Ehtiyatlı olun: “Ebola” Azərbaycanın bir addımlığındadır





Qərbi Afrikadan başlayıb Avropayadək gedib çıxan və bütün dünyanı lərzəyə salan bəlalı "Ebola” virusu artıq Azərbaycanın bir addımlığına qədər gəlib çatıb. Qonşu Gürcüstanda 13 nəfər "Ebola” şübhəsi ilə nəzarətə götürülüb. Buna səbəb isə həmin adamların yüksək risk daşıyan ölkələrdən gəlməsidir. Ümumilikdə isə Gürcüstanda qorxunc virusla mübarizə çərçivəsində 60-dan çox adam nəzarətə alınıb. Onlardan bir nəfərin Gürcüstan vətəndaşı olduğu, digərlərinin isə risk qrupuna daxil olan ölkələrdən gəldiyi bildirilir. "Ebola” virusunun gizli dövrü 21 gün olduğundan həmin şəxslərin də bu müddət ərzində nəzarətdə saxlanılacağı qeyd edilir.

Qeyd edək ki, "Ebola” qızdırması müalicəsi olmayan, qanla, hava damcı yolu ilə həmçinin yoluxmuş insanın əşyalarından keçə bilən olduqca təhlükəli virusdur. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir. Xəstəliyin sürətlə yayılması ÜST mütəxəssislərini də hərəkətə keçirib.

Azərbaycanda kifayət qədər xarici tələbələr təhsil alır. Belə olan halda isə Afrika ölkələrində mindən çox insanın ölümünə yol açan bu virusun Azərbaycanda yayılma təhlükəsi heç də istisna görünmür. Bəs, sərhəddimizə qədər gələn bu bəladan qorunmaq üçün ölkədə hansı qabaqlayıcı tədbirlər görülməlidir? Qeyd edək ki, Səhiyyə nümayəndələri bu ölümcül virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün tədbirlər görüldüyünü desələr də, "Ebola”nın Azərbaycanın sərhədlərinə qədər gəlib çatması əhali arasında müəyyən narahatçılıq yaradıb.

Hələ ki, ölkəmizdə "Ebola” virusuna yoluxan olmadığını bununla yanaşı, qoruyucu tədbirlər görüldüyü üçün Azərbaycanda belə bir xəstəliyə tutulma ehtimalının çox az olduğunu vurğulayan Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov açıqlamasında bildirib ki, "Ebola” virusuna yoluxma əsasən bir neçə Afrika ölkəsində qeydə alınıb. Digər ölkələrdə isə virusa yoluxan az sayda xəstə var. Qonşu Gürcüstanda "Ebola” virusuna yoluxmanın qeydə alınması barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb: "Heç bir ölkə deyə bilməz ki, "Ebola” virusu bizə daxil ola bilməz. Çünki xəstə insanlarla təmasda olan və ona yoluxan insanlar 21 günlük inkubasiya dövründə dünyanın hər hansı ölkəsinə gedə bilər. Heç kim xəstəliyin gizli mərhələsində insanın virusa yoluxduğunu təyin edə bilməz. Yalnız gizli dövr keçəndən sonra insanda xəstəliyin əlamətləri özünü göstərə bilər”. Onun sözlərinə görə, sərhəd-keçid məntəqələrində quraşdırılmış xüsusi aparatlar da "Ebola” virusuna yoluxmuş və xəstəliyin gizli mərhələsində olan insanlarda bunu aşkarlaya bilməz. Bu aparat yalnız insanların hərarətini qeyd edir. Ş.Qurbanov xatırladıb ki, xəstəliyin geniş yayıldığı Afrika ölkələri ilə Azərbaycanın ticarət, mədəni əlaqələri aktiv deyil. Ancaq həmin ölkələrdən gələn insanlar Azərbaycan sərhədini keçdikdə, sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri tərəfindən qeydiyyata alınmalı, onların hansı ünvanlara getdikləri öyrənilməlidir. Daha sonra isə həmin şəxs barədə əraziyə baxan poliklinikaya məlumat verilməli, onlar inkubasiya dövründə nəzarətdə saxlanılmalıdırlar.

Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov qeyd edib ki, Azərbaycanın sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri ölkə ərazisinə gələn bütün insanları sorğu-sual edir və "Ebola” virusunun Azərbaycana yalnız xaricdən gətirilə bilmə mümkünlüyünü nəzərə alaraq, bu məsələyə çox diqqətli yanaşırlar. O da hələ Azərbaycanda "Ebola” virusuna rast gəlinmədiyini və sözügedən virusun gəlmə etimalının olmadığını deyib: "Bütün sərhəd-keçid məntəqələrində nəzarət bölmələri var. İstər ölkəyə daxil olan, istərsə də ölkədən xaric olan vətəndaşlara nəzarət edilir. Xüsusilə də Qərbi Afrikadan gələn vətəndaşlar nəzarət altındadırlar. İlk növbədə ölkəyə gələn vətəndaşların bədən temperaturu ölçülür və onlar arasında sorğu aparılır. Əgər əldə olunan nəticələr "Ebola” xəstəliyinə şübhə yaradarsa, həmin şəxs Ümumdünya Səhiyyə Təşkilatının tətbiq etdiyi xüsusi qaydalara uyğun olaraq, təxirə salınmadan bu xəstələr üçün nəzərdə tutulmuş Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndəriləcək. Bundan sonra Respublika Taun Əleyhinə Stansiya məlumatlandırılır. Amma bu günə qədər belə şübhəli hal qeydə alınmayıb”.

M.Cahanov "Ebola”nın xəstəliyin törədicisinin adı olduğunu, sözügedən xəstəliyin əslində ebola hemorragik qızdırması adlandırıldığını bildirib: "Xəstəliyin başlanğıc əlamətləri xəstənin bədən temperaturunun qəfildən qalxması, ümumi zəiflik, əzələ və baş ağrıları, eyni zamanda, sinədə ağrıların olmasıdır. Xəstəlik inkişaf etdikcə, onun digər əlamətləri ortaya çıxır. Qana keçdikdən sonra virusun orqanizmdə imputasiya dövrü 4-6 gündür. Bu, gizli dövrdür. Bundan sonra xəstəlik qəfildən güclənir. Xəstələrdə güclü baş ağrısı, səpmə, qusma, qarında güclü ağrılar olur. Çox vaxt xəstəlikdə qripə bənzər əlamətlər olur - quru öskürək, döş qəfəsində göynədici, sancı verən ağrı. Xəstəliyin ikinci həftəsində dəridə səpkilər qeydə alınır və burunda, daxili orqanlarda, mədədə, uşaqlıqda çox güclü qanaxmalar baş verir. Sonda hemorradis sindromu deyilən əlamət - daxili və xarici qanaxmalar müşahidə olunur. Mədə-bağırsaq, qulaq və dodaqlardan qanaxmalar başlayır. Bu virusa yoluxmamaq üçün ilk növbədə şəxsi gigiyenik qaydalara nəzarət etmək lazımdır. Bu xəstəliyə tutulmasına şübhə olan şəxslərlə ünsiyyətdə olmamaq məsləhət görülür. Çünki bu xəstəlik daha çox təmas vasitəsi ilə insana ötürülür. Bu tip şübhəli şəxslərdən kənar gəzmək lazımdır. Xəstəyə qulluq edən tibb işçisi və ya ailə üzvləri fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər. Əgər təmas yaranmasa, heç bir yoluxma halı müşahidə edilə bilməz. Azərbaycanda isə bu tip xəstələr yoxdur”.

Şəymən