Aİ Rusiyadan qaz və neft idxalını kəskin azaldıb

Rusiya enerji idxalına tamamilə son qoymaq istiqamətində görülən bütün səylərə baxmayaraq, Avropa Birliyi hələ də qaz tələbatının təxminən 13%-ni, neft idxalının isə 2%-ni Rusiyadan təmin edir.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2022-ci ildən etibarən həm mayeləşdirilmiş təbii qaz (LNG), həm də boru kəməri ilə nəql olunan qaz daxil olmaqla Aİ-nin Rusiya qazı idxalı 45%-dən 13%-ə enib. Eyni zamanda, Rusiya neftinin idxalı 26%-dən 2%-ə qədər azalıb.

Ursula fon der Leyen vurğulayıb ki, Avropa Birliyi yaxın gələcəkdə Rusiyanın enerji resurslarından tamamilə imtina etməyi hədəfləyir.

“Aİ yeni bir mərhələyə - Rusiyadan enerji baxımından müstəqillik dövrünə qədəm qoyur”, - deyə o qeyd edib.

Xatırladaq ki, 5 dekabr 2022-ci il tarixindən etibarən Avropa Birliyi Rusiya neftinin üzv ölkələrə idxalını qadağan edən sanksiyalar tətbiq edib.