Ötən gün parlamentin iclasında millət vəkili Etibar Hüseynov Qarabağ camaatından üzr istəyib. Sözlərinə "gərək elə deməyəydim”-lə başlayan deputat mətbuatda onun adından yayılan müsahibə və açıqlamaları təkzib edib: "Mən sosial mediada, şəbəkələrdə təxribatla üzləşdim. Çünki 10 gün ərzində heç bir mətbu orqana açıqlama və müsahibə verməmişəm”.
Millət vəkili haqqında eyni adam tərəfindən, eyni ünvandan yalan məlumatların yayıldığını söyləyib: "Mətbu orqanlarda yazıların başlığına insanlarda mənfi emosiya, qıcıq yaradan sözlərdən istifadə edilir. İki gündür heç bir televiziyaya və qəzetə açıqlama vermirəm. Amma gün ərzində bəlkə də 10 dəfə mənim dilimdən insanları qıcıqlandıran açıqlamalar yayılır. Guya deyirəm ki, qarabağlılar gedib torpaqlarını azad etsinlər, gedib Suriyada vuruşmağı öyrənsinlər. Bunların hamısı bir mərkəzdən idarə olunan mənfi kampaniyanın tərkib hissəsidir. Səmimi şəkildə bəyan edirəm ki, televiziyadakı çıxışım zamanı heç kimi təhqir etmək fikrim olmayıb. Gərək həmin məsələ ilə bağlı daha ətraflı danışardım ki, insanlar arasında belə çaşqınlıq olmasın. Əgər kiminsə heysiyyətinə toxunan ifadə işlətmişəmsə, həmin insanlardan üzr istəyirəm. Səhvini anlayıb üzr istəmək böyüklük əlamətidir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deputatlara xitabən bildirib ki, məsələni şişirtməyə ehtiyac yoxdur. Parlament sədrinin sözlərinə görə, dünən o və Milli Məclisin intizam komissiyasının sədri Siyavuş Novruzov Etibar Hüseynovla ciddi söhbət aparıb və deputatı ciddi tənqid ediblər:
"Bacardığı qədər, qabiliyyəti çatdığı qədər üzr istədi. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələni xırdalamayaq”.
Sonra spiker üzünü Etibar Hüseynova tutub: "Əslində, yaxşı ki ətraflı danışmamısan. Bu vəziyyətdən sonra nə qədər az danışsan, daha yaxşıdır. Sənə bundan sonra uğursuz açıqlama verməməyi məsləhət görürəm”.
Qeyd edək ki, deputat E.Hüseynov bir neçə gün öncə ANS telekanalının efirindən qaçqın və məcburi köçkünlərin Bakı mühitini korlaması barədə fikirlər səsləndirib. Onun fikirləri isə ciddi etirazlara səbəb olub. E.Hüseynov doğma torpaqlarını itirmiş insanlar haqqında efirdən dediyi "ac-yalavac”, "təhsilsiz”, "mədəniyyət görmədilər” və s. sözlərin ardından özünün "facebook” səhifəsində ona irad bildirən qarabağlıları Suriyaya döyüşməyə gedənlərlə müqayisə edib və ikincilərin əmr gözləməmələrini vurğulayıb. "Əgər aranızda belə qeyrəti qıcqıranlar varsa, onda bunu nümayiş etdirmək üçün "facebook” meydanına deyil, bu gün hələ də işğal altında olan müqəddəs Qarabağ meydanına üz tutun” - deyən millət vəkilinin bu ifadələri qaçqın və məcburi köçkünləri hiddətləndirib. Onlar əslən Qarabağdan olan deputatlardan E.Hüseynovun məsuliyyət məsələsini Milli Məclis rəhbərliyi qarşısında qaldırmağı tələb ediblər.
Anar