İstiqlal fədaisi...

Haqsız ittihamla güllələnən azərbaycançı ziyalı - Xəlil İbrahim



30-cu illərin repressiya tufanında həyatı yarımçıq qalan günahsız şəxslər arasında yüzlərlə yazıçının da adı var. Azərbaycan ziyalı təbəqəsini təmsil edən bu insanların bir hissəsi o illərdə dəlilsiz-sübutsuz güllələnib, bir hissəsi isə uzaq sürgünlərdə həyatını itirib. O dövrün dəhşətli fəlakətləri içində ömrünə nöqtə qoyulan, haqsız ittihamlarla güllələnən yazıçılardan biri də əslən Qarabağdan olan Xəlil İbrahimdir. Xəlil İbrahim istiqlal mücadiləmizin fədailərindən biridir. Xəlil İbrahim oğlu İbrahimov 1892-ci ildə Şuşada sənətkar ailəsində anadan olub. 1907-ci ildə atası vəfat etdikdə, o məktəbdə oxuyurdu.

Atasının vəfatından sonra xalça toxuyan anasının himayəsində qalan Xəlil böyük çətinliklərlə üzləşib. O, Şuşada Azərbaycan-rus məktəbində, Şuşa və Bakı Realnı məktəblərində oxuyub. 1909-10-cu illərdə təqaüd almadığından təhsili yarımçıq qalıb. 1911-ci ildən Sarıcalıda ev şəraitində Qasım bəy Zakirin nəvələrinə dərs deyib. Gənc yazıçı "Kənd həyatından lövhələr” adlı ilk oçerkini də orada yazıb. Bu oçerk 1913-cü ildə "Səda qəzetində dərc olunub. Beləliklə, Xəlil İbrahim ibtidai təhsilini aldıqdan sonra ailəsi Bakıya köçür. Gənc Xəlil təhsilini Bakıdakı realnı məktəbdə davam etdirir. Burada təhsilini başa vurduqdan sonra - 1912-ci ildə "Nəşri-maarif” cəmiyyətinin Əmircandakı məktəbində müəllim işləyir. Eyni zamanda, bədii yaradıcılıqla da məşğul olur, müxtəlif janrlarda qəzetlərə məqalələr yazır. O zaman zəmanəsinin maarifpərvər ziyalıları ilə bir sırada dayanan Xəlil İbrahim "Səda”, "Açıq söz”, "İqbal”, "Bəsirət”, "Qurtuluş yolu” kimi demokratik ruhlu mətbuat orqanlarında fəaliyyət göstərib, hətta bəzilərinə qısa müddətdə redaktorluq da edib.

Bu dövrdə Bakıda gedən ciddi ictimai-siyasi proseslərə cəlb olunan Xəlil İbrahim "Müsavat” partiyasına üzv yazılıb, o Şuşa şəhər özəyinin katibi olub. Həmin ərəfədə Bakıda cərəyan edən hadisələr yaxın gələcəkdə ölkədə mühüm dəyişikliklərin olacağından xəbər verirdi.

1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkənin tarixində misli görünməmiş böyük bir hadisə idi. Amma bu tarixi mərhələ həm də ölkə ziyalılarının qarşısına böyük məqsədlər qoyurdu. Yeni bir cümhuriyyət üçün müdafiə və təhlükəsizlik nə qədər önəmli idisə, maarifçilik, elm və təhsilin inkişafı da o qədər vacib idi. Buna görə də, yeni hökumət təcili olaraq qarşıda duran çətin vəzifələrin yerinə yetirilməsi istiqamətində addımlar atmağa başladı. Bütün fəaliyyət sahələrində islahatların, yeni layihələrin başlanması üçün təxirəsalınmaz tədbirlər görülməli idi. Bu tədbirlərin əsas yükü ölkənin ali təhsilli, yüksək intellektual qabiliyyəti olan ziyalıların öhdəsinə düşürdü.

Xəlil İbrahim Azərbaycanın işıqlı gələcəyi üçün əlindən gələn hər şeyi etməyə hazır olub.

Bu öhdəliklərə çiynini verən fədakar şəxslərdən biri də X.İbrahim olub. Əvvəlcə bir çox qəzet və jurnallarda işləyən X.İbrahim bəzən müxbir, bəzən də redaktor kimi çalışıb. Belə bir dövrdə o, 1919-cu ildə qəzetin 4 iyul 216-cı nömrəsindən 1 sentyabr 265-ci nömrəsinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan” qəzetinin redaktoru olub.

Eyni zamanda o, həmin il yaradılmış Jurnalistlər və ədiblər ittifaqının sədrinin müavini kimi fəaliyyət göstərməyə başlayıb. Onun üzərinə böyük bir vəzifə düşüb. Yeni hökumətin rəsmi orqanı kimi işi düzgün qurmaq, təbliğatı yerli-yerində və əsaslı aparmaq heç də asan məsələ deyildi. Yaradıcı heyət gərgin iş rejimində, böyük ruh yüksəkliyi ilə, yorulmaq bilmədən gecə-gündüz çalışırdı. Çünki X.İbrahim ölkənin müstəqillik qazanmasını qanıyla-canıyla istəyən şəxslərdən idi və Azərbaycanın işıqlı gələcəyi üçün əlindən gələn hər şeyi etməyə hazır olub. O, ölkənin müxtəlif yerlərində Azərbaycanın müstəqilliyini istəməyən pozucu düşmənlərə qarşı mübarizə getdiyi bir məqamda, "Azərbaycan”ın da bir mübarizə meydanı, bir tribuna olduğunu anlayırdı. Redaktor olduğu müddətdə qəzetin səhifələrində onun müxtəlif mövzularda məqalələri yer alıb. Bu mərhələdə böyük çətinliklərə baxmayaraq, Azərbaycan qısa zamanda öz ordusunu, dövlət orqanlarını, təşkilatlanma işini qurmağa müvəffəq olub. Artıq Azərbaycan dünya dövlətləri tərəfindən də müstəqil ölkə olaraq tanınırdı. Qara günlərin yaxında olduğunu, vətəninin böyük qurbanlar bahasına qazanılmış istiqlaliyyətinin və ən qiymətli dəyərlərinin rüzgarlı bir tufana sovrulacağını haradan bilərdi ki?..

Güllələnməyə məhkum...

1920-ci ildə bolşeviklərin aprel işğalından və Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da X.İbrahim bədii-publisistik fəaliyyətini davam etdirib. Onun yazıları "Kommunist”, "Ədəbiyyat”, "Kəndçi” qəzetlərində, "Maarif-mədəniyyət” jurnalında dərc olunub. Ədəbiyyat tariximizdə daha çox ədəbiyyat, mədəniyyət xadimi, ictimai xadim, görkəmli jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi kimi tanınan Xəlil İbrahim sonrakı dövrdə də ədəbi-bədii yaradıcılıqla məşğul olub. O, xalqın azadlıq mübarizəsinin sönməyəcəyinə inanırdı. 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiya yaradılıb. Xəlil İbrahim əvvəlcə bu komissiyanın üzvü, sonra isə məsul katibi seçilib. O, müxtəlif sahələr üzrə terminologiyanın hazırlanmasında fəal iştirak edərək, komissiyanın "Dilimizin silahı” adlı mətbuat orqanının redaktoru olub. 1930-cu ildən başlayaraq "Azərnəşr”də bədii ədəbiyyat üzrə redaktor işləyən X.İbrahimin ictimai-siyasi ədəbiyyatın, dünya ədəbiyyatı klassiklərinin (Şekspir, Şiller, A.Tolstoy və başqaları) ana dilimizə tərcüməsində xüsusi əməyi var. O, ictimai-siyasi məsələlərə, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemlərinə aid 200-dən çox məqalənin müəllifidir. 30-cu illər repressiyaları gələndə əsas hədəf olaraq düşünən beyinlər hədəf alındı. Əslində, ittiham, həbs və ölüm fərmanı üçün bəhanəyə də ehtiyac duyulmurdu. Repressiya qılıncı bildiyini edir, qarşısına çıxanı kəsib-tökürdü. Xəlil İbrahim üçün əsas bəhanə ortada idi. O, 1920-1930-cu illərdə gizli fəaliyyət göstərən "Müsavat”ın sıralarında Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini davam etdirirdi. Elə 1938-ci ildə həbs olunması da "müsavatçı” ittihamı ilə bağlı idi. Bir gecə gözlədiyi kimi, onun da qapısı döyüldü. "Xalq düşməni” kimi sorğu-sualı bir neçə gün çəkdi. Yazıçı həbs olunduqdan sonra Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı üçlüyünün 1938-ci il 11 mart tarixli qərarına əsasən güllələnib. "Xalq düşməni” kimi həbs edilən və güllələnən bu vətən oğlu 1956-cı ildə bəraət alıb.

Xəlil İbrahimin 1993-cü ildə çapdan çıxmış "Daşdan keçən istiqlal” adlı kitabını vərəqlədikcə onun ölümünü şərtləndirən "əsas” səbəblər bəlli olur. Adətən, yaradıcılığı jurnalist, naşir, tərcüməçi kimi epitetlərlə səciyyələndirilən Xəlil İbrahim dövrünün ən mükəmməl və obyektiv teatrşünası olub. 1921-ci ildə Hüseyn Cavidin "Şeyx Sənan” əsəri tamaşaya qoyulduqdan sonra dövrünün "mütərəqqi”, əslində, sovet quruluşunun diktə libasını əyninə rahat geyənlər tərəfindən tənqid atəşinə tutulub. Xəlil İbrahim bu əqidəsiz, böhtançı qələm tutanlara cavab olaraq "Kommunist” qəzetində böyük bir məqalə ilə çıxış edib. Həm şər qüvvələrə məntiqli cavab verdi, həm də Hüseyn Cavid yaradıcılığını ustalıqla şərh edib. Xəlil İbrahim dillə bağlı maraqlı məqalələrin də müəllifidir. Ana dilimizin keşiyində bir əsgər kimi dayanaraq bu sahədə qarşıda duran vəzifələri hələ 1923-cü ildə şərh edərək yazıb: "Başqa millətlər yabançı kəlmələri götürüb milliləşdirdikləri halda, biz öz dilimizi ərəb sərf və nəhvinə... tabe etmişik; nəticə etibarilə özümüzü dilsiz qoymuşuq”. Dilimizin mühafizəsi ilə bağlı həyata keçirilməli olan vəzifələri o, belə görürdü: "Dilimizə dolmuş və ədəbiyyatımızı öz hakimiyyəti altına almış ərəb, fars, rus və s. kəlmələri mümkün olan qədər çıxarmalı, qovmalı, onların yerinə türk kəlmələri qoyulmalıdır”. Sonra da belə şərh verirdi ki, dili qorumaq dili köyləşdirmək (kəndçiləşdirmək) demək deyil. "O halda hankı bir dil yaşaya bilər? Yoxsa islah naminə dilimizi büsbütün atıb Bakı, ya Gəncə quberniyasının 30 evlik bir kəndində işlənən 200 kəlməlik bir danışıqlığa məhdudmu qalaq? Bir də elmi istilah məsələsini unutmaq olmaz. Əlbəttə, ümumi dillərdə olduğu kimi, türk dilində də bunu eləmək mümkün və lazımdır. Qoy bilicilərimiz elmin ümumi şöbə və qisimlərində işlənən kəlmələrin sırf türkcəsini etsinlər, olmayanlarını yaratsınlar, sair millətlər necə etmişlərsə, biz də eləcə edərik”.

İstiqlal daşdan keçir

Xəlil İbrahim həm də milli düşüncəli, milli qeyrətli bir ədəbiyyatşünas olub. O, ədəbiyyatımızın xəlqiləşdirilməsinin yolunu, fəaliyyət və vəzifəmizi xalqla ünsiyyətdə görürdü. Müəllifin maraqlı yazılarından biri də 1925-ci ildə Bakıda keçirilən türkoloji qurultay ərəfəsində yazdığı məqaləsidir. Bu qurultayın sırf elmi əhəmiyyətindən söz açan müəllif bildirirdi ki, onun işində türk cümhuriyyət və əyalətlərindən buyuracaq 120 adam iştirak edəcək. Həmin yazını xatırlatmaqda məqsədimiz odur ki, türkoloji qurultay milləti sevərəkdən təşkil edilməmişdir. Məqsəd qurultaya rəğbət və məhəbbət göstərənlərin siyahısını dəqiq tərtib etmək idi. Sonrakı hadisələr də bu fikri təsdiqlədi. Çünki Azərbaycandan qurultaya qatılan nümayəndələrin demək olar ki, hamısı repressiyaya məruz qaldı. Onların ən böyük günahları bu idi ki, xarici ölkələrdən qurultaya gələn türk xadimləri, türk şairləri, türk ədəbiyyatçıları ilə münasibətlər qurmuş, onlara hörmət və ehtiramla yanaşmışlar. Bəlkə də Xəlil İbrahimin məhkəmə prosesində ittiham edilməsində sıralanan səbəblərdən biri də bu idi.

Mirzə Fətəli Axundzadə ilə əlaqədar yazdığı məqalənin birində Xəlil İbrahim belə fikir yürüdüb: "Kütlə cəhalətdə boğulur, çinovniklər onu tapdalamaqda, alimnüma cahillər əzməkdə, zehniyyət və mövhumata qərq edib soymaqdadırlar. Avam, savadsız camaat bir yandan mollaların, bir yandan hökumət məmurlarının əsiridir. Bir tərəfdən ictimai quruluş, digər tərəfdən ailə vəziyyəti ağır bir yük olub kütləni sıxır”. Bu sözlər, əslində, unudulmaz Mirzə Fətəlinin yaşadığı dövrü səciyyələndirsə də, elə Xəlil İbrahimin həyatı da belə ziddiyyətlərin qovğasında öz zamanının ən ağır bəlasına tuş gəlib.
Bir vaxt özü demişdi ki, istiqlal daşdan keçir. Dövlət müstəqilliyimizin bərpasından sonra cümhuriyyətin yaradılması yolunda fədailərimiz qədirbilənliklə xatırlandı, yada düşdü, ehtiramla anıldı! Bu sırada əzəmətlə dayananlardan biri də Xəlil İbrahim idi!

Şəymən