Abxaziya separatçıları fəallaşıb

Yenə Rusiya ilə Gürcüstanın arasını vurmağa cəhd edilir



Rəsmi Moskvanın Abxaziya ilə birgə silahlı qüvvələr yaradacağı iddia edilir. Bu barədə Abxaziyanın bəzi media orqanları yazıb. Onların bildirdiyinə görə, artıq sözügedən layihənin planı hazırlanmaqdadır.

Şübhəsiz ki, bu məsələ rəsmi Tiflisdə narahatlıq doğurub. Hətta Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat verərək Kremli belə bir müqavilə imzalamamağa çağırıb. Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze isə söyləyib ki, saziş Abxaziyanın Rusiyaya ilhaqı olacaq.

Vəziyyəti şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında bildirib ki, bu, Abxaziyadakı separatçıların təxribat cəhdidir. Onun sözlərinə görə, separatçılar Rusiya ilə Gürcüstanı toqquşdurmaq istəyir: "Gürcüstan Rusiya ilə qarşıdurmaya getməyəcək. Gürcüstan bu istiqamətdə zəiflədilir. Moskva Abxaziyada hərbi birləşmələrini yerləşdiribsə, rəsmi Tiflis ora hücüm edəsi deyil. Hazırda Gürcüstanın yeni hakimiyyəti Moskva ilə dil tapmağa çalışır”.

E.Şahinoğlunun qənaətincə, Abxaziyadakı separatçı dairələr Rusiya-Gürcüstan münasibətlərindəki qismən yumşalmadan narahatdırlar: "Bu, separatçıların maraqlarına ziddir. Məhz, buna görə Moskva və Tiflis arasındakı münasibətlərin yenidən gərginləşməsində maraqlıdırlar”.

Ekspert düşünür ki, Rusiya belə addım atmalı deyil: "Onsuz da Ukrayna hadisələrinə görə Kreml çətin vəziyyətə düşüb. Ağır sanksiyalarla üz-üzədir. Təzyiqlər Kremlin iqtisadiyyatına ciddi təsir göstərib. Moskva məntiqlə davranıb, Abxaziya ilə hərbi qüvvələr yaratmalı deyil. Onsuz da Qərblə münasibətləri gərgindir. Belə olan halda növbəti gərginliklə üzləşməsi, Rusiyanı daha da çətin duruma salacaq”.

Ayyət Əhməd