NATO rəsmiləri də düzgün davranmırlar
“Onlar nahaq yerə Gürcüstanın və Ukraynanın hərbi alyansa girməsini yubadırlar”
Rusiya Prezidenti Vladimir Putin NATO tərəfindən atılan aqressiv addımlara mütənasib şəkildə cavab veriləcəyini deyib. Kreml rəhbəri bildirib ki, Ukrayna və Gürcüstanı Alyansın sıralarına daxil etməyə tələsənlər belə məsuliyyətsiz siyasətin nəticələri barədə düşünməlidir. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili isə ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı rusiyalı həmkarının dediklərinə mənfi reaksiya verib:
"Putin iddia edir ki, Gürcüstanla Ukraynanın NATO-ya mümkün üzvlüyü Rusiyanın təhlükəsizliyinə birbaşa hədədir. Təəssüf ki, bunu çoxdan eşidirik. Bu, məndən ötrü qətiyyən xoş deyil, amma Rusiya prezidentinin mövqeyi də yeni deyil”.
Marqvelaşvili bir daha bəyan edib ki, ölkəsi NATO-ya üzv olmaq seçimini dəyişməyəcək: "Brüssel sammitində alyans Gürcüstana güclü dəstək sərgiləyib. Alyansın 29 üzvü Rusiyanı Gürcüstan ərazisindən hərbi hissələrini çıxarmağa çağırmaqla ona konkret mesaj göndərib”. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze də ölkəsinin əsas məqsədinin NATO-ya üzvlük olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə gürcü siyasətçilərə xatırladıb ki, milli məsələlər əvəzinə yad geopolitik maraqlara xidmət etmək hörmətə layiq addım deyil: "Qərbdə Rusiya əleyhinə sanksiyaların saxlanılması və gücləndirilməsi ilə bağlı əsaslı mərkəzlər var. Onlar Gürcüstanın qayğısına qalmaq kimi kiçik maraqlarla məşğul deyillər. Əksini düşünmək sadəlövhlük olardı”. XİN sözçüsü onu da əlavə edib ki, Gürcüstan artıq çoxdan Qərbin Rusiyaya qarşı strategiyasının bir elementinə çevrilib.
Gürcüstan və Ukrayna ətrafında cərəyan edən NATO-Rusiya qarşıdurması ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Moskva siyasi riyakarlıq edir. Onun sözlərinə görə, Kreml qonşu dövlətlərin mənafeyini heçə sayaraq, onları öz inhisarında görür:
"Rusiyanın bir çox addımları beynəlxalq qanunlara ziddir. Moskva hökuməti dərk etməlidir ki, hər hansı dövlətin istənilən siyasi və ya hərbi bloklara daxil olması həmin ölkənin müstəsna hüququdur. Putinin NATO ilə bağlı açıqlamasının qarşı tərəfdə hiddət doğurması təbii qarşılanmalıdır. Rusiyanın Gürcüstana təcavüzü nəticəsində Tiflis ərazi itkisinə məruz qalıb. Eyniylə Ukrayna da böyük ərazisini məhz Rusiyaya görə itirib. Hər iki ölkə hələ də Rusiyanın təhdidləri ilə üz-üzədir. Ona görə də həmin ölkələrin NATO-ya üzvlüklə bağlı xüsusi canfəşanlıq göstərməsi başadüşüləndir.
Moskvanın sərt yanaşması ilə qəbuledilməzdir. Az qala bütün dünya Kremlə etiraz bildirir, sanksiya qəbul edir”. Ekspertin fikrincə, NATO rəsmiləri də düzgün davranmırlar: "Onlar nahaq yerə Gürcüstanın və Ukraynanın hərbi alyansa girməsini yubadırlar. Məncə, təşkilat rəhbərliyinin tərəddüd etməsində Rusiya liderinin təhdid xarakterli açıqlamalarının da rolu var. Rusiyanı aqressivləşdirən də budur”.
İsmayıl