İnkişaf mərhələsində olan 143 yaşlı mətbuatımız – Jurnalistlər hər zaman Prezident İlham Əliyevin qayğısını üzərlərində hiss edirlər
Tarixini Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzetindən götürən Azərbaycan milli mətbuatı daim mütərəqqi idealların carçısı kimi çıxış edib, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib. Azərbaycan mətbuatı hələ yarandığı ilkin dövrlərdə maarifpərvər ziyalılarımızın ideyalarının cəmiyyətdə nüfuz qazanmasında, xalqımızın mənəvi dəyərlərinin tərəqqisində, milli şüurunun və mədəniyyətinin formalaşmasında, sonrakı mərhələlərdə isə müstəqillik amalının güclənməsində böyük rol oynayıb. Bu gün milli mətbuatımızın yaranmasından 143 il keçir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra, müstəqil ölkənin mətbuatı inkişafa qədəm qoydu. Çoxsaylıq qəzetlərin yaradılması, mətbuatın inkişafına təkan verdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümumilli lider Heydər Əliyev söz və ifadə azadlığının təminində böyük addımlar atdı. Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi.
Belə ki, H.Əliyevin 1998-ci il 18 iyun tarixdə təsdiqlədiyi "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra H.Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman KİV-in sərbəst inkişafı, cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən "Qlavlit" ləğv olundu. Fərmanla həmçinin hərbi senzuranın yaradılması haqqında 1992-ci ilin aprelində imzalanmış fərman, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu. Bu addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi.
Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün zəruri imkanlar yaradılıb
Ulu öndərin siyasətinin laiqli davamçısı, cənab Prezident İlham Əliyevin də mətbuatın inkişafı ilə bağlı çox mütərəqqi addımları olub, və mətbuata Prezidentin diqqət və qayğısı davam etməkdədir. Son 15 ildə respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün zəruri imkanlar yaradılıb. Dövlət başçısı milli mətbuatın qabaqcıl ölkələrin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Azərbaycan Prezidentinin söz və mətbuat azadlığına necə həssas yanaşdığını onun bu fikirləri də təsdiqləyir: "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.
Mətbuata dövlət dəstəyi konsepsiyası...
Ölkə rəhbəri 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları ilə təsdiqləmişdi ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlir.
Cənab Prezidentin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” sərəncamı da məhz kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Media əhlinin mənzil təminatı...
Jurnalistlərin sosial təminatlarının yaxşılaşdırılması da ölkə başçısının əsas siyasətlərindən biridir. Məlumdur ki, mənzilsiz, evə ehtiyyacı olan jurnalistlərimiz çox idi. Bunu nəzərə alan cənab Prezident mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində göstəriş verdi, jurnalistlərə bina tikilməsi üçün ehtiyyat fondundan maliyyə vəsaiti ayırdı. Bu göstərişə əsasən 156 mənzilli birinci bina tikilib, evsiz jurnalistlərin, mətbuatda xidməti olan qələm sahiblərinin ixtiyarına verildi. Ondan cəmi 2 il sonra isə 3 bloklu, 256 mənzilli daha bir bina mənzzilə ehtiyyacı olan jurnaalistlərə verildi. Hazırda 256 mənzilli üçüncü binanın inşası həyata keçirilir. Yaxın 2 ildə o mənzillərin də pulsuz olaraq ehtiyyacı olan, mətbuatda xidməti olan media əhlinə paylanacağı dəqiqdir. Bundan əlavə qəzetlərə texniki təchizatlarını yaxşılaşdırmaq üçün hər il Milli Mətbuat Günü ərəfəsində cənab prezident maliyyə yardımı ayırır. Bu yardımların, dövlət dəstəyinin əsas özəlliyi odur ki, dövlət köməyini göstərsə də yaradıcılığa, sərbəst ifadə azadlığına müdaxilə etmir. Bu da cənab prezidentin mətbuatın inkişafında səmimi şəkildə maraqlı olduğunun bariz nümunəsidir.
"Azərbaycan dövləti ölkədə medianın inkişafına həmişə yardım əlini uzadıb və bundan sonra da yardım edəcək”
Elə media kapitanları da bu fikirdədirlər.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Sherg.az-a deyib ki 143 illik tarixi olan milli mətbuat çox şərəfli və uzun yol keçib: "Azərbaycan müstəqillik qazandıqdan sonra milli müstəqil mətbuatımız inkişafa başladı. Ulu öndər Heydər Əliyevin söz azadlığı ilə bağlı verdiyi sərəncamlar, senzuranın ləğvi mətbuatı inkişafa aparan yolun başlanğıcı idi. Ümumilli liderin laiqli davamçısı, cənap Prezident İlham Əliyev tərəfindən mətbuatın inkişafına göstərilən yardım isə çoxşaxəlidir: "İstər qanunverici bazanın təkmilləşməsi, istər senzuranın ləğvi, Mətbuat və İnformasiya Nazirliyinin vaxtilə ləğv olunması və digər məsələlər dövlətin mətbuatın inkişafına olan marağı, qayğısıdır. İqtisadi baxımdan dövlət həmişə mətbuata yardım edir. Kütləvi informasiya vasitələri üzərindən əlavə dəyər vergisinin götürülməsi, qəzetlərin nəşriyyata olan borclarının ləğvi, dövlətimiz iqtisadi cəhətdən gücləndikdən sonra mətbuata sistemli, mütəmadi yardımın əsasını qoymaq üçün KİV-in İnkişafına Dövlət Dəstəyi konsepsiyasının qəbulu, ondan irəli gələn məsələlərin həyata keçirilməsi üçün müvafiq Fondun yaradılması, onun redaksiyaları, həm jurnalistləri mükafatlandırması, bunlar hamısı dövlətin jurnalistikaya dəstyəyinin bariz nümunəsidir.
Dünyanın heç bir yerində olmadığı kimi jurnalistlərə 400-ə yaxın pulsuz mənzillər verilməsi, üçüncü jurnalist binasının tikintisinin getməssi, qəzetlərə əlavə hər il 1 milyon manat ayrılması da bir daha sübut edir ki, Azərbaycan dövləti ölkədə medianın inkişafına həmişə yardım əlini uzadıb və bundan sonra da yardım edəcək. Fürsətdən istifadə edib bütün jurnalistləri və jurnalistlərin hər zaman dostu olan ölkə başçısını bayram münasibətilə təbrik edirəm".
"Bu gün həm də jurnalistlərin dostu olan Prezident İlham Əliyevin bayramıdır”
Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirir ki, cənab Prezident mətbuata qayğısı, diqqəti verdiyi sərəncamlarla əyani sübutdur: "Azərbaycan Prezidenti tərəfindən mediaya qayğı göstərilməsi artıq bir ənənə halını alıb. Azərbaycanın jurnalist camiyyəsi prezidentin jurnalist əməyinə verdiyi yüksək qiyməti məmuniyyətlə qarşılayır. Azərbaycan milli mətbuatı inkişaf edir, onun hüquqi əsasları təmin olunur. Hələ ümumilli lider Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Bununla müstəqil ölkəmizin mediası sıçrayışla irəliləməyə başladı. Ulu öndərin laiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev mətbuata həmişə cəmiyyətin aparıcı lokomotivi olaraq görüb və onu fəaliyyətini yüksək qiymətləndirib. Bu gün ölkədə internet azadlığı da təmin olunub, fikir, düşüncə, vicdan azadlığı da həmçinin. Məsələni məhz bu kontekstdə qiymətləndirəndə bir daha görürük ki, cənab Prezident tərəfindən mətbuat işçilərinin maddi və sosial-məişət problemlərinin həll olunması, 156 mənzilli birinci, 256 mənzilli ikinci binaların jurnalistlərin sərəncamına verilməsi, üçüncü 256 mənzilli binanın inşasına vəsait ayırması, evsiz jurnalistləri ev problemindən azad etməsi, bir daha dövlətin ölkə jurnalistikasına əlahiddə qayğısının göstəricisidir. Həmkarlarımı təbrik edirəm, eyni zamanda bu gün Azərbaycan mətbuatını himayə edənlərin, dostlarının bayramıdır. Tərəddüdsüz demək olar ki, bu gün Azərbaycan mətbuatının ən böyük dostu və himayədarı da cənab Prezidentimiz İlham Əliyevdir".
Biz də "Şərq” qəzeti və "Sherg.az” saytı olaraq bütün həmkarlarımızı, bizim dostumuz cənab Prezident İlham Əliyevi Milli Mətbuat Günü münasibəti ilə təbrik edirik!
Anar