Rəsul Cəfərov prezidentə müraciət edib

O, azadlığa buraxılmasını xahiş edib

 

Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Rəsul Cəfərov prezident İlham Əliyevə müraciət edib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, R.Cəfərov müəssisə rəhbərliyi vasitəsi ilə çatdırdığı müraciətində azadlığa buraxılmasını xahiş edib:
"Möhtərəm cənab Prezident! Mən hüquq müdafiə fəaliyyətim çərçivəsində həyata keçirdiyim layihələr üzrə cinayət törətməkdə ittiham edilirəm və barəmdə 02.08.2014 –cü il tarixdə 3 aylıq həbs qətimkan tədbiri seçilib. İstintaq qanunlara riayət edilməklə və istintaq orqanının səlahiyyətləri çərçivəsində aparılır, bu səbəbdən də həbsimdən əvvəl istintaqın obyektiv aparılması üçün bütün zəruri addımları atmışam.
Həbsadən buraxılmağa yalnız Sizin köməklik göstərə biləcəyinizi dərk edərək, Sizə müraciət etmək qərarına gəlmişəm. Məqsədim həmişə daha firavan və daha yaxşı Vətən – Azərbaycan üçün fəaliyyət göstərmək olub, bundan sonra da, əsas qayəm bu istiqamətdəki fəaliyyətimdə olduğundan daha şəffaf, daha doğru və düzgün olmaqdan, dövlət qurumları və hakimiyyət nümayəndələri ilə geniş dialoq yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Əvvəlki fəaliyyətimdə yol verilən çatışmazlıqları və nöqsanları aradan qaldırmağa hazır olduğuma Sizi əmin edirəm. Bilik və bacarığımı, habelə potensialımı həbsdə deyil, azadlığa çıxaraq istifadə etmək niyyətindəyəm. Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və mənim həbsdən azadlığa buraxılmağıma sərəncam verməyinizi Sizdən xahiş edirəm".