Qatilin ailəsi kənddən çıxarılır

Bu addım Goranboyda baş verə biləcək hadisənin qarşısını almaq üçün atılır


Goranboyun Səfikürd kəndində 7 nəfərin ölümü ilə nəticələnən cinayətlə bağlı yeni faktlar üzə çıxıb. Kənd İcra nümayəndəliyinin rəhbəri Eldəniz Həsənəliyev bildirib ki, qətlə yetirilənlərin yaxınlarının xahişi ilə qatil Rafiq Hüseynovun ailəsi kənddən çıxarılıb. Məlumat üçün bildirək ki, hadisə oktyabrın 1-də baş verib. R.Hüseynov toyundan bir neçə gün sonra həyat yoldaşına qarşı zorakılıq edib.

Nəticədə yeni gəlin atası evinə qayıdıb. R.Hüseynov arvadından evə qayıtmasını tələb edib. Ailə isə qızlarını geri göndərməyəcəyini bildirib. R.Hüseynov gecə saat 05 radələrində həyat yoldaşının ata evinə basqın edərək qumbara atıb. O evdə olan 7 nəfəri öldürüb, 2 nəfər isə yaralanıb. Ölənlərdən biri 3 yaşlı uşaq olub.

Ailənin kənddən çıxarılmasının qanuna zidd olduğunu deyən hüquqşünas İradə Cavadova "Şərq”ə bildirib ki, icra orqanı bu işi qatilin ailəsinin razılaşması ilə həyata keçirə bilər: "Görünür, razılaşma əldə olunub. Çünki ailə çıxmaq istəmirsə, zorən çıxarmaq olmaz”.

Bununla yanaşı, müsahibimiz düşünür ki, çıxarılma həmin ailənin təhlükəsizliyinin təminatı baxımından yaxşı haldı: "Yəqin qatilin ailəsi də bundan razıdır. Çünki R.Hüseynovun törətdiyi hadisə çox utancvericidir”.

Psixoloq Samir Əhmədov isə vurğulayıb ki, onların kənddə qalması ailələr arasında psixoloji gərginliyə səbəb ola bilərdi: "Ona görə də bunu ən faydalı qərar sayıram. Çünki bu, təhlükənin qarşısını alır. Düzdü, yetkin yaşa çatmış insanın hansısa tükürpədən davranışına görə valideyn cavabdehlik daşımır. Amma mental düşüncələri nəzərə almaq lazımdır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, məsələ ilə bağlı konkret fikir söyləmək çətindir: "Bunun hüquqi əsası yoxdur. Şübhəsiz ki, müvəqqəti çıxarılmadan söhbət gedir. Bütün hallarda kənd camaatı arasında psixoloji gərginliyi azaldacaq addımdır”.

Sosioloq onu da əlavə edib ki, ailənin çıxarılması müsbət hadisə kimi qəbul oluna bilər: "Qatilin ailəsi bəlkə də depressiyadadır. Baxın, ətrafda hər kəs onların övladından danışır. Övladının tərbiyəsizliyinə görə valideynləri qınayır. Və bu da həmin valideynləri depressiyaya sala bilər. Onların çıxarılması, məhz bu baxımdan yaxşıdır”.

Ayyət Əhməd