İrəvanın ermənilərə güzəştə verilməsi tarixi faktdır

Yaqub Mahmudovun açıqladığı sənədlər beynəlxalq səviyyədə erməni iddialarının qarşısını almağa yetər



AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov İrəvan və onun ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və faktlar açıqlayıb. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi və Azərbaycan Dövlət Arxivindəki tarixi mənbələrə istinad edən tarixçi alimin sözlərinə görə, həmin sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürüb.

Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Belə ki, yeni yaradılmış erməni hökuməti, götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Bakıda qırğınları dayandırmadı, əksinə, Şaumyanın göstərişi ilə daşnak-bolşevik qüvvələri ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətini aradan qaldırmaq üçün Gəncə istiqamətində hücuma başladı və Azərbaycan xalqına qarşı yeni soyqırımları həyata keçirdi.

Y.Mahmudov bildirib ki, Türkiyənin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı olub: "Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə "çibanı kökündən təmizləmək” tərəfdarı kimi çıxış edirdilər. Bu mümkün olmadıqda "Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsi” təklifini irəli sürürdülər. Lakin Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Türkiyə nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Türkiyə-erməni münasibətləri biryolluq nizama salınacaq. Həm də "erməni məsələsi” ilə bağlı Türkiyəyə qarşı beynəlxalq qınağa son qoyulacaq”. Tarixçi qeyd edib ki, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın "çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və "kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi: "Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər Paşaya xüsusi müraciətnamə göndəriblər. Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy, A.B.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.B.Usubbəyov və X.B.Xasməmmədov da imzalayıblar”. Bütün bunları nəzərə alan Tarix İnstitutu əməkdaşları belə qənaətə gəlib ki, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: "Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır.

Yaqub Mahmudovun təşəbbüsünü dəstəkləyən millət vəkili Fəzail Ağamalı professora çox önəmli bir məsələni gündəmə gətirdiyi üçün təşəkkür edib:

"Bu məsələ təkcə tarixilik baxımından önə çəkilməli deyil, eyni zamanda hüquqi və siyasi baxımdan da aktuallaşmalıdır. Məsələnin gündəmə gətirilməsi həm Ermənistana diplomatik hücumlarımızın geniş və tutarlı hüquqi əsaslarını artırar, həm də o torpaqlara qayıtmağımız üçün əlimizə hüquqi imkanlar verər. Biz torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq da. O torpaqların üzərində yaramaz Ermənistan işğalçı, terrorçu dövlət qurulub. Hadisələrin gedişi də bizi ora aparır. Ola bilsin biz qurban vermədən, güllə atmadan, tarixin gedişi nəticəsində öz yurdlarımıza dönəcəyik. Amma biz indidən bu məsələni beynəlxalq təşkilatlara daşımalıyıq. Azərbaycanda geniş müzakirələr keçirib məsələnin hüquqi əsaslarını yaratmalıyıq”. F.Ağamalı məsələnin parlament səviyyəsində müzakirəsini də zəruri hesab edir: "Bu məsələ Milli Məclisin tribunasından da səsləndirilməli, gündəmə gətirilməlidir. 17 oktyabrdakı plenar iclasda imkan olsa, mən bu məsələni birmənalı şəkildə qaldıracağam və hörmətli həmkarım Yaqub Mahmudovun qaldırdığı məsələnin aktuallaşması üçün səylərimi ortaya qoyacağam”.

Millət vəkili paralel olaraq Göyçə-Zəngəzur torpaqlarının da sovet dekreti ilə Ermənistana verilməsi məsələsinin gündəmə gətirilməsini vacib sayır: "Əlimərdan bəy Topçubaşovun böyük səyləri nəticəsində Versal Sülh Konfransında 114 min kv.km-lik ərazi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti tanındı. Versal Konfransında Azərbaycanın ərazi bütövlüyünün tanınması bizim əlimizdə çox ciddi bir sənəddir. Sovet hökuməti Azərbaycanı işğal edəndən sonra Göyçə və Zəngəzur da Azərbaycanın tərkibində qalmalı idi. Ancaq kommunist rejiminin, mikoyanların səyləri nəticəsində Zəngəzur və Göyçəni ermənilərə verdilər. 1918-ci ildə İrəvan və ətraf kiçik ərazidən ibarət olan Ermənistan sovetlər dövründə Göyçə və Zəngəzurun verilməsi ilə 26 min kv.km-ə çatdırıldı. O əraziləri də geri qaytarmalıyıq. İradəmizi ortaya qoyaraq hüquqi sənədlərlə sübut etməliyik ki, kommunist rejiminin Azərbaycan torpaqlarını alıb Ermənistana verməsinin heç bir hüquqi əsası yoxdur”.

Məsələyə münasibət bildirən tarix elmləri doktoru, professor Anar İsgəndərov qeyd edib ki, 1918-ci il mayın 29-da o dönəmdə fəaliyyət göstərən Milli Şuranın 2-ci iclasında həm Fətəli xan Xoyski, həm də Batumdan gələn nümayəndə heyəti məlumat verib. Məlumata görə, erməni tərəfi öz üzərinə öhdəlik götürüb: "Yəni, bu öhdəliklə onlar Qarabağla bağlı iddialarından əl çəkirlər. Həm də gələcəkdə Ermənistanla Azərbaycan konfederasiya şəklində birləşə bilər. Bunları nəzərə alaraq Azərbaycan tərəfi güzəşt edib. Təbii ki, Batum danışıqlarına qədər bu sənəd mövcuddur və gizlin sənəd deyil. Ancaq erməni tərəfi o şərtlərə riayət etmədi. Yəni ötən əsrin 18-19-cu illərində Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal etdi. Bolşevik rejimi yaranandan sonra da 1921-ci ildə bir gecəlik Qafqaz bürosu tərəfindən Dağlıq Qarabağ ermənilərə verildi. Həmin məsələ gecə ikən daha da kəskinləşdi. Amma sonradan geri alınaraq Azərbaycanın tərkibində muxtariyyət kimi qaldı. Bu müqavilənin ləğv edilməsi məsələsi hüquqi məsələdir”.

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova isə bildirib ki, İrəvanın paytaxt kimi ermənilərə güzəştə gedilməsi Milli Şuranın qərarı ilə olub. Onun sözlərinə görə, 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası erməni milli şurası ilə şifahi razılaşmaya əsasən siyasi mərkəz kimi Ararat Respublikasına İrəvan şəhərini güzəştə gedib: "Burada söhbət İrəvan şəhərindən gedir. İrəvan quberniyasının xeyli ərazisi Azərbaycan Cümhuriyyətinin inzibati ərazi vahidi kimi qalırdı. Ermənilər İrəvanı şəhər kimi əldə etdikdən sonra Dağlıq Qarabağa və ondan da geniş ərazilərə iddialarını davam etdirdilər. Hətta Fətəli xan Xoyski 1918-ci il 31 iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik. Bu, sübut edir ki, biz şifahi razılaşma ilə güzəştə getmişik. Lakin erməni Milli Şurası buna əməl etmədən daha geniş ərazilərə iddialarını davam etdirib”. F.Əhmədova bildirib ki, İrəvan məsələsi Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında da dəfələrlə vurğulanıb: "Bu gün Azərbaycan diplomatiyası beynəlxalq səviyyədə ermənilərin iddialarının qarşısını almaq üçün həmin tarixi sənəddən, aktdan uğurla istifadə etməlidir”.

İsmayıl