"Azərbaycan və Türkiyənin münasibətlərinə bütün dünya qibtə edir" - Deputat





"Prezidentlərin və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri, Türkiyənin Azərbaycan təəssübkeşliyi, səmimiyyəti iki dövlət arasındakı münasibətləri səciyyələndirən addımlardır”.

Bunu"Sherg.az”a Türkiyə xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfərinin siyasi əhəmiyyətini şərh edərkən millət vəkili Fəzail İbrahimli deyib. 

O qeyd edib ki, M.Çavuşoğlu Avropa Şurasında Türkiyəni təmsil etdiyi dönəmdən indiyə qədər Azərbaycan təəssübkeşliyini nümayiş etdirib:

"Xarici işlər nazirinin qardaşlıq mövqeyi, ölkəmizin siyasətini dəstəkləməsi təqdirolunan addımdır. Bu gün nazir vəzifəsini icra edən M.Çavuşoğlu Azərbaycanın hər zaman yanında olduğunu ifadə edir. İki qardaş ölkənin yaxşı münasibətləri, qarşılıqlı əlaqələri onun üçün yüksək önəm kəsb edir.

Hazırda Azərbaycan və Türkiyənin münasibətlərinə bütün dünya qibtə edir. Dünya bilir ki, Türkiyə Azərbaycan üçün güvən yeri, Azərbaycan da Türkiyə üçün dayaq dövlətdir. Türkiyənin ən çətin anlarında yanında olan, haqq səsinə cavab verən Azərbaycanın addımları Türkiyə cəmiyyəti və rəhbərliyi tərəfindən həmişə vurğulanıb. Bu yaxın əlaqələr dünyaya, Avropa dövlətlərinə mesajdır ki, Azərbaycan-Türkiyə qardaşlığı regionda aparıcı amildir”.

Qeyd edək ki, ötən gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşü keçirilib. Nazirlər iki qardaş ölkə arasında bərqərar olunmuş strateji münasibətlərin və ənənəvi dostluğun yüksələn xətlə irəlilədiyini məmnuniyyətlə qeyd ediblər. Bu mənada tərəflər Azərbaycan və Türkiyədə keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın ilk səfərlərini müvafiq olaraq məhz Ankara və Bakıya etmələrinin Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsini olduğunu vurğulayıblar.

Aysel Aslan