"Qanun” Nəşriyyat Evinin Vergilər Nazirliyi tərəfindən külli miqdarda cərimələnməsindən sonra bir sıra mətbuat orqanları tərəfindən nəşriyyata müxtəlif formada dəstək kampaniyaları keçirilməyə başlanıb. Həmçinin yazıçılar, tərcüməçilər, oxucular, bir sözlə, ictimaiyyət nümayəndələri kitaba, nəşriyyata dəstəklərini müxtəlif yollarla göstərməyə çalışırlar.
"Bizim Yol” qəzeti tərəfindən təşkil olunan "Qanun Naminə” adlı aksiyaya başlanıb. "Mediaforum.az” saytının kollektivi də həmin nəşriyyata gedib, kitab almaqla dəstəklərini ifadə ediblər. "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Şərq”ə söyləyib ki, bu, yardım yox, 150 min manat cəriməyə etiraz əlamətidir: "Qeyd edilən kampaniya "Bizim Yol” qəzetinin təklif etdiyi "Qanun Naminə” adlı bir kitab aksiyasıdır, artıq bir neçə gündür davam edir. Bütün jurnalistlər, redaksiyalardan gəlirlər. "Mediaforum” saytının əməkdaşları da gəlmişdi. Bir kitab almaqla nəşriyyata öz dəstəklərini göstərirlər. Bu, 150 min cəriməni ödəmək niyyəti ilə edilmir. Sadəcə olaraq hazırda basqılar altında qalan, çıxılmaz durumda fəaliyyət göstərən nəşriyyatın ölməsinə etiraz etmək üçün aksiya həyata keçirilir. Məlum olduğu kimi, bizim bank hesablarımız dondurulub, sənədlərimiz alınıb. Hətta işıqlarımız da söndürülmüşdü. Kampaniya belə bir vəziyyətdə nəşriyyatın yaşamasını istəyən media kollektivlərinin təşəbbüsüdür”.
Ş.Xuduoğlunun sözlərinə görə, indiyə qədər "Bizim Yol” qəzeti, "Mediaforum. az” saytı aksiyaya qoşulublar: "Digər mətbuat orqanlarında da əlaqə saxlayan olub. "Publika.az” və "1937. az” saytları da nəşriyyata gəlmək istədiklərini bildiriblər”.
Nəşriyyatın rəhbəri həmçinin bildirib ki, cərimələnməklə bağlı məhkəmə hələ olmayıb, aprelin 8-9-da keçiriləcək: "Azərbaycanın bütün lazımi məhkəmə instansiyalarına müraciətimiz bitdikdən sonra, Avropa Məhkəməsinə də üz tutacağıq”.
Vüqar Şahinoğlu