Rus hərbiçilər Ermənistan ordusunu işğal edəcək

Yüksək çinli zabitlərin İrəvana səfəri ermənilərin narahatlığına səbəb olub



Rusiyanın yüksək çinli zabitlərinin Ermənistana səfəri müstəqil erməni ekspertlərinin narahatlığına səbəb olub. Rus hərbiçilərinin ziyarət səbəbini dəyərləndirən analitiklər qarışıq ordu məsələsinin müzakirəsinin çox təhlükəli olduğunu söyləyiblər. Onların fikrincə, iki ordunun bu qədər "yaxınlaşması” müstəqil erməni ordusunun ləğvinə hesablanıb.

Moskvanın Ermənistan ordusunu öz bazasına birləşdirmək istədiyini iddia edən erməni şərhçilərin sözlərinə görə, Sarkisyan Avrasiya İttifaqına daxil olduqdan sonra Moskva erməni ordusunu mənimsəməyə qərar verib.

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli bildirib ki, İrəvana səfər edən rus zabitlərinin məqsədi erməni ordusununun komplekləşdirilməsi və eləcə də onun komanda heyətinin dəyişdirilməsidir. Yəni bu günə qədər komplekləşdirmə erməni milli ordusu adı altında gedirdisə, indi bu proses Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə uyğun olaraq həyata keçiriləcək. Yəni erməni ordusu tədricən rus ordusunun bir hissəsinə çevriləcək: "KTMT-nin hərbi heyəti bütünlüklə ruslardan ibarətdir. Moskva erməni ordusunu ruslarla qarışıq şəkildə formalaşdırmaq istəyir. Belə olan halda rus hərbiçiləri erməni ordusunda ali səlahiyyətlərə malik olacaq. Artıq bundan sonra ölkədə bütün hərbi funksiyaları rus qoşunları yerinə yetirəcək. Görünür, Ermənistan Rusiya ilə daha sıx inteqrasiyaya qərar verib. Onsuz da, indiyə kimi Ermənistan sərhədləri rus əsgərləri tərəfindən qorunurdu”.

Q.Hüseynli Ermənistan üçün xoş olmayan bu tendensiyanın Azərbaycan üçün daha təhlükəli olduğunu deyib: "Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri, Dağlıq Qarabağda silahlı qüvvələr adı altında rus qoşunlarının yerləşdirilməsi məsələsinin ortaya atılması, münaqişə zonasında ayırıcı qüvvə kimi nəzərdə tutulan rus hərbi birləşmələrinin tərkibində ermənilərin də yer alması məsələsi artıq reallaşmış bir hadisə kimi meydana çıxmağa başlayıb. Bu baxımdan, regionda baş verənlər ermənilərdən çox bizi narahat etməlidir. Ermənilər onsuz da, hər şeydən ötrü vay-şüvən qopartmağa vərdiş ediblər. Bu məsələdə onların hay-küyü Azərbaycanın sayıqlığını zəiflətmək məqsədi daşıyır. Ona görə də, Azərbaycan tərəfi diqqətli və ehtiyatlı olmalıdır”.

İsmayıl