Bu, nəşriyyatların oyunudur: Arxasına “pulsuz” yazılan kitablar bazara çıxarılıb





Təhsil Nazirliyinin göstərişi ilə orta məktəb şagirdlərinə pulsuz paylanılması nəzərdə tutulan dərsliklərin qanunsuz satışa çıxarılması halı çoxdan mövcuddur. Həmin kitabların üzərində "pulsuz” sözləri yazılsa da, satıcılar sözün üzərinə qiymət etiketini yapışdırıb, satışa qoyur. Sözügedən dərs vəsaitləri məktəblərdə paylanmadığından müəllimlər valideynlərə onları mağazalardan əldə etməyi tövsiyə edir.

Düzdü, bu hala qarşı uzun zamandır mübarizə aparılır. Amma hələ ki, müsbət nəticənin şahidi olmuruq. Əksinə, belə halların sayı getdikcə çoxalır. Hətta ötən günlərdə paytaxtda kitab mağazalarının birində oxşar fakt aşkarlanıb. Üzərinə "pulsuz” yazılan kitablar 5 manata satışa çıxarılıb. Təhsil Nazirliyindən (TN) isə bildirilib ki, məsələ haqda aidiyyəti qurumlara müraciət olunmalıdır”. Bəzi ekspertlər isə nazirliyin açıqlamasını "TN yaxasını kənara çəkir” kimi dəyərləndirir. Və hesab edir ki, pulsuz paylanmalı olan kitablar məktəblərdə deyil, kitab mağazalarında tapılırsa, diqqət məktəb direktorlarının üzərinə yönəldilməlidir.

Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə ekspert Məlahət Mürşüdlü isə "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, nəşriyyatların oyunudur: "Nəşriyyatların "fəaliyyətinə” TN deyil, hüquq-mühafizə orqanları nəzarət etməlidir. Bu kitabları təkrar nəşr edənlərin kimliyi müəyyənləşməlidir. Və ona qarşı tədbirlər görülməlidir”.

Üzərinə "pulsuz” yazılan kitabların məktəblərdə deyil, kitab mağazalarında tapılması faktoruna gəlincə, ekspert bunu planlaşdırmanın düzgün aparılmaması ilə izah edib: "Məsələn, məktəb rəhbərliyi əlaqədar nazirliyə məlumat verir ki, bu il birinci sinifə 50 uşaq gələcək. Amma gələn uşaqların sayı deyiləndən çox olur. Belə olan halda dərslik çatışmır. Müəllimlər də çox yanlış olaraq, bazarları məsləhət görürlər. Əslində isə nazirliyə əlavə sifarişlər verilməlidir. Nazirlik də sifarişləri icra etməlidir. Şagirdlər pulsuz olaraq kitablarla təmin olunmalıdır. Bir sözlə, valideynlərə bazarlar göstərilməli deyil”.

M.Mürşüdlünün sözlərinə görə, bəzən kitablar ola-ola şagirdlərə paylanılmır: "Məsələn, 6 il öncə kitablarla bağlı bəzi məktəblərdə monitorinq apardıq. Musiqi dərslikləri uşaqlara paylanmamışdı. Kitabxanada qalaqlanıb qalmışdı. Bu məsələni ictimailəşdirdik. Nazirliyə məlumat verdik”.

Birlik sədri hesab edir ki, məktəblilərə pulsuz verilməli olan kitabları bazara çəkən direktorlar, məktəbdən uzaqlaşdırılmalıdır: "Çox ciddi şəkildə nəzarət edilməlidir. Dövlətin külli miqdarda vasait ayırmasına rəğmən şagirdlər bazardan kitab alır. Bunu TN, hüquq-mühafizə orqanları və ictimai təşkilatlar araşdırmalıdır. Nəticəyə uyğun olaraq da mühüm addımlar atılmalıdır”.

Təhsil eksperti Etibar Əliyev deyib ki, arxasında qiyməti olmayan kitabların satışı piratçılıq sayılır. Onun qənaətincə, əslində buna TN-nin əməkdaşları nəzarət etməlidir: "Çünki nazirlik

onsuz da satış üçün ayrıca kitab çap etdirir. Amma qiymətsiz kitabların bazara çıxması satış üçün nəzərdə tutulan kitabların bazarını öldürəcək”.

Ayyət Əhməd