Nüşabə Sadıqlı: “Müsavatçıların aksiya formasında istefa vermələri doğru deyil”





Müsavat Partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə partiyadan istefa verib. Təşkilat üzvləri deyiblər ki, qurultay ərəfəsində və seçimdən sonra qurum daxilində baş verənlər, partiya rəhbərliyinin demokratik prinsipləri tapdalaması həmin kəsimlərlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra endirib.

Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirli də mətbuata verdiyi açıqlamada bildirib ki, onları bu addımı atmağa qurultayla bağlı yaşanan proseslər vadar edib: "Şura üzvləri ilə məsləhətləşdik və belə qərara gəldik ki, partiyada qalmağınız mümkün deyil”. Təşkilatın sədr müavini Əsəd Məmmədli də bəyan edib ki, üzvlər yeni başqan Arif Hacılıya etiraz əlaməti olaraq partiyanı tərk ediblər: "Mən ömrümün 26 ilini bu hərəkata həsr etmişəm. Amma Müsavatın son hadisələrində demokratik prinsiplər pozulduğundan bununla barışa bilmədik”.

Qurultaydan sonra Müsavatda baş verən olaylar və kütləvi istefalar barəsində "Şərq”in suallarını cavablandıran partiyanın Divan üzvi, BDU-nun professoru Nüşabə Sadıqlı yaşanan hadisələrə görə həddindən artıq təəssüfləndiyini bildirib.

- Partiyanın Tovuz rayon təşkilatının tam tərkibdə istefasını necə dəyərləndirirsiniz?

- Müsavat əqidəsini daşıyan insanların xırda şeyə görə partiyanı tərk etməsi müsavatçılığa yaraşan bir sifət deyil. Məşhur mahnıda belə bir ifadə var: "Getmək istəyirsən, bəhanəsiz get”. Əgər qurumdan çıxmaq niyyətində olanlar varsa, onlar bunu yersiz ajiotaj yaratmadan edə bilərlər. Əslində, kiminsə Müsavatdan getməsi normal bir şeydir. Zaman-zaman partiyadan istefa verənlər olub və bu zaman qurum heç bir şey itirməyib. Çünki onların əvəzinə partiyaya yeniləri gəlib. Amma Tovuz rayon təşkilatının üzvləri kimi, sanki aksiya formasında nümayişkəranə istefa vermək qətiyyən doğru deyil. Fikrimcə, bu cür istefa əvvəlcədən düşünülmüş bir addımdır.

- Müsavatın qurultayından sonra partiyadaxili ciddi problemlər yaşanmağa başlandı və demək olar ki, qurumda iki qütb yarandı. Bunu partiya üçün təhlükəli məqam hesab edirsinizmi?

- Hesab etmirəm ki, indiki qarşıdurma partiyanın parçalanması ilə nəticələnəcək. Çünki Müsavat 100 illik tarixi, kökü olan bir təşkilatdır. Düzdür, zaman-zaman bu partiyanı parçalamaq istəyənlər olub. Amma həmin insanlar buna nail ola bilməyiblər. İndi də istəklərinə çata bilməyəcəklər.

- Partiyadan istefa verənlər qurultayın legitimliyinə şübhə edərək Arif Hacılını demokratik prinsipləri pozmaqda günahlandırırlar. Narazı üzvlərin mövqeyinə münasibətiniz necədir?

- Bilirsiz, söhbət ondan gedir ki, yeni başqana qarşı çıxanlar və istefa edənlərin ortaya qoyduqları arqumentlər inandırıcı deyil. Mən onların səmimiyyətinə şübhə edirəm. Çünki indi Müsavatdan narazı olanlar uzun müddət qurumun Divanında, Məclisində və digər rəhbər strukturlarda təmsil olunublar. Əgər onların dediyi kimi, proseslərdə saxtakarlıq və düz olmayan nəsə var idisə, iradlarını zamanında deməli və çözməliydilər...

- Qurultaydan şikayət edənlərin əsas iradı nədir?

- Əslində heç kim qurultayın gedişatından şikayət etmir. Hamı deyir ki, qurultay demokratik seçimlə keçirilib. Narazılar daha çox qurultaya qədər olan proseslərə etiraz bildirirlər və iddia edirlər ki, həmin dövr ərzində müəyyən qanun pozuntuları baş verib. Mən də sual verirəm ki, əgər problem qurultaydan əvvələ aiddirsə, onda niyə həmin şəxslər istefalarını və etirazlarını qurultaydan sonraya saxlayıblar?

- Sizcə, belə addım atmaqda onların məqsədi nə olub? Partiyanı zəiflətmək, yoxsa...

- Məncə, istefa verənlərin münasibəti qərəzlidir. Heç kəs məni qınamasın. Hesab edirəm ki, Müsavatda baş verənlərdə kənar qüvvələrin "barmağı” var.

- Gənclər hər bir partiyanın aparıcı gücü, daşıyıcısı və gələcəyi hesab olunur. Bu baxımdan Müsavatdakı gənclərin qurumu tərk etməsini necə qarşıladınız? Məsələn, təşkilatın gənclik qolları başqanının istefasını..

- Partiyanın gənclər təşkilatının sədri Əhliman Abbasın "bismillahı ilə əlhəmdülillahı” arasında heç bir məsafə olmadı. Yəni onun Müsavata gəlişi ilə gedişi bir göz qırpımında oldu. Düzdür, partiyadakı gənclər ona inandılar və dəyərləndirdilər. İndi birdən-birə nə baş verdi ki, qəflətən nə dəyişdi ki, Əhliman Abbas partiyadan getmək qərarı aldı və mediada qalmaqal yaratdı?!
Bilirsiz, partiya ailə kimi formalaşır. Bir ailənin içində münasibətlər gərginləşəndə, yəni ailə üzvləri arasında hansısa problem yaşananda, bunu qonşularla müzakirə etmirlər. Ailədaxili münaqişə elə ailə içində həll olunur. Heç kim də evdən çıxıb getmir.

İsmayıl