"Münaqişənin həlli üçün bircə yol qalır: düşmənə həlledici zərbəni vurub, torpaqlarımızdan çıxaraq !"- Deputat






Azərbaycan - Ermənistan cəbhəsində vəziyyət son günlər daha da gərginləşməkdədir. Təmas xəttində hökm sürən gərginlik barədə hər gün yayılan xəbərlər bu qəbildən olan informasiyaları bir qədər adiləşdirsə də, proseslərin inkişaf istiqaməti əslində, hər an genişmiqyaslı müharibənin başlana biləcəyindən xəbər verir. Cəbhə zonasında atəşkəsin intensiv pozulması erməni qüvvələri tərəfindən həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.

2 gün əvəvl də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu şəhid olub.
Cəbhə xəttində atəşkəsin gün ərzində dəfələrlə pozulması və vəziyyətin gərginləşməsi istənilən halda cəmiyyətdə müharibə ab-havası yaradır. Təmas xəttində atışmalar güclənən kimi bu döyüşlərin genişmiqyaslı hərbi əməliyyatlara keçmə ehtimalı dəyərləndirilir.

Artıq cəbhədə atəşkəsin ermənilər tərəfindən pozulmasının adi hala çevrildiyini qeyd edən millət vəkili Elman Məmmədovun sözlərinə görə, mütəmadi xarakter alan bu təxribatlar bəzən səngiyir, bəzən isə bu daha intensiv xarakter alır. Cəbhə xəttində atəşkəsin pozulmasının getdikcə artması heç də yaxşı hal deyil. Bu, həmçinin Ermənistanın danışıqlar prosesində sülh tərəfdarı olmamasının göstəricisidir. 

Erməni hökuməti prosesdən yayınmaqla status-kvonun saxlanılmasında maraqlı olduğunu bir daha sübut edir:

"Biz də bir şeyi qəbul etməliyik ki, təmas xəttində iki düşmən ordusu üz- üzə dayanıb. Bizim üçün nə qədər ağrılı olsa da, torpaqlarımızın müdafiəsi naminə şəhid itkiləri ilə barışmalıyıq. Şübhəsiz ki bizim bir şəhidin, yaralının qarşılığında düşmən ordusu daha artıq sayda itki verir. Amma bu, bizi rahat etməli deyil. Bu münaqişə birdəfəlik olunmalıdır. Yeganə çıxış yolu isə qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin gücündən istifadə etməkdir. Biz hansı yolla olur- olsun torpaqlarımızı düşmən tapdağından azad edib, ərazi bötövlüyünü təmin etməliyik. 

Düşmən layiqli cavabını almalı, həlledici zərbə ilə darmadağın edilməlidir. Fikir verirsinizmi, təsadüfi hallarda düşmən tərəfin atəşkəsin pozulması ilə müşayiət olunan əməlləri gündəlik olaraq yüzdən az olur. Əksər hallarda, işğalçı ölkə atəşkəsi gündə yüz və daha çox hallarda pozur. Bu isə o deməkdir ki, təmas xəttində bir növ müharibə gedir. Təbii ki, belə vəziyyət əbədi davam edə bilməz. Ona son qoymaq lazımdır. Son qoymağın da yeganə yolu var. 

Düşmən həlledici zərbə almalı, Azərbaycan torpaqlarından süpürülüb, məhv edilib çıxarılmalıdır. Azərbaycanın ərazi bütövlüyü sərhədləri tam bərpa olunmalıdır. Ondan sonra atəşkəs məsələsindən danışmaq olar. Bu gün isə vəziyyət elədir ki, düşmən münaqişənin həlli istiqamətində heç bir razılığa gəlmir. Bu fonda danışıqlar da heç bir fayda vermir, əhəmiyyəti və nəticəsi yoxdur. 

Danışıqları aparanların da məqsədi Azərbaycanı öz ziyanına olan sülhə təhrik etməkdir. Azərbaycan buna getməyib və getməyəcək. Ona görə də problemin həllinin yeganə bir yolu qalır. Güclü Azərbaycan Ordusunun döyüş qabiliyyəti, qüdrətindən istifadə edib, düşmənə həlledici zərbəni vurub, torpaqlarımızdan çıxardıb atmaq. Vəssalam!”

Bu gün Ağdamın işğal günü olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, biz işğal günlərini qələbə günləri ilə əvəzləməliyik. Deməyək ki, bu gün Ağdamın işğal gündür. Deyək ki, 23 iyul Ağdamın işğaldan azad olunan günüdür. Gözləməyin bir faydası yoxdur. Düşmən heç bir konstruktiv təkliflə razılaşmır. Şəhid olan hərbiçimizə Allahdan rəhmət diləyirəm. Azərbaycan ordusu o əsgərin qanını yerdə qoymayacaq. Nazirimizin də dediyi kimi bir əsgərimizin əvəzinə düşmənin 10 əsgəri məhv ediləcək”.

Müəyyən fasilələrlə uzun zamandır cəbhə xəttində ciddi gərginlik yaşandığını vurğulayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri buna rəğmən indiki halda bu əməliyyatların müharibə ilə nəticələnməsini real hesab etmir: "Təmas xəttində baş verən lokal döyüşlər və erməni təxribatlarının cəmiyyətdə müharibəyə hazırlıq kimi dəyərləndirilməsi münaqişənin həlli prosesinin həddindən artıq uzanmasının göstəricisidir. 

Yəni uzun illərdir Dağlıq Qarabağda "status-kvo”nun qalması, torpaqlarımızın işğal altında saxlanılması insanları yorub. 25 ilə yaxındır aparılan danışıqlar prosesi heç bir nəticə vermir, Minsk Qrupunun həmsədrləri ancaq Azərbaycan tərəfindən güzəştlər tələb edir və ancaq o halda kompromisə gediləcəyini vurğulayır. Halbuki işğalda qalan torpaqlar Azərbaycan ərazisi olduğu üçün həmsədrlər Ermənistanı işğaldan çəkindirməyə çalışmalıdırlar. 

Əslində Dağlıq Qarabağ münaqişəsinin uzun müddət donmuş halda qalması, həm beynəxalq münasibətlərdə, həm də ölkə daxilində müəyyən dərəcədə bu problemin həlli vaxtının çatmasına dair rəy yaradıb. Sadəcə olaraq, münaqişənin həlli prosesində maraqları toqquşduğu üçün prosesi uzadır, vaxt qazanırlar. Azərbaycan tərəfi isə haqlı olaraq, artıq gözləmək yox, hansı yolla olur-olsun işğal altında qalan torpaqları azad etmək istəyir”.

Şəymən