“Hasarlar sökülsün!”

Zahid Oruc Milli Məclisin tribunasından məsələ qaldırdı


Ötən gün Milli Məclisin yaz sessiyasının növbəti toplantısı keçirilib. 17 məsələnin baxıldığı iclasda, millət vəkili ölkə gündəmində olan problemlərdən söz açıblar. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Şəki Ağır Cinayətlər Məhkəməsində qanun pozuntusunun olduğunu söyləyib. O bildirib ki, İsmayıllı hadisələrinə görə həbs olunan şəxslərə məhkəmə tərəfindən çox ağır cəza verilib:

"Proses zamanı şahidlərin və məhkəməyə təqdim edilən sübutların heç biri yetərli olmayıb. Buna baxmayaraq ciddi qanun pozuntusuna yol verilərək qərar qəbul edilib. Hökumət dairələrindən xahiş edirəm ki, ən azı məhkəmə orqanlarının instansiya məhkəmələrində həm Tofiq Yaqublunun, həm də İlqar Məmmədovun, eləcə də məlum məsələlərdə həbs olunan şəxslərin şikayətləri dürüst araşdırılsın. Düzgün araşdırılma aparılsın, onlara qarşı verilən yanlış qərar Apelyasiya Məhkəməsində ləğv olunsun”.

"Boş qalan millət vəkilləri yerinə təkrar seçkilər

keçirilməlidir”

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov boş qalmış seçki dairələrində təkrar seçki keçirilməsi məsələsini qaldırıb.

Deputat deyib ki, müəyyən seçki dairələrinin millət vəkilləri müxtəlif səbəblərdən deputatlıq fəaliyyətlərini tam başa vura bilməyiblər: "Zaqataladan seçilmiş millət vəkili Hikmət Atayev ötən il yol qəzasında dünyasını dəyişdi. Gülər Əhmədova 2012-ci ildə məlum hadisələrdən sonra mandatından imtina etdi. Əli Əhmədov 2013-cü ildə yeni vəzifəsinə görə millət vəkilliyindən getdi. İndi onların seçildiyi dairənin deputatı yoxdur. Seçicilər lazım olduğunda kimə müraciət etməlidirlər? Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Seçkinin keçirilməməsi konstitusiyanı, Seçki Məcəlləsini pozur. Hesab edirəm ki, tezliklə boş qalan yerlərə seçki keçirilməlidir”.

"Sanksiya Rusiyadan əvvəl

Ermənistana tətbiq olunmalıdır”

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Krım hadisələrinə Azərbaycan rəhbərliyinin verdiyi reaksiyaya toxunub. Onun sözlərinə görə, BMT-də mövqeyimizin səsləndirilməsi qürur verir: "Amma bu məsələlərə çevik reaksiya verilməlidir. Təklif edirəm ki, Yeni Azərbaycan Partiyası memorandum layihəsi hazırlasın, ölkədəki bütün partiyalar indiki məqamda dövlətin xarici siyasət kursunun müdafiəsinə imza atsınlar”.

Parlamentin sədri Oqtay Əsədov isə həm Ukraynanın, həm də Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu diqqətə çatdırıb: "İndi Rusiyaya qarşı sanksiyalardan danışılır. Amma sanksiya Rusiyadan əvvəl Ermənistana tətbiq olunmalıdır. Rusiya ilə Ukrayna arasında problem həll olunmalıdır. Biz böyük dövlətlər arasında problemlərə qarışmamalı, əsasən öz problemlərimizi qaldırmalıyıq. Bu məsələlərə daha çox öz kontekstimizdən yanaşmalıyıq.

"Krıma gedənlər elə

İsmayıllıya da gedirdilər”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov həmkarı F.Mustafanın təklifinə toxunaraq memoranduma ehtiyac olmadığını deyib: "Partiyalar istəsə, hər biri öz bəyanatı ilə çıxış edə bilər. Bəzi müxalifətçilər tələskənliyə yol verirlər. Özbaşına Krıma gedirlər, ara qarışdırırlar. Sonradan şikayətlənirlər. Hadisələrin nəticəsini gözləmədən qıcıq yaradan hərəkətlər etmək olmaz. Təmsil etdiyim partiyanın Ukrayna, xüsusilə Krım ətrafında baş verən hadisələrlə bağlı mövqeyi bəllidir. Hakim partiyanın sədrinin mövqeyi artıq BMT-də öz əksini tapıb. Ancaq təəssüf ki, başqa partiyalar burada dəstək göstərmək əvəzinə, Azərbaycanın MDB-dən çıxmasını təklif edərək qıcıq yaradır. Digər bir qrup isə Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasını ortaya atır. Başqa bir dəstə ara qarışdırmaq üçün Krıma gedir. Krıma gedənlər elə İsmayıllıya da gedirdilər. Hadisələrin nəticəsini gözləmədən azərbaycanlılara qarşı qıcıq yaratmağa ehtiyac yoxdur. Əgər siyasi partiyalar belə bir dəstək vermək istəyirlərsə, o zaman buyursunlar, hər biri öz bəyanatı ilə çıxış etsin”.

Deputat ATƏT və BMT-ni qınadı

"ATƏT və BMT-nin ikili standartlar yanaşması nə qədər davam edəcəksə, təəssüf ki, bu qurumlardakı insanlara da inam olmayacaq”. Bu sözləri millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatların mövqeyini tənqid edərkən vurğulayıb. O, Tovuz rayonunda ermənilərin dinc insanları atəşə tutması haqqında danışıb: "Tovuzda baş verənlərə görə, çox narahat olduq. Amma beynəlxalq təşkilatlar ayrı vaxtlarda Azərbaycanda baş verən bir hadisəyə görə, səslərini başlarına atırdılarsa, nədənsə, bu dəfə susurlar. Buradan səslənib deyirəm ki, ATƏT və BMT-nin Azərbaycandakı baş ofisləri nə üçün Azərbaycana mülki şəxsin yaralanması ilə bağlı heç bir açıqlama vermədilər? Bunlar niyə cəbhə bölgəsində yaralanan mülki şəxslərə baş çəkmirlər? Belə hallar bizi çox narahat edir. Amma eyni zamanda bu qurumlar öz hərəkətləri ilə iç üzlərini ortaya qoyurlar”.

"Bir adam ki öz milliyyətini

dana, ondan nə gözləyəsən?!”

"Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin növbəti sərsəm fikirləri Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub. Eyni zamanda, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq münasibətlərinə öz mənfi təsirini göstərir”. Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Jirinovskinin Azərbaycan və Qarabağla bağlı səsləndirdiyi anormal fikirlərə münasibət bildirərkən deyib. O təklif edib ki, V.Jirinovskinin hərəkətləri ilə bağlı Dövlət Dumasının rəhbərliyinə Azərbaycan parlamenti adından müraciət edilsin və bu müraciətdə həmin şəxsin bu cür yanlış hərəkətlərinin, davranışlarının dayandırılması, qarşısının alınması tələb olunsun.

Spiker Oqtay Əsədov isə deputatın fikirlərinə cavab olaraq söyləyib ki, Jirinovski ilə bağlı hər hansı bir müzakirəyə və müraciətə ehtiyac yoxdur: "Jirinovskiyə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov tərəfindən çox tutarlı cavab verildi. Özünüz də görürsünüz ki, həmin gündən bu yana o heç nə danışmır. Bir adam ki öz milliyyətini dana, ondan nə gözləyəsən?!”

"Türkiyənin düşməninə

qarşı düşmənik”

Millət vəkili Zahid Oruc ötən həftə Türkiyədə keçirilən bələdiyyə seçkilərindən danışaraq, bu seçkilərin Azərbaycana da kifayət qədər təsir etdiyini bildirib. Deputat deyib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dönəmində 8-ci seçkilərin qalibi kimi Türkiyə xalqının etibarını qazanması qardaş Türkiyənin uğurudur:

"Hesab edirəm ki, bu hal Azərbaycan insanlarını da sevindirir. Biz Türkiyənin daxili işlərinə qarışmırıq. Hər hansı bir siyasi bölümün qalibiyyəti bizim tərəfimizdən qəbul olunacaq. Sadəcə, Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan-Türkiyə münasibətləri iki türk dövlətinin liderinin sayəsində irəliyə doğru gedib. Təsadüfi deyil ki, Ərdoğan seçkidən sonra ilk səfərini məhz Azərbaycana etdi. Bu səfər mühüm dövrə təsadüf edir. Türkiyə Azərbaycanın müxtəlif təhlükəsizlik məsələsində iştirak edir. Hesab edirəm ki, ölkəmiz Türkiyənin düşməninə qarşı düşməndir. Əminəm ki, zamanında Naxçıvan məsələsi ilə bağlı Qars müqaviləsi ilə Azərbaycanın ərazi bütövlüyündə mühüm yer alan Türkiyə qarşıdakı dönəmdə Qarabağ məsələsi üçün də Qars müqaviləsinə bənzər müqavilə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında iştirak edəcək. Bu il imzalanan strateji tərəfdaşlıq sazişi buna imkan verir. Əminəm, iki ölkənin imkanı var ki, münasibətlərini hərbi müttəfiqlik səviyyəsində tamamlasınlar. Düşünürəm ki, bu səfər və bağlı qapılar arxasında keçən hissəsi də iki ölkənin mənafelərinə xidmət edəcək və hər iki dövləti daha da gücləndirəcək”.

"Elə hasarlara

rast gəlirsən ki...”

Z.Oruc həmçinin ölkə başçısına müraciət edərək fərdi evlərin əhatəsindəki hasarların sökülməsini təklif edib. O bildirib ki, Azərbaycanda çox hündür hasarların çəkilməsi insanları sanki təcrid edir: "Nəinki dənizin kənarında, indi istənilən yerdə elə hasarlara rast gəlirsən ki, sanki bu adamlar hamıdan qorxaraq ətrafına sədd çəkib. Nəyə lazımdır ki, bu hündürlükdə hasarlar? Beynəlxalq təcrübəyə baxaq. Avropa ölkələrinin hansı birində evlər arasında bu hündürlükdə hasarlar çəkilib. Ümumiyyətlə, hasar olmur mənzillər arasında”.

Bu təklifə isə parlamentin vitse-spikeri Bahar Muradova qarşı çıxıb: "Zahid Oruc hər zaman orijinal təkliflər verən millət vəkilidir. Mən bunu çox müsbət qiymətləndirirəm. Amma hər xalqın özünəməxsus adət-ənənəsi olduğu kimi, hasarların tikilməsi də bizdə ənənə halını alıb. Əsas odur ki, insanların qəlblərində hasarlar olmasın. Həyətyanı ərazidəki hasarlar insanların yaxınlığı üçün o qədər də böyük problem deyil”.

"20 Yanvar şəhidlərinin

xüsusi statusu olsun”

Deputat Fəzail Ağamalı 20 Yanvar əlillərinə xüsusi status verilməsi ilə bağlı fikirlər səsləndirib: "Bununla bağlı mənə müraciətlər edilir. Məsələ burasındadır ki, onların statusu olmadığından, güzəştlər, sosialyönlü imtiyazlar verilmir. Halbuki 1998-ci ildən Heydər Əliyevin imzaladığı sərəncamda "20 yanvar şəhidi” fəxri adı təsis olunmuşdu. Daha sonra ölkə prezidenti İlham Əliyev 2006-cı ildə 20 yanvar şəhidlərinin ailələri üçün Prezident təqaüdünün təsis olunması haqda fərman imzalayıb. Hər bir 20 yanvar şəhidinin ailəsi hər ay 300 manat pensiya ilə təmin olunur. Lakin məndən xahiş edirlər ki, 20 yanvar şəhidləri ilə bağlı xüsusi status müəyyən edilsin. Düşünürəm ki, bununla bağlı təqdirəlayiq addımlar atıla bilər”.

"Köhnə avtomobil sahiblərinə pul verin, yenisini alsınlar”

Xanım millət vəkili Elmira Axundova isə Bakı şəhərinin çirklənməsi məsələsinin ciddi olduğunu deyib. Deputatın sözlərinə görə, dünyanın ən çirkli şəhərləri siyahısında paytaxtımız birinci yerdə dayanır: "Şəhərlərin təmizliyi ilə bağlı beynəlxalq təşkilatlar siyahılar hazırlayırlar. Belə siyahının tam dəqiqliyinə inanmasam da, paytaxtın hər bir sakini təsdiqləyə bilər ki, Bakı ekoloji cəhətdən yaşanmalı, çox da komfortlu məkan deyil. Yeni doğulan uşaqların demək olar ki, hamısının allergik xəstəliklərə düçar olması buna əyani sübutdur. İki il bundan əvvəl atmosferə buraxılan tullantıların həcmi 957 min ton təşkil etdirdi. Bunların da 742 milyon tonu nəqliyyat vasitələrinin payına düşür. Yəqin ki, indi bu rəqəm daha da artıb”. E.Axundova qeyd edib ki, köhnə avtomobillər ekologiyaya böyük ziyan vurur: "Fikir verin, keçən il ölkəyə idxal olunmuş avtomobillərin 50 mini işlənmiş maşınlardır. Mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin istismarını qəti şəkildə qadağan etmək mümkün deyil. Çünki bununla bağlı hüquqi baza yoxdur. Amma problemin həlli yolunu tapmaq mümkündür. Bunun üçün avtomobilləri müsadirə etmək və "Avro-4” standartlarına uyğun avtomobillər alınması üçün vətəndaşlara güzəştli kreditlər vermək lazımdır. Bilirəm ki, bu, maliyyə tələb edən problemdir. Lakin bunu etməsək, "Avro-4”-ə keçidi uğurla həyata keçirmək mümkün olmayacaq. Müsadirə olunan avtomobilə görə, kompensasiya ödənilməsi təcrübəsi artıq Rusiyada mövcuddur. İkinci məsələ isə bu cür avtomobillər üçün poliqonların təşkil olunması və həmin avtomobillərin utilizasiyasıdır. Hər il orta hesabla 200-300 avtomobil utilizasiyaya göndəriləcək. Amma bu gün bir dənə də olsun poliqonumuz yoxdur. "Avro-4”-ə keçidi elan etməklə məsələ həll olunmur. Düşünürəm ki, problemin aradan qaldırılması üçün tədbirlər planı işlənib hazırlanmalıdır”.

Anar Bayramoğlu