“Narahatlığa əsas yoxdur”

Vahid Əhmədov: “Neftin qiymətinin düşməsinin əhalinin əməkhaqqına təsir edəcəyini düşünmürəm”



2015-ci ilin büdcə layihəsini dəyərləndirən Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun sözlərinə görə, dövlət büdcəsində əsas mübahisə predmeti neftin qiymətidir: "Cənab prezident də iclasda neftin qiymətinə diqqət yetirməyi vurğulayıb. Çünki neftin qiyməti aşağı düşür. 2014-cü il üçün 100 dollar götürmüşdüksə, 2015-ci ildə artıq bu həddə müəyyənləşdirə bilmərik. Büdcəmiz də müəyyən qədər neftdən asılıdır.

Yəqin ki, 85-90 dollar səviyyəsində götürüləcək. Belə başa düşürəm ki, 2015-ci ildə neftin qiyməti bu səviyyədə olacaq. Ola bilsin ki, aşağı da düşsün. Məncə, büdcədə neftin qiymətini 85-90 dollar səviyyəsində götürmək olar. Əsas mübahisə obyekti budur. Çünki neftin qiymətindən dövlət büdcəsinin gəlir və xərc hissəsi çox asılıdır. Çatışmayan vəsait də Dövlət Neft Fondundan transfer səviyyəsində dövlət büdcəsinə köçürülə bilər. Məbləğin bir neçə milyard artırılması, neftdən gələn gəlirin sosial layihələrin yerinə yetirilməsinə maneçilik törətməməsi üçün bu vacibdir. Mənim fikrimcə, büdcənin təxminən 30 faizi investisiya layihələrinə, 30-35 faizi isə sosial layihələrə xərclənəcək.

Ümumiyyətlə, son illər büdcədə sosial yönlü layihələrə üstünlük verilir, xüsusilə də tikinti layihələrinə. Avropa oyunları ilə bağlı 1.3 milyon xərclər nəzərdə tutulub.

- Dünya bazarında neftin qiymətinin düşməsinin dövlət büdcəsinə təsirləri barədə nə deyə bilərsiniz?

- Neftin qiymətinin düşməsi nəzarətdə saxlanılır. Dövlət başçısı da hökumətin iclasında bu məsələyə toxunub. Hökumətə tapşırıb ki, neftin qiymətini nəzərə alsınlar.

Neftin qiyməti kəskin aşağı düşür. Artıq 90 dollara yaxınlaşıb. Biz 2014-cü ilin dövlət büdcəsində neftin qiymətini 100 dollar götürmüşdük. Amma 2015-ci ilin dövlət büdcəsində 85-90 dollar götürməliyik ki, yenə enmələr baş versə, problemlər yaşanmasın. Çünki büdcənin 60 faizə qədəri neftin qiymətindən asılıdır. Neftin qiymətinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var.

Neftin qiymətinin aşağı düşməsinin əsas səbəblərindən biri Rusiyanın Krımı ilhaq etməsi, Donetsk, Luqanskda baş verənlər, o cümlədən Amerikada neft hasilatının artımı ilə əlaqədardır. Bütün bunlar onu göstərir ki, proses ilin axırına kimi davam edəcək.

- Bəzi ekspertlər neftin qiymətinin 90 dollardan götürülməsini riskli addım hesab edirlər. Siz necə?

- Mənə elə gəlir ki, büdcə layihəsi normaldır. Amma neftin bir barelinin 80 dollardan götürülməsi daha məqsədəuyğun olardı. Yəqin ki, Milli Məclisin Komitə iclasında və plenar iclasında bu məsələ müzakirəyə çıxarılacaq və məsələyə aydınlıq gətirəcəklər. Büdcədə neftin qiymətini minimumla götürmək daha yaxşı olar. Əgər dünya bazarında neftin qiyməti sonradan artarsa, biz yay aylarında büdcəyə yenidən baxıb, müəyyən artımlar əlavə edə bilərik.

- Müzakirələr zamanı neftin qiymətinin 80 dollardan götürülməsi nə dərəcə gözləniləndir?

- Bu barədə dəqiq heç nə deyə bilmərəm. Hər şey gedən proseslərdən və müzakirələrdən asılıdır.

- Neftin qiymətinin düşməsinin əhalinin əməkhaqqına təsiri ola bilərmi?

- Narahatlığa əsas yoxdur. Neftin qiymətinin düşməsinin əhalinin əməkhaqqına təsir edəcəyini düşünmürəm. Azərbaycanın 53 milyarda yaxın ehtiyatı var. İstənilən vaxt dövlət başçısı ondan istifadə edəcək. Mən hesab edirəm ki, 2015-ci ilin dövlət büdcəsində Dövlət Neft Fondundan transferin miqdarı da 1-2 milyard artacaq ki, sosial müavinətlər, maaşlarla bağlı problem yaranmasın.

- Büdcənin formalaşmasından vergilərin rolunu necə qiymətləndirirsiniz?

- Əvvəllər büdcənin 80 faizi birbaşa neftdən asılı idi. İndi isə bu göstərici bir xeyli azalaraq təxminən 55-60 faizə düşüb. Bu da qeyri neft sektorunun və yığılmayan vergilərin inkişafı ilə əlaqədardır. Bir vaxtlar vergi borcları 6 milyarda çatmışdı. Bu gün isə Vergilər Nazirliyinin aktiv fəaliyyəti nəticəsində borcların miqdarı xeyli azalıb. Təbii ki, vergi sahəsində çatışmayan cəhətlər də var. Amma dövlət büdcəsinin azalıb-artması birbaşa neftin qiymətindən asılı olan məsələdir. Bu prosesdə vergilər elə də ciddi rol oynamır.

- Bəs, neftin qiyməti kəskin düşərsə, investisiya xərclərində kəsrlər olacaqmı?

- Yox, belə bir şey olmayacaq. Büdcədə nəzərdə tutulan bütün sosial və iqtisadi layihələr həyata keçiriləcək. Əvvəldə də dediyim kimi, dövlətin kifayət qədər maliyyə ehtiyatı var. Büdcənin icrası zamanı hər hansı bir çatışmazlıq olarsa, dövlət başçısı istənilən vaxt həmin ehtiyatdan Azərbaycan xalqının rahatlığı və sosial rifahı üçün istifadə edəcək.

Şəymən