Qarabağa azadlıq qapısı açılıb

Ancaq Putinin konkret olaraq hansı həll planına üstünlük verdiyi bəlli deyil



Vladimir Putin Qarabağ məsələsində güzəştə getmək istəmədiyinə görə, Ermənistan prezidenti Serj Sarkisyana çox qəzəblidir”. Bunu amerikalı ekspert, Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun direktoru Ariel Koen deyib. Koenin sözlərinə görə, Putinin məqsədi Ukrayna böhranını Qarabağ münaqişəsini nizamlamaqla kompensasiya etməkdir.

Ekspert bəyan edib ki, Kreml Azərbaycana qərbyönlü mövqeyindən tamamilə imtina etməsi və Avrasiya İqtisadi Birliyinə girməsi qarşılığında Qarabağda bir neçə rayonu qaytarmağa razılıq verib. Amma Sarkisyan və Qarabağ klanı bu ssenarinin reallaşmasına qarşı çıxıblar. Putin də kompromisə getmək istəməyən Sarkisyana əsəbiləşib.

Xatırladaq ki, Avrasiya İttifaqına üzv olan Ermənistan Dağlıq Qarabağ sərhədində gömrük postu yerləşdirmək öhdəliyini qəbul edib. Bu, Ermənistan üçün diplomatik və siyasi planda ciddi zərbə sayılır. Digər tərəfdən, Rusiya Azərbaycanı da Avrasiya İttifaqına cəlb edə bilmək üçün ciddi iş aparır. Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi həll olunmadan Azərbaycan bu ittifaqda yer ala bilməz. Bu səbəbdən, Moskva yeni "SSRİ” planlarının qarşısında dayanan ən ciddi maneəni aradan qaldırmaq üzərində ciddi çalışmağa başlayıb.

Qərbli ekspertin iddiasını şərh edən Sülh və Konfliktlərin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev deyib ki, 2010-cu ilin yanvarında Rusiya yenilənmiş Madrid prinsiplərini gündəmə gətirdi və Soçi görüşündə Azərbaycan tərəfi də bu prinsipləri qəbul etdi. Yəni bu istiqamətdə danışıqlara hazır olduğunu bildirdi. Sarkisyan hökuməti isə taymaut götürərək iki həftə vaxt istədi. Ancaq iki həftə 5 ay olsa da, Ermənistandan səs çıxmadı: "O zaman Türkiyə və ABŞ-ın Ermənistana göstərdiyi "baş sığallama” siyasətinin və İrəvanla Moskvanın bağlı qapılar ardında sövdələşməsinin nəticəsində Ermənistan-Rusiya arasında gizli təhlükəsizlik müqaviləsi imzalandı. Bununla da Moskva yenilənmiş Madrid prinsiplərindən geri çəkildi və sonrakı Sankt-Peterburq görüşlərində Ermənistanı dəstəkləyən görüşlər ortaya qoydu. Bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşlərdən narazı olaraq geri qayıtdı. Məsələ burasındadır ki, biz indi Putinin konkret olaraq hansı həll planına üstünlük verdiyini bilmirik. Nəzərə almaq lazımdır ki, danışıqlar prosesində Azərbaycanın dəstəklədiyi yeni Madrid prinsipləri ilə yanaşı, Ermənistan tərəfindən arzulanan və Rusiyanın dəstəklədiyi həll planları da var. Əgər belə bir təşəbbüs varsa, məsələnin mahiyyətinin tam olaraq açılmasını gözləmək lazımdır”.

İsmayıl