Yarım əsrdən çox azərbaycançılığa xidmət etdi

Vətənpərvər ziyalı Əziz Şərif Azərbaycan xalqının milli-mədəni irsini bütün dünyaya tanıdıb



Maraqlı həyat yolu və zəngin yaradıcılığı ilə seçilən, çoxcəhətli fəaliyyəti ilə xalqa, ədəbiyyata xidmət edən istedadlı alim, Əməkdar elm xadimi, tərcüməçi, ədəbiyyatşünas, professor, əsl vətənpərvər ziyalı Əziz Şərif ötən əsr Azərbaycançılıq məfkurəsinin ən parlaq simalarından biri olub. XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında böyük xidmətləri olan filologiya elmləri doktoru Əziz Şərif (1895-1988) ölkəmizdə və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas və publisist, eyni zamanda fədakar şəxsiyyət kimi şöhrət qazanıb. Onun adı son yüz ilin adlı-sanlı Azərbaycan ziyalıları arasında xüsusi iftixarla çəkilib.

Azərbaycandan ədəbiyyatşünas-alim kimi keçmiş Sovet İttifaqı miqyasında ən çox tanınan və əsərləri geniş miqyasda oxunan professor Əziz Şərif olub. Əsərləri Azərbaycan dilindən başqa rus və digər xarici dillərdə də nəşr olunan mütəfəkkir Azərbaycan xalqının milli-mədəni irsini bütün dünyaya tanıdıb. Moskva Dövlət Universitetinin kafedra müdiri olan professor Ə.Şərif Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində də dərs deməklə bu beynəlxalq statusa malik universitetdə təhsil alan əlliyə yaxın ölkənin nümayəndələri arasında ədəbiyyatımızın təbliği işinə xüsusi istiqamət verib. Beləliklə, professor Ə.Şərif dünyada Azərbaycan elminin və ədəbiyyatşünaslığın fədakar səfiri olmaq vəzifəsini yarım əsrdən çox yerinə yetirib. Bu baxımdan ədəbiyyatımızın və elmimizin dünyada təbliği və tanıdılmasında ustad alimin müstəsna xidmətləri yüksək qiymətə layiqdir. Azərbaycanın əsas elm və mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində dünyaya gələn Əziz Şərif burada məşhur maarifçi Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi "Tərbiyə” məktəbində təhsil alıb. Ölməz ədibimiz Cəlil Məmmədquluzadənin "böyüklər üçün də darülürfan” adlandırdığı xalq içərisində ad çıxarmış bu təhsil ocağında elm və maarifə yiyələnən Əziz Şərif sözün həqiqi mənasında ciddi və əhəmiyyətli dərs ala bilib. Gənc Əzizin 1905-ci ildə Tiflisə gedərək atası Qurbanəli Şərifzadənin yaxın dostu və məsləkdaşı Cəlil Məmmədquluzadənin ailə mühitində övlad səviyyəsində təmsil edilməsi onun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edib. C.Məmmədquluzadənin evində təşkil olunmuş pansionda dərs oxuyub maariflənməsi, Molla Nəsrəddinçilərlə tanışlığı Əziz Şərifin sonrakı elmi fəaliyyətinin müəyyən edilməsində mühüm amilə çevrilib. O, Qurbanəli Şərifzadə (1854-1917) dövrünün görkəmli ziyalılarından biri kimi, ədəbi-ictimai mühitdə bilikli və məlumatlı, geniş dünyagörüşə malik işıqlı şəxsiyyət, etibarlı məsləkdaş və publisist kimi tanınıb. Əziz Şərif XX əsrin əvvəllərində bir müddət Cəlil Məmmədquluzadənin ailə və sənət mühitində ən doğma adam kimi qəbul edilib. Tərəddüdsüz demək mümkündür ki, Ə.Şərif C.Məmmədquluzadə məktəbinin, yaxud da "Molla Nəsrəddin” ekolunun görkəmli yetirməsidir. Böyük ədib Məmmədquluzadə Əziz Qurbanəli Şərifzadənin ən böyük müəllimidir. Təhsil aldığı ali və orta məktəblərdən heç biri taleyində xüsusi yeri olan "Molla Nəsrəddin” məktəbini əvəz edə bilməz. Çünki bu qeyri-adi məktəbdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdürrəhimbəy Haqverdiyev, Əliqulu Qəmküsar və başqalarından aldığı dərslər onun üçün əvəzedilməz və unudulmaz həyat və bilik mənbəyinə çevrilib.
Ə.Şərifin "Molla Nəsrəddin” məktəbində əldə etdiyi bilik və məlumatlar hər hansı bir ali təhsil ocağının verə biləcəyi dünyagörüşdən qat-qat çox olub. Əziz Şərif bütün həyatını "Molla Nəsrəddin” məktəbindən aldığı ideyaların ədəbiyyatda, elmdə və ictimai mühitdə gerçəkləşdirilməsinə həsr edib. O, Azərbaycan ədəbiyyatşünaslığının möhkəm bünövrəsini yaradıb. Anlaşılmaz münasibətin nəticəsində Qurbanəli Şərifzadə qısamüddətli həbs cəzası aldığı günlərdə Cəlil Məmmədquluzadənin 22 fevral 1905-ci ildə Tiflisdən Naxçıvana göndərdiyi məktub həm məslək qardaşlarının səmimi və etibarlı münasibətlərini, həm də kiçik yaşlı Əziz Şərifin taleyində Mirzə Cəlil faktorunun rolunu aydın təsəvvür etməyə imkan verir: "Biradərim Qurbanəli! Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı təzə eşitmişəm, təfsilatı mənə məlum deyil. Tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir. Əzizdən nigaran qalma. Onu yəqin bil ki, sən dünyada yox olsan da, Əziz burada dərs oxuyub, axıra kimi elm təhsil edəcək. Hər halda indi Əzizin sənə heç bir ehtiyacı yoxdur və onun barəsində fikir eləmə. Bu günlərdə onun metrik şəhadətnaməsini şeyxülislam idarəsindən çıxaracağam ki, may ayında imtahana aparam”.
Qeyd olunduğu kimi, Əziz Şərif təkcə Tiflisdəki pansionda yox, ömrünün axırına qədər C.Məmmədquluzadə məktəbində oxuyub, öyrənib, böyük ədib və görkəmli elm xadimi səviyyəsinə çatıb. "Molla Nəsrəddin” jurnalında 1906-cı ildə, cəmi on bir yaşında ikən çap edilən ilk məqaləsi Əziz Şərifin istedadı, qabiliyyəti ilə eyni səviyyədə, bir qədər də artıq Cəlil Məmmədquluzadənin ona münasibətini, onun timsalında gələcək qələm sahibini yetişdirib formalaşdırmaq qayğılarını ifadə edir. Digər tərəfdən də həmin kiçik publisist yazı balaca Əziz Şərifin "Molla Nəsrəddin” üslubuna aşina ola bildiyini diqqət mərkəzinə çəkir. Adətən jurnalda gedən yazıları gizli imzalarla çap edən Cəlil Məmmədquluzadə bu dəfə tam əksinə olaraq "Molla Nəsrəddin baba” məqaləsini açıq imza ilə təqdim edir. Hər şeydən əvvəl, "Molla Nəsrəddin” jurnalı ailəsinin ən gənc üzvünü, on bir yaşlı Əziz Şərifin kimliyini geniş oxucu mühitinə bəyan etmək məqsədi daşıyırdı. İkincisi, baş redaktor hələ məktəb şagirdi olan gənc müəllifi həvəsləndirmək məqsədi güdürdü. Nəhayət, üçüncüsü, bu kiçik yazı ilə gələcəyin böyük qələm sahibini ilk dəfə olaraq mətbuat aləminə çıxardı. Bir çox başqa yazıçı və şairlər kimi Əziz Şərifi də böyük Mirzə Cəlil Məmmədquluzadə kəşf edib. Ə.Şərif unudulmaz müəlliminin ümidlərini doğrultdu və mötəbər mollanəsrəddinşünas alim mərtəbəsinə qədər yüksəldi. Görkəmli alim hələ məktəbli ikən hazırlıqlı olması, dövrü mətbuatda gedən maarifçi proseslərə həvəs və maraq göstərməsi ilə də diqqəti cəlb edib. "Dəbistan” jurnalında məktəb şagirdləri üçün dəqiq elmlər üçün çap etdiyi tapşırıqları həll edib cavablarını redaksiyaya göndərməsi onun hazırlıqlı şagird olması ilə bərabər, həm də mətbuatı izlədiyini nəzərə çarpdırır. "Atam və mən” adlı xatirələrindən aydın olur ki, Əziz Şərif XX əsrin əvvəllərində İrəvanda və Tiflis gimnaziyasında təhsil alıb. Sonra Moskva Kommersiya İnstitutunu və Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsini bitirib. XX əsrin əvvəllərində Tiflisdə nəşriyyat və mətbuat sahələrində çalışan Əziz Şərif 1922-ci ildən etibarən iyirmi ilə yaxın "Yeni fikir”, "Zarya Vostoka”, "Yeni kənd” və "Sovet Gürcüstanı” qəzetlərində, "Dan ulduzu” jurnalında rəsmi əməkdaş kimi fəaliyyət göstərib. Keçmiş mollanəsrəddinçilərin də təmsil olunduğu bu mətbuat orqanlarındakı fəaliyyəti Əziz Şərif üçün redaksiyada aldığı dərsləri, keçdiyi məşqləri tamamlayıb, ona əldə etdiyi təcrübəni publisist kimi gerçəkləşdirmək baxımından münasib imkan yaradıb. Cavan publisist özü də bütün bunları etiraf edərək yazıb: "Yeni fikir” qəzeti mənim həyatımda və qəzetçilik fəaliyyətimdə çox böyük rol oynadı. Burada mən görkəmli Azərbaycan yazıçı və mühərrirlərindən Ömər Faiq Nemanzadə, Böyükağa Talıblı, Rzaqulu Nəcəfov, Ələkbər Qərib və sairləri ilə birlikdə işləmişəm. Redaksiyanın cari işlərində iştirak etmişəm və qəzet üçün müxtəlif mövzularda irili-xırdalı məqalə yazmaqla qələmimi itiləşdirmişəm. Mühərrirlik təcrübəsini zənginləşdirərək, özümü sonrakı iş və mübarizələr üçün hazırlamışam. İndi mən iftixar hissi ilə deyə bilərəm ki, əvvəlcə "Yeni fikir”, ondan sonra da "Yeni kənd” və ən nəhayət, "Sovet Gürcüstanı” adı ilə çıxan bu qəzetlər silsiləsi öz səhifələrini səxavətlə mənim üzümə açmaqla həvəsləndirib, mənə ilham verib və fəal işləməyə alışdırıb”.
Qəzetçilik fəaliyyəti ilə yanaşı, Əziz Şərif həm də həyatının Tiflis dövründə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi vəzifəsində çalışıb və dövlət qulluğu sahəsində təcrübə toplayıb. Onun Moskva dövrü həyatı (1942-1988) geniş miqyaslı elmi-pedaqoji fəaliyyətlə və tərcüməçilik işi ilə bağlı olub. Məşhur alim SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi vəzifəsində çalışdığı illərdə XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı ilə bir sırada rus ədəbiyyatını, Azərbaycan-Rusiya ədəbi əlaqələrini də böyük səylə tədqiq edib, öyrənib. Əziz Şərif Lomonosov adına Moskva Dövlət Universitetində sıravi müəllimlikdən professorluğa qədər şərəfli yol keçib. Dünyada tanınan bu ali təhsil ocağında kafedra müdiri vəzifəsinədək yüksəlib. "SSRİ xalqları ədəbiyyatı” və "Zaqafqaziya xalqlarının ədəbiyyatı” fənlərindən oxuduğu dərin məzmunlu mühazirələr ona keçmiş Sovetlər İttifaqı məkanında nüfuzlu bir alim-pedaqoq kimi böyük şöhrət qazandırıb. Professorun çoxcəhətli fəaliyyətində elmi-tədqiqat işi ilə məşğul olmaq əsas yer tutur. O, "Əbdürrəhimbəy Haqverdiyevin dramaturgiyası” mövzusunda namizədlik, "Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının birinci dövrü” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Arxivlərdə axtarışlar aparmaq, mənbələrlə işləmək, dövri mətbuat materiallarını araşdırmaq, yeni sənədlər üzə çıxarmaq, nadir tapıntılar əldə etmək Əziz Şərifi bir alim kimi səciyyələndirən əsas keyfiyyətlər olub. Mirzə Fətəli Axundovun görkəmli rus şairi A.S.Puşkinin xatirəsinə həsr olunmuş məşhur "Şərq poeması”nı ilk dəfə Əziz Şərif aşkara çıxarıb. Keçən əsrin əvvəllərində Tiflisdə nəşr olunan "Qafqaz fəhlə vərəqəsi” qəzetindən Cəlil Məmmədquluzadənin uzun müddət naməlum qalan "Binəsiblər” və "Xeyir-dua” adlı iki məqaləsini üzə çıxararaq elmi-ədəbi mühitə təqdim edib. C.Məmmədquluzadənin Qori Müəllimlər Seminariyasına təqdim etdiyi şəxsi işindəki nadir tərcümeyi-hal sənədlərinin aşkar edilib elmi dövriyyəyə daxil edilməsi də Əziz Şərifin xidmətlərindəndir. XIX-XX əsrlərə dair çoxsaylı naməlum məktublara, sənədlərə və fotoşəkillərə, qiymətli əlyazma materiallarına Əziz Şərif həyat vəsiqəsi verib. Tərcüməçi kimi də Əziz Şərif səmərəli xidmətlər göstərib. O, hər iki dildən, Azərbaycan və rus dillərindən, hər iki istiqamətdə elmi və bədii xarakterli uğurlu tərcümələr edən nadir mütərcimlərdən olub. Azərbaycan və rus dillərini mükəmməl bilməsi ilə yanaşı, həm də bu xalqların həyatı və məişətinə, ədəbiyyatına və mədəniyyətinə dərindən bələd olması Əziz Şərifin tərcümələrinin müvəffəqiyyətli olmasını təmin edən amillərdəndir. O, lazım gəldikdə ədəbi dildə işlədilən sözlərlə eyni səviyyədə canlı danışıq dilində, hətta dialektlərdə yaşayan, az istifadə edilən münasib sözlərdən də faydalanıb. Beləliklə, Əziz Şərifin tərcümələri Azərbaycan tərcümə tarixinin əhəmiyyətli hadisəsinə çevrilib. Görkəmli yazıçı və ictimai xadim C.Məmmədquluzadənin əsərlərini iki cilddə rus dilinə çevirərək Moskvada kitab halında nəşr etdirməsi təkcə Əziz Şərifin deyil, Azərbaycan tərcümə sənətinin nailiyyətidir. Bu tərcümələr orijinalın ruhuna, yazıçının üslubuna, yazı tərzinə çox uyğundur. Ə.Şərif böyük müəlliminin əsərlərini rus dilinə tərcümə edərkən hər sözün üzərində düşünüb-daşınıb, zərgər incəliyi ilə yaradıcılıq işi aparıb. Qeydlərindən öyrənirik ki, "zırrama” sözünün rus dilində münasib qarşılığını tapmaq üçün o, bir il axtarış aparıb, müxtəlif söz vahidləri tapıb, nəhayət, "pustoxlst” kəlməsini kəşf edib. Onun Mirzə Fətəli Axundov, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal və başqalarının əsərlərindən etdiyi tərcümələr Azərbaycan ədəbiyyatının Rusiyada və digər rusdilli ölkələrdə tanıdılmasına imkan yaradıb. Eyni zamanda, rus və gürcü ədəbiyyatlarından Əziz Şərif tərəfindən Azərbaycan dilinə edilmiş tərcümələr, Maksim Qorkinin "Ana” və Aleksandr Fadeyevin "Tarmar” romanları da Azərbaycan oxucusunun mütaliəsində möhkəm yer tutub.
(ardı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb