Siqareti tərgitməyin yolları axtarılır

Tütünə tətbiq olunan verginin 70 faizdən çox artırılması problemin həlli deyil



Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrinə növbəti siqaret əleyhinə təkliflə müraciət edib. ÜST insanlarda siqaret çəkməyi tərgizdirmək üçün tütünə tətbiq olunan verginin 70 faizdən çox artırılmasını təklif edib.

Təkliflər paketi artıq hazırdır və təsdiqlənib. Lakin hazırlanan yeni təkliflərdə bütün ölkələr üçün vahid vergi dərəcəsi müəyyənləşdirilməyib.

Millət vəkili Zahid Oruc təklifdə xoş niyyət olduğunu hesab edir: "Çünki insanları tütün məhsullarından qorumaq üçün belə bir addım atılıb. Lakin dünyada siqaret əleyhinə görülən tədbirlər bizim arzuladığımız nəticələri vermir. Məsələn, Moskvada satılan siqaret qutusunun üzərində siqaret çəkdiyinə görə müxtəlif xəstəliklərə düçar olaraq fiziki sağlamlığını itirən və əcaib hala düşən insanların real fotoları əks olunub. Bu da insanlara psixoloji təsir edərək siqaretdən uzaqlaşdırmağa xidmət edir”.

Z.Oruc həmçinin, tütün məmulatlarına tətbiq edilən verginin artırılmasını sosial baxımdan insanlar üçün əlçatmaz edə biləcəyini istisna etməyib: "Bu sahənin mütəxəssisi olmadığıma görə, peşəkarcasına insanları bu zərərverən məhsuldan necə imtina etdirmə yollarını söyləyə bilmərəm. Ancaq inzibati yollarla da mübarizə aparıla bilər”. Milli Məclisin deputatı bu məsələnin dünya səviyyəsində müxtəlif formalarda müzakirə edildiyini söyləyib: "Hətta müxtəlif ictimai yerlərdə, dövlət orqanlarında siqaret çəkmənin rəsmi qadağan edilməsi fikirləri də

səsləndirilir. Lakin bütün səylərə baxmayaraq tütün can almağa davam edir. Bununla yanaşı, ən gəlirli sahələrdən biridir. Ona görə də tütün məhsullarına vergilərin artırılmasının nə dərəcədə effektiv olacağını demək çox çətindir”.

Vüqar Şahinoğlu