İlk anadilli mətbuatımız "Əkinçi"nin Qafqazın digər millətlərinə məxsus qəzetlərdən gec çıxmasının bir səbəbi də xalqı mövhumatda saxlayan, inkişafına mane olan mollalar idi. "Ərəb əlifbası yalnız Quran üçündür" deyib mətbuatı küfr hesab edib məscidlərdə təbliğat aparırdılar. Qəzetləri ələ almağı haram hesab edənlər "kağız üzərində bu maarifçi"ni yalnız maşa ilə götürə, qurdalaya bilərdilər.
O dövrdən 150 il ötür. Dünya dəyişir, xalqlar tərəqqi yolunu seçir, dəyərlər itir. Bu yeni dünyada cəmiyyətimiz kimi mətbuatımız, mediamız da dəyişir, artıq internet dövrüdür, hər kəsin əlində bir ağıllı telefon var, hamı bu kiçik ekrandan dünyanı izləyir. 1988-ci ildən başlayan 2000-ci illərin ortasınadək davam edən qəzet bumu ömrünün payız dövrünü yaşayır. Yaşamaq imkanları məhdud olan klassik dəyərimizi qismən dövlət çiyinlərinə götürüb yaşatmağa çalışır. Mərkəzi mətbuatımızın sıralarında boy göstərmək, seçilmək, oxunmaq istəyi bu ögey münasibətlərin təsirindən bölgə mətbuatımız da bir küncə çəkilir. Səssiz-səmirsiz yerini sosial media şəbəkəsinə, feysbuka, teleqrama, instaqrama verir. Mərkəzi Bakıda rəsmi 3 dövlət qəzeti çıxır, bu üçünün də loqosunda dövlətin adı, siyasi quruluşu və xalqın birrəngli mənzərəsi var. İçərisində partiya xətti olanlar və azadlıqlardan uzaqlaşıb müstəqil formasını qorumağa çalışan 6 gündəlik və 11 həftəlik nəşr də var. Bölgələrdə vəziyyət də eynidir. "Yeni media haqqında" qanunda haqlı olaraq qeyd edilir ki, dövlət və yerli icra strukturları çap mətbuatının təsisçisi ola bilməz. Onsuz da bu qanundan beş-on il əvvəl də rayon qəzetləri dövriliyini, həftəlik nəşrini yavaş-yavaş itirməyə başlamışdı. Sağ cibi sol cibindən ağır olan icra başçıları yalnız rayonun 6 aylıq hesabatını çap etmək üçün ildə iki dəfə 300 manat pul verib qəzet çap edirdilər. Axı gördükləri yarım illik işin həcmini rəqəmlərlə ifadə etmək, yuxarılara isbat etmək üçün bu lazım idi. Yeni media qanunu onlara fürsət verdi ki, rayon qəzetləri də tarixə qovuşsun, əmlaklarını, rayonlarda fəaliyyət göstərən mətbəələri də özəlləşdirilsin. Özəlləşdirmədə, özününküləşdirməkdə də dövlət büdcəsindən ayrılan vəsaitlər miqdarında olmasa da, xeyli pul var.
Sosial media şəbəkələrində "Zaqatala" qəzetinin elektron şəklini nümayiş etdirən "Azərbaycan" nəşriyyatının qocaman dizayneri Nüsrət Quliyev bir neçə gün öncə bir status paylaşdı: "Dostlar, işimi itirdim". Deməli, indən sonra bir sıra bölgə qəzetləri qapandığından Nüsrət bəy də işini itirir.
"Bölgələrdə üç-dörd qəzet qalıb, onlar da tirajlarını 500 yazsalar da, cəmi 200 nüsxə çap olunur. Nə az, nə çox, ayda bir dəfə çıxan bu qəzetlər də insaflı icra başçılarının yardımı ilə işıq üzü görür. Çapını davam etdirən bu qəzetlər də icra başçıları dəyişəndə vəziyyətlərini təxmin edirlər". Bu fikirlər adını çəkməyəcəyimiz, uzun müddət bölgə mətbuatının ən şanlı baş redaktorunun sözləridir.
Yevlaxın "Kür" qəzeti də iki ildir ki, redaksiyanın qapısına möhür vurub. Amma 10-15 il əvvəl bu qəzetin tirajı az qala mərkəzi qəzetlərin tirajını geridə qoyurdu. 8 min tirajla çap olunurdu. "Yevlax"ın məşhur baş redaktoru Əminə Yusifqızı indi Mətbuat Şurası Ahıllar Məclisinin rəhbərliyində təmsil olunur, ahıl qələm adamlarının yarasına dərman olmağa çalışır.
"Yeni Tərtər" qəzeti adından göründüyü kimi, Tərtərdə çıxır, bəxti gətirib, həftəlik olmasa da, ayda bir dəfə çap olunur. Bu il 100 yaşı tamam oldu. Tərtərin icra başçısı qəzetin yubileyini əməlli-başlı, təmtəraqla qeyd etdi. Feysbukdakı yubiley şəkillərindən görünən odur ki, yubiley ziyafətində süfrədə bütün nemətlər düzülüb, tək çatışmayan nemət bölgənin azad nəfəsidir.
Zərdabda "Əkinçi"nin adını daşıyan "Əkinçi" çıxır, o da hərdən bir, heç olmasa, Həsən bəyin ruhu xatirinə bu qəzeti müntəzəm nəşr etmək olar. Axı "Əkinçi"nin yolu Zərdabdan başlayıb.
Mətbuat Şurasının sədri Rəşad Məcidin doğulduğu Ağcabədidə də eyniadlı qəzet hələ də varlığını qoruyub saxlayır. Araşdırmamıza görə, Məhsəti Musanın rəhbərliyi ilə qəzet nəşr olunur, sayt da fəaliyyət göstərir, hətta "yutub" kanalları belə var. İcra başçısı jurnalist olanda sözə də, qələm əhlinə də hörmət olur.
Bir vaxt aləmə səs salan Şəkidə də "İpəkçi" qəzeti nəşrini dayandırıb.
"İpəkçi" qəzeti 1923-cü ilin martın 13-də nəşrə başlayıb. 1983-cü ildə qəzetin 50 illiyi dövlət səviyyəsində qeyd olunub, hətta Ümummilli Lider Heydər Əliyev redaksiyaya təbrik məktubu göndərib. Əməkdar jurnalist Salis Məmmədov qəzetə uzun müddət rəhbərlik edib, ölümündən sonra bu vəzifəni oğlu Aydın Məmmədov həyata keçirib. Qəzet 2018-ci ildə çap versiyasını, 2022-ci ilin dekabrında isə sayt fəaliyyətini dayandırıb. İstiqlal şairi Bəxtiyar Vahabzadənin məşhur "Gülüstan" poeması da mərkəzi qəzetlərin imtina səbəbindən "İpəkçi"də çap olunub.
Qaxda "Şəlalə" çıxır. O da digər bölgələrdəki qəzetlərin miskin taleyini yaşayır.
Qazaxda əvvəllər "Kommuna yolu", 1968-ci ildən "Qalibiyyət bayrağı" adlanan qəzet sonra "Göyəzən"ə çevrildi. "Göyəzən"in çap versiyası dayandırılıb, amma eyniadlı sayt fəaliyyət göstərir, məlumatlar yenilənir.
Ağstafa 1990-ci ildə Qazaxdan ayrılandan bir müddət sonra "Ağstafa" adlı qəzet nəşr olundu. "Ağstafa" qəzetinin ən son sayı bu ilin fevralın 13-də 1000 tirajla nəşr olunub. 2022-ci ildə 10 sayı, 2021-ci ildə iki, 2019-cu ildə 13 sayı işıq üzü görən qəzet çapına fasilə verib. Amma icra başçısı gənc olduğu üçün özünün sosial media profillərində keçirdiyi görüşlər, qəbullar, açılan yeni obyektlər barədə statuslar yazır, məlumatlar yayır.
Naftalanda, Goranboyda bölgə mətbuatının vəziyyəti də eynidir, bu sahədə ürəkaçan hər hansı bir mənzərənin yoxluğu çoxlu suallar yaradır. Avropadan da, qardaş Türkiyədən də önə keçib bölgə mətbuatının fatihəsini verməklə məşğuluq. İnkişaf edən, iqtisadi-sosial imkanları və mədəni mühiti bizdən çox-çox irəlidə olan ölkələrdə ən çox oxunan da, ictimai rəyə təsir edən də bölgə, regional mətbuatdır. Çünki insanlar bilavasitə öz yaşadıqları bölgənin xəbərlərini izləməkdə maraqlıdırlar, yeniliklərdən, problemlərdən hali olur və bu müstəqil nəşrləri öz ciblərinin pulu ilə yaşadırlar.
Sel gəlməmiş çırmanan xalqımıza bir işarə də yetər. Bağla deyəndə eninə-uzununa baxmayaraq bir ucdan bağlayırlar. Yıxmaq bizim dədə-baba adətimizdir. Bu yıxdığımızın yerində nə yaratdığımızı təftiş edənimiz belə yoxdur.
Bu gün bölgələrdə rayon mərkəzlərindəki çayxanalarda əyin-başı köhnə olsa da, səliqə ilə geyinən, qabağında qəzet, jurnal kitab, qoltuğunda köhnə bir portfel olan insan görsəz, bilin ki, bu insan vaxtilə rayon qəzetinin müxbiri, şöbə müdiri, redaktoru olub. Səssiz-səmirsiz gələn ölümünü gözləyən qurbandır bunlar.
"Şərq" Media Araşdırmaları Qrupu