Azərbaycanda vəhhabilərin meydanı daralır

“Suriyadakı döyüşlərlə əlaqəli cəmiyyətdə artan narazılıqların, kəskin reaksiyaların meydana çıxması mümkündür ki, ayrı-ayrı mənsəb daşıyıcılarına da təsir etsin”


Azərbaycanda vəhhabi dini təriqətinin hansı təhlükələrə yol açdığı barədə uzun zamandır müzakirələr aparılır. Düzdür, vəhhabilərin hamısını təhlükəli saymaq da yanlış olar, amma Suriyadan hər gün qara xəbərlər sözügedən təriqətin mahiyyətini ortaya qoyur. Bu hadisələrlə ənənəvi "din siyasətdən ayrıdır” tabulaşmış deyimi də özünün aktuallığını itirir.

Həqiqətən də dindar öz inancını siyasətlə uzlaşdırmamalıdır və etiraf edək ki, Azərbaycanda belə dindarlar da az deyil. Lakin Səudiyyə Ərəbistanından ixrac olunduğu iddia edilən vəhhabiliyin, sələfiliyin, İrandan Azərbaycana gələn siyasi şiəlik ideologiyalarının təsirinə düşən gənclərimizin dünyagörüşünün pozulması ciddi problemə çevrilib. Ancaq o da məlumdur ki, bir qism şəxs siyasiləşmiş dini sektaların təhlükəsini dərk edəndən sonra oradan uzaqlaşır. Modern.az-ın mövzu ilə bağlı etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ölkədə vətəndaşlarımızın Suriyaya yollanmasından sonra vəhhabi təriqətinə mənsub bir çox şəxslər buna etiraz edərək, təmsil olunduqları cərəyandan ayrılmaq qərarı veriblər. Bu, vəhhabilər olan bütün bölgələrdə müşahidə olunur. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu prosesin əsas ağırlıq yükü daha çox Qaradağın Müşfiqabad qəsəbəsinin üzərinə düşür. Məlumata görə, həmin qəsəbədə 12 min vəhhabinin 11 min 700-ü üzv olduqları dini təriqətdən uzaqlaşıb. Bu, son üç ayda baş verən proseslərin göstəricisidir. Mənbənin sözlərinə görə, Azərbaycanın bölgələrində də radikalizmdən uzaqlaşma meyilləri müşahidə olunur.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, insanların radikalizmdən uzaqlaşmasını ölkədə aparılan maarifləndirici və təbliğat yönümlü tədbirlərin nəticəsi kimi dəyərləndirmək lazımdır: "Hesab etmirəm ki, açıqlanan məlumatlar görüntü yaratmaq üçündür. Hər halda dövlət institutları bu problemin üzərinə kifayət qədər getdi və görünür, nəticə də əldə olundu”. Z.Orucun sözlərinə görə, vəhhabilik ərəblərdən gələn və onların dövlət dini kimi geniş təbliğ olunan və günümüzdə xüsusi resurslara, böyük maliyyə imkanlarına malik olan bir dini cərəyana çevrilib: "Etiraf etməliyik ki, vəhhabilik insanların sosial, mənəvi, psixoloji durumundan, iqtisadi çətinliklərindən faydalanaraq həmin təbəqəni öz pəncəsi altına salır. Çox təəssüf ki, ölkəmizdə bu çətir altına toplaşan xeyli insan sanki dövlət siyasətindən, ictimai və milli proseslərdən uzaq düşməkdə idi. Faktiki olaraq, vəhhabilər Azərbaycan üçün Suriyada vətəndaş müharibəsi başlayandan sonra əsl təhlükə mənbəyinə

çevrildilər. Onların müəyyən bir hissəsi Azad Suriya Ordusunun tərkibinə qatılaraq qanunsuz döyüşlərə qoşuldular. Və bunu da müqəddəs din uğrunda savaş adlandıraraq öz cinayətlərinə "cihad” donu geyindirdilər. Halbuki ki, beynəlxalq neytral qurumlar Suriyada ən azı 30-a qədər müxtəlif islami mənsəblərin bir-biri ilə üz-üzə durduğunu dəfələrlə bəyan edib. Bu mənsəblərarası savaş bizim üçün nə qədər müqəddəs xarakter daşıya bilər ki? Təbii ki, bu məsələ Azərbaycanda problem səviyyəsinə qalxdığı zaman aidiyyəti qurumlar hərəkətə keçdi və müxtəlif qabaqlayıcı tədbirlər görməyə başladılar. Problemin kökü vəhhabi cərəyanından qaynaqlandığı üçün hökumət onları nəzarətə götürməyə başladı. Sözsüz ki, vəhhabilərin zahiri atributlarına, libaslarına Azərbaycan cəmiyyəti heç vaxt yüklənməyib və onlara qarşı heç bir halda dözümsüzlük sərgiləməyib. Amma biz bir şeyi unutmamalıyıq ki, Azərbaycanda vahid, islama tapınan inanclı insanlara ehtiyac var. Bu fonda Suriyadakı döyüşlərlə əlaqəli cəmiyyətdə artan narazılıqların, kəskin reaksiyaların, həm də qanunvericilik aktlarının meydana çıxması mümkündür ki, ayrı-ayrı mənsəb daşıyıcılarına da təsir etsin. Zənnimcə, Azərbaycanda vəhhabilərin meydanının daralması yönündə gedən proseslər gerçəkdir. Sözsüz ki, burada ictimai-siyasi mühit və informasiya güclərinin də rolu danılmazdır”.

Şəymən