“AZAL”ın qiymətləri azalmır: “Rəqabətli mühit olsa, bəlkə düzələr, normal işləməyi öyrənərlər”

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bahalı uçuş qiymətləri ilə bağlı şikayətlər səngimək bilmir. Biletlərin baha olması ictimaiyyət arasında ciddi etirazlara səbəb olur. Xarici ölkələrə təyyarə ilə gedən Azərbaycan vətəndaşlarının əksəriyyəti qiymətlərin baha olmasını tənqid edir.
AZAL-ın istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təqribən iki dəfə bahadır. Bu isə xaricdə təhsil alan tələbələr və onların yaxınları, işi ilə əlaqədar tez-tez xarici ölkələrə səfər etməli olan insanlar üçün ürəkaçan deyil. Sırf biletlərin baha olması səbəbindən valideynlər övladlarının yanına gedib-gələ bilmir. Bəziləri də xarici ölkələrə getmək üçün biletləri əcnəbi şirkətlərdən almağa üstünlük verirlər.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, AZAL-ın qiymətlərinin bu qədər baha olması ölkədə rəqabət mühitinin olmaması ilə bağlıdır. 
Bütün inhisarçılar kimi AZAL da bazarda öz mövqeyini qorumağa çalışır və bu inhisarçı mövqeyin ona gətirdiyi dividendləri toplamaqla məşğuldur. Digər rəqibləri bazardan sıxışdırıb çıxararaq daha çox vəsait qazanmaq istəyir. Müştərinin seçim imkanı məhdud olduğuna görə AZAL istədiyi qiyməti diktə edə bilir.
AZAL ətrafında ciddi rəqabət apara biləcək şirkətləri görməlidir ki, müştərilərinin həmin şirkətlərlə əməkdaşlığının qarşısını almaq üçün özünün qiymət siyasətini dəyişib, daha çevik addımlar atmalıdır. Əslində səbəblər çoxdur. AZAL rəhbərliyinin özünün müxtəlif bəhanələri də var. Amma başlıca amil rəqabət mühitinin olmamasıdır. Nə qədər ki, özəl şirkətlər AZAL-la rəqabət səviyyəsinə çatmayıb, bu problemin həlli real görünmür. Xarici şirkətlərin bazara girməsinə maneələr aradan qaldırılmalıdır. 
Rəqabətli mühit olsa, bəlkə "AZAL” da düzələr, normal işləməyi öyrənərlər. Ən azından Gürcüstandakı kimi 12 şirkətin bazarda birbaşa fəaliyyəti nəzərə çarpmalıdır. Qonşu ölkədə seçim olduğundan qiymətlər kifayət qədər ucuzdur. Bu səbəbdən də Azərbaycan vətəndaşlarının əksəriyyəti Gürcüstan üzərindən xaricə səfər etməyə üstünlük verirlər. Çünki AZAL-ın çevikliyi və araşdırması yox səviyyəsindədir. Şirkətin apardığı siyasət həm ölkə vətəndaşlarının xaricə səfərlərini məhdudlaşdırır, həm də xaricdən ölkəyə daha çox turist gəlməsinə mane olur. Azərbaycan turizm və aviadaşımalar sahəsində vəziyyəti dəyişmək istəyirsə, AZAL-ın inhisarçılığına yol verilməməli, bazara başqa aviaşirkətlər buraxılmalıdır.
N.Cəfərlinin sözlərinə görə, AZAL dövlət şirkəti olduğu üçün dövlət istədiyi addımı ata bilər. Amma hökumətin ata biləcəyi ən gözəl addım o ola bilər ki, AZAL-ın əlindən xidmət sahəsini alsın.
Ola bilməz ki, uçuş şərtlərini həyata keçirən şirkət həm də xidmət sahələrində dominant olsun. AZAL-ın yerüstü xidmətlərinin həddindən artıq baha olmasını vurğulayan ekspert bunu birbaşa AZAL-ın diktə etdiyini deyib: "Hökumət ən azından yerüstü və aeroport xidmətlərini ayırmalıdır. İkinci olaraq da birbaşa bazara çıxış üçün müraciət edən xarici şirkətlərə lisenziya verilməsi prosesini sadələşdirmək və sürətləndirmək lazımdır”.
Şəymən