Böhran Kremli əndişəyə salıb: Banklar müflis olur, rubl dəyərdən düşür




Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsi ölkənin bank sektoruna və valyutasına mənfi təsir göstərib. Hətta Rusiyanın bir neçə bankı ciddi gəlir itkilərinin olması barədə açıqlamalar veriblər.

Rus rubluna gəldikdə isə hökumətin müdaxiləsinə baxmayaraq, rus milli valyutası avro və dollara nisbətdə rekord həddə düşüb. Belə ki, bir avro 51.90 rubl, 1 dollar isə 41 rubl dəyərindədir. Hətta Rusiya Mərkəzi Bankı son iki həftə ərzində rublu dəstəkləmək və dəyərini qorumaq üçün 6 milyard dollar xərcləyib. Lakin Rusiya hökuməti hələlik ölkədə rublun dəyərini istədiyi səviyyədə saxlaya bilmir. Rusiyadakı prosesləri şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov "Şərq”ə bildirib ki, baş verən hadisələrlə əlaqədar olaraq Rusiya iqtisadiyyatı yeni mərhələyə qədəm qoyur. Neftin və qazın qiymətinin dünya bazarında ucuzlaşması və Rusiyaya daxil olan kapitalının azalması bunu göstərir. Həmçinin, indiyə qədər ölkədən təxminən 180 milyard dollar kapital axınının olması prosesi sürətləndirir. Bunun nəticəsində vətəndaşların milli valyutaya inamı azaldığına görə, rublun dəyərdən düşməsi müşahidə olunur. Rusiya-Ukrayna münaqişəsinə görə iqtisadiyyatını belə risk altında qoydu”.

İqtisadçı-ekspertin fikrincə, rus rublunun dəyərdən düşməsi prosesi hələ davam edəcək: "Çünki milli məzənnənin aşağı düşməsi dövlət gəlirlərinin azalması deməkdir. Dövlət gəlirlərinin də azalması Rusiyada dolların qıtlığına gətirib çıxaracaq. Bu təhlükə gələcəkdə Rusiya iqtisadiyyatında rublun kəskin aşağı düşməsinə səbəb olacaq. Ona görə də Rusiya iqtisadiyyatında durğunluq dövrünün yaşanması qaçılmazdır. Əgər qərb dövlətləri Rusiyaya iqtisadi sanksiyalar davam etdirərsə, Rusiya iqtisadiyyatında 2015-ci ildə çox ciddi iqtisadi böhran yaşanar. Bu zaman qonşu ölkəmiz əvvəlki qara günlərini yenidən yaşaya bilər”.

Qeyd edək ki, Rusiya qoşunlarını Krım ərazisinə yeritdikdən sonra beynəlxalq iqtisadi sanksiyalara məruz qalıb. Nəticədə Rusiyanın böyük şirkətləri əsas borc bazarlarından uzaq düşüb. Həmçinin, Beynəlxalq Valyuta Fondu açıqlamasında bildirib ki, bu il Rusiyadan kapital axını 100 milyard dollara çatacaq, inflyasiya isə 8 faizdən artıqdır.

Vüqar Şahinoğlu