu da yox idi. Düzdü, Azərbaycan iqtidarı şimal qonşumuzla münasibətləri normal müstəvidə saxlamalıdır. Lazımsız riskli addımlar atmamalıdır. Emosional bəyanatlar verilməli deyil. Çünki Rusiya ilə başqa dildə danışmaq Azərbaycan üçün təhlükəli və uğursuz nəticələnə bilər”. Duqinin "Azərbaycan kənarda böyük qardaş axtarışına çıxır” fikrinə münasibət bildirən ekspert vurğulayıb ki, belə köhnə stereotiplərdən uzaqlaşmaq lazımdır: "Duqin kimi adamlar böyük-kiçik qardaş məsələlərinə öyrəşiblər. Azərbaycan müstəqil dövlətdir. BMT-də təmsil olunan dövlətlər arasında da böyük və kiçik ölkələr mövcuddur. Amma ölkələri ərazisinin böyüklüyünə və əhalisinin sayına görə dəyərləndirmək olmaz. Bütün dövlətlər beynəlxalq qanun qarşısında bərabərhüquqludurlar. Azərbaycana yaxın ölkələr ola bilər. Məsələn, indiki halda Azərbaycanın strateji müttəfiqi Türkiyədir. Ölkəmiz Rusiya, İranla Amerika və Avropa ölkələri ilə də münasibətləri saxlamağa çalışır. Duqinin bu yanaşması Sovet dönəmini xatırladır. Azərbaycana böyük deyil, qardaş olan ölkə var. O da Türkiyədir. Bu ölkələrdə təhlükəli anlarda bütün addımlarını birgə müzakirə etməlidirlər. Biri-birinin təhlükəsizlik qarantı kimi çıxış etməlidirlər. Azərbaycan və Türkiyə arasında daha sanballı səviyyədə hərbi-siyasi saziş imzalanmalıdır.
Z.Quliyev onu da diqqətə çatdırıb ki, Ukraynadan sonra Rusiyanın bütün postsovet ölkələrinə hərbi-siyasi təzyiq göstərməsi inandırıcı görünmür: "Buna imkanları da olmayacaq. Hər halda biz hazır olmalıyıq”.
Ayyət Əhməd