“NİDA”çıların həbsindən istifadə edənlər var”

Çingiz Qənizadə: “İctimai qınaq adı altında həmin gəncləri sıxışdırırlar ki, onlar həbsdə qalsın”



Həbsdə olan NİDA Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvləri prezident İlham Əliyevə müraciət etməkdə davam edir.

Gənclərin müraciətləri artdıqca mediada, sosial şəbəkələrdə onları tənqid edənlərin də sayı artır. Doğrudur, cəmiyyətdəki üstün rəy müraciətin olduqca korrekt yazılması və bu, gənclərin azadlığa çıxması ilə nəticələnərsə, müsbət olması yönündədir. Amma bununla belə, ictimai sektordakı radikal fikirli şəxslər arasında bu müraciəti yozanlar da yox deyil.

Həbsdə olan "NİDA” üzvlərinin prezident İlham Əliyevə ünvanladığı əfv məktubuna münasibət bildirən millət vəkili Çingiz Qənizadə isə gənclərin bu addımını müsbət qiymətləndirib.

O vurğulayıb ki, "NİDA”çılar özləri də peşmançılıq hissi keçirirlər:

"Səhv edən insanın üzr istəməsi və ya səhvini etiraf etməsi həmin adamın böyüklüyüdür. "NİDA”çıların müraciətini oxudum, gördüm ki, özləri də törətdikləri əməllərdən peşman olublar. Gəncliklərini nəzərə almaqla bundan sonra Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edəcəklərini vəd edərək əfv olunmaq istəyirlər. Hesab edirəm ki, düzgün hərəkət ediblər və bu addımı çoxdan atmalı idilər. Bu müraciət həmin gənclərin daxilən böyüklüyünün göstəricisidir. Onlara qarşı qara piarın, kampaniyaların aparılması doğru yanaşma deyil. Ortada tənqid olunası bir şey varsa, o gənclərin ölkə başçısına müraciət edərək, əfv istəməsi yox, "NİDA”çılara qarşı aparılan kampaniyadır. Həmin insanlar isti otaqlarında, yumşaq yataqlarında, ailələrinin, sevdiklərinin yanında öz həyatlarını yaşayırlar. Bu gənclər isə ömürlərinin bahar çağında məhbəs həyatı yaşayırlar. Hesab edirəm ki, azadlıqda olan birinin ömrünü dörd divar arxasında çürüdən məhbusların azadlığa çıxmaq istəyi ilə bağlı hansısa bir sənədə imza atması və ya səhvini etiraf etməsinə qarşı bu cür reaksiyalar yolverilməzdir. Hətta deyərdim ki, bu həmin gənclərə qarşı düşmənçilikdir. İctimai qınaq adı altında həmin gəncləri sıxışdırırlar ki, onlar həbsdə qalsın. Ola bilər ki, "NİDA”çıların həbsdə qalmasından istifadə edən qüvvələr var. Onlar ölkədə bu tipli məhbusların olmasında maraqlıdırlar. Mənsə, həmin gənclərin ölkə prezidentinə müraciətini alqışlayıram. Onlar doğru olanı ediblər”.

Onların əfv olunaraq azadlığa buraxılıb-buraxılmayacağına gəlincə isə millət vəkili qeyd edib ki, bu, prezidentin səlahiyyətidir: "Əfv etmək səlahiyyəti cənab prezidentə məxsusdur. "NİDA”çılar da müraciət edib, baxılacaq. Yəqin ki, əfv qərarı olsa, bunu cənab prezident verəcək. Bilirsiniz ki, Əfv müraciəti ancaq hökmlər qanuni olaraq qüvvəyə mindikdən sonra reallaşa bilər. Müraciət edən "NİDA”çılar arasında kimlərin ki, işinə baxılıb, haqqında çıxarılan hökm qanuni qüvvəyə minibsə, həmin şəxslərin azadlığa çıxması gözlənilən ola bilər. Ümid edirəm ki, ilin sonunda əfv olacaq. Adətən, prezident bir qayda olaraq hər ilin sonunda, dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı münasibətilə Əfv Fərmanı imzalayır. Onu da deyim ki, "NİDA”çıların indidən bu cür müraciətlər etməsi yaxşı haldır. İlin sonuna qədər onların müraciətləri Əfv Komissiyası tərəfindən araşdırılaraq ölkə başçısına təqdim olunacaq”.

Şəymən