“Parisdə Ermənistana mesaj veriləcək”

Ermənistanın müstəqil qərar verməsi lazımdır




Azərbaycan prezidentlərin bu ayın sonunda Parisdə keçiriləcək üçtərəfli görüşündən ciddi irəliləyiş gözləyir. Xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycan vaxt itirmədən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh sazişinin hazırlanması işinə başlamağın tərəfdarıdır.

O qeyd edib ki, həmsədrlər bir neçə məsələni əhatə edən struktur təkliflər veriblər: "Biz belə qərara gəldik ki, torpaqların boşaldılması, qaçqınların geri qayıtmasını da əhatə edən bu struktur təkliflər əsasında sülh sazişinin hazırlanmasına başlaya bilərik. Biz yeni mərhələyə tam hazırıq, analoji addımı Ermənistandan da gözləyirik”

Qeyd edək ki, həmsədr ölkələr olan Fransa və ABŞ da Paris görüşündə nəticə olacağına ümidlidirlər və buna inanırlar. Ekspertlər isə obyektiv səbəblərdən ziddiyyətli mövqedədirlər. Politoloq Vəfa Quluzadə hesab edir ki, Fransadakı görüşün əhəmiyyətini anlamaq üçün dünyadakı mövcud vəziyyəti anlamaq lazımdır: "Bu dəqiqə Qərblə Rusiya arasında kəskin qarşıdurma gedir. Bunun nəticəsində də Moskva çökməyə doğru addımlayır. Baxın, neftin qiyməti bu gün dörd dollar aşağı düşdü. Rusiyanın "Qazprom”u zərbə altındadır. Onun müdafiə sənayesi də təhlükə ilə üzbəüzdür. Bu fonda prezidentlərin görüşü çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, Qarabağ məsələsinin həlli Rusiyanın çöküşündən asılıdır. Rusiya çökməyib inkişaf etsə, bu məsələ həll olunmayacaq və bütün torpaqlarımızı itirəcəyik. Bu fonda Qərb Cənubi Qafqazda təşəbbüsü öz əlinə almaq fikrindədir. Əliyevlə Sarkisyanın Paris görüşü də buna hesablanıb”.

Politoloqun qənaətincə, Parisdə Ermənistana mesaj veriləcək ki, müstəqilliyini əlinə al və qərar ver: "Müstəqil qərar isə Cənubi Qafqazda sülhə nail olmaqdır. Sülh isə Ermənistanın milli maraqlarına uyğundur. İrəvan sülhün olmadığına görə çökür. Azərbaycana gəlincə isə o öz resurslarından istifadə edərək xeyli uğurlar əldə edib. Əgər Bakı bu sülhə nail olsa, bu inkişaf daha da artacaq. Qərb Azərbaycanın arxasında dayansa və Rusiyanın mənfi təsirlərindən bizi qoruya bilsə, o zaman bu sülhə nail olacaq. Doğrudur, Parisdə dərhal sülh əldə edilməyəcək, amma onun bünövrəsi Qərb tərəfindən qoyulacaq”.

Şəymən