“Bu proses ancaq mərhələ-mərhələ aparıla bilər”
Prezident İlham Əliyevin sərəncamı ilə dövlət büdcəsindən maliyyələşəcək Bakı Mühəndislik Universiteti yaradılıb. Azərbaycanda mühəndis təhsili verən 5 universitet (Azərbaycan Texnologiyalar Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Neft Akademiyası, Bakı Ali Neft Məktəbi) olduğu halda, yeni universitetin yaradılması cəmiyyət tərəfindən gözlənilməz addım kimi dəyərləndirilir.
Təhsil sistemindəki mənbələrdən istiqlal.az-a verilən məlumatlara görə, yaxın gələcəkdə adı çəkilən 5 universitetin ləğvi və onların Bakı Mühəndislik Universitetinə birləşdirilməsi gözlənilir. Bu, ali təhsil sistemində nəzərdə tutulan islahatların bir hissəsidir. Həmçinin yaxınlarda başqa universitetlərin də birləşdirilməsi gözlənilir. Bu həm ali təhsil sisteminin modernləşməsi, həm də dövlət xərclərinin optimallaşdırılmasına səbəb olacaq.
Qeyd edək ki, Prezidentin sərəncamında deyilir ki, ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılsın. Yəni Prezidentin sərəncamında bir sahə üzrə yox, ali təhsilin bütün sahələri üzrə mühəndis hazırlayan yeni universitetdən söhbət gedir.
Bəs, ekspertlər nə düşünür? Bu yeni universiteti zəruri edən səbəblər nə qədər əsaslıdır?
Azərbaycanda ehtiyac olandan daha artıq müəllim hazırlayan ali məktəblər olduğunu vurğulayan Azərbaycan Texniki Universitetinin professoru, politoloq Qabil Hüseynlinin sözlərinə görə, onların işlə təminatı isə minimal səviyyədədir:
"Amma ölkəmizdə mühəndis hazırlığı sahəsində ciddi çatışmazlıqlar var. Bu isə təhsilimizin səviyyəsi ilə bağlıdır. Düzdür, Azərbaycan Texniki Universiteti həm SSRİ, həm də müstəqillik illərində Azərbaycan ali məktəblərinin flaqmanlarından biri olub. Universitet günü bu gün də təhsilin səviyyəsi və maddi-texniki baza və ixtisaslı kadrlarla təminat səviyyəsinə görə kifayət qədər potensiala sahibdir. Günün tələblərinə uyğun kadr hazırlığının öhdəsindən lazımınca gəlir. Bu baxımdan yeni yaradılan Bakı Mühəndislik Universitetinin tamamilə fərqli meyarlara əsaslanacağını zənn edirəm. Yəni bu Universitetdə ənənəvi ixtisaslar yox, nano-texnologiyalar, kosmik tədqiqatlar, avtomatlaşdırılmış sistemlər üzrə ixtisaslaşma aparılacaq və dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən istifadə ediləcək. Xaricdən yüksək ixtisaslı kadrların dəvət olunması və həmin universitetdə xarici dil bilgilərinə xüsusi əhəmiyyət verilməsi də istisna deyil. Çox güman ki, Bakı Mühəndislik Universitetinin əsas özəlliyindən biri də orada nəzəriyyə ilə yanaşı, praktikanın ön plana çəkilməsi olacaq”.
5 universitetin ləğvi və onların Bakı Mühəndislik Universitetinə birləşdirilməsi isə bağlı iddialara gəldikdə isə Q.Hüseynli bu barədə aparılan ciddi müzakirələrə rast gəlmədiyini deyib: "Əgər belə bir məsələ varsa da, bu təkcə mühəndis hazırlayan universitetlərlə bağlı deyil.
Bilirsiniz ki, artıq Azərbaycan Pedaqoji Universiteti ilə Müəllimlər İnstitutu birləşdirilib. Gələcəkdə də bu istiqamətlərin davam etdirilməsi haqqında anonslar verilib. Amma 5 universitetin birləşdirilməsinin real olacağını düşünmürəm. Bu proses ancaq mərhələ-mərhələ aparıla bilər”.
Şəymən