"Suriyadakı vəziyyət Türkiyəni birbaşa təhdid edir" - Ərdoğan-Putin görüşünü zəruri edən amil





"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş "BRİCS” sammiti çərçivəsində keçiriləcək. Bu görüşdə Suriya məsələsinin müzakirə olunması gözlənilir”.

Bunu "Sherg.az”a Putin və Ərdoğan arasında keçiriləcək görüşdən gözləntilərini şərh edərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib. O bildirib ki, İran tərəfi bu görüşdə iştirak etməyəcək:

"Türkiyə və Rusiya dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə etməsinin səbəbi, hər iki dövlətin bu problemlə birbaşa əlaqədar olmasıdır. Suriyadakı vəziyyət Türkiyəni birbaşa təhdid edir. Qardaş ölkənin ərazi bütövlüyünə və təhlükəsizliyinə real təhlükə var. Üstəlik Türkiyədə 3 milyon yarım suriyalı qaçqın yaşayır. Bütün bunları nəzərə alan Türkiyə Suriyada mövcud olan problemlə yaxından maraqlanır.

Rusiyanın isə Suriyada hərbi bazası yerləşir. Bu dövlət Suriyadakı proseslərə nəzarət edən, Suriya lideri Bəşər Əsədi Moskvaya dəvət edib, himayəsinə alan qüvvədir. Rəsmi Moskva da bu səbəbdən Suriya problemi ilə bağlıdır. 

Türkiyə Bəşər Əsədi qəbul etmədiyindən onu müdafiə edən Rusiya ilə məsləhətləşmələr aparır. Hər iki dövlət Suriyadakı ortaq planlarını müzakirə edirlər. Məsələn, son günlər İdlibdəki vəziyyətin qarışması, proseslərin Türkiyənin mövqeyinə zidd cərəyan etməsi gündəmdədir”.


Aysel Aslan