“Eurasia Life” - yeni ortaq türk televiziyası gəlir

Sabir Rüstəmxanlı və Fazil Mustafa kanalın uğur qazanıb-qazanmayacağından danışıb



Türk dövlətlərinin ortaq televiziyası fəaliyyətə başlayacaq. Avrasiya Media Birliyinin türk dövlətlərində ortaq yayımlanacaq kanalı "Eurasia Life”nin 15 noyabrdan test yayımına başlayacağı gözlənilir. Kanal türk, rus və ingilis dillərində olacaq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Ramil Həsənovun sözlərinə görə, TDƏŞ üzv ölkələrin dövlət başçılarının bu il Bodrumda keçirilən Zirvə toplantısında Qazaxsıtan prezidenti Nursultan Nazarbayev türkdilli ölkələrin ortaq televiziyasının yaradılması təşəbbüsü ilə çıxış edib və bu məsələ sammitin yekun sənədində də öz əksini tapıb: "Dövlət başçılarının imzaladığı yekun sənədə uyğun olaraq ortaq telekanalın yaradılması istiqamətində işlər gedir və oktyabrın 20-də İstanbulda ortaq televiziyanın yaradılması ilə bağlı olaraq quruma üzv ölkələrin ekspertlər qrupunun toplantısı keçiriləcək”.

R.Həsənov onu da deyib ki, işlər qaydasında gedərsə, 2015-ci ilin sonunadək türkdilli dövlətlərin ortaq televiziya kanalının yaradılması ilə bağlı dövlətlərarası müqavilə imzalana bilər: "Telekanalın yaradılması ilə bağlı yekun qərarı dövlət başçıları verəcək və buna müvafiq olaraq sənəd imzalanacaq”.

Avrasiya Media Birliyinin icraçı katibi Halit Ziya Alptekin isə mətbuata açıqlamasında "Eurasia Life”nin Birliyin ən böyük layihələrindən biri olduğunu deyib. Onun sözlərinə görə, kanal ilk olaraq Ankara və İstanbul studiyalarından, sonra isə digər ölkələrin dövlət televiziyalarının studiyalarından yayıma başlayacaq: "Kanal türk dilinin yayılması ilə yanaşı, eyni mədəni köklərə, ortaq tarixə sahib, ancaq fərqli coğrafiyalarda yaşayanları bir araya gətirəcək. Mərkəzi Türkiyədə olan Avrasiya Media Birliyi başda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Özbəkistan və Türkmənistan olmaqla, Asiya və Avropanın media qurumları arasında informasiya paylaşımı, qarşılıqlı səfərlər, seminarlar, təlim proqramları keçirəcək. Bundan əlavə, mediadan daha səmərəli istifadə üçün fəaliyyət göstəriləcək”.

Ortaq türk televiziyasının yaradılması ideyasını yüksək qiymətləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP), millət vəkili Sabir Rüstəmxanlı türk xalqlarının birliyi ideyasının əsasının ötən əsrin əvvəllərindən qoyulduğunu bildirib: "Türk xalqlarının inteqrasiyası dünənin-bu günün söhbəti deyil. Böyük Atatürk hələ 30-cu illərdə öncəgörənliklə deyib ki, bir gün sovetlər birliyi dağılacaq və bu dəmir qalpağın altından müstəqil türk dövlətləri çıxacaq. Türkiyə indidən həmin günə hazır olmalıdır. Həmin vaxtdan türk dövlətlərini əsaslı şəkildə bir-birinə bağlamaq, yaxınlaşdırmaq üçün ortaq əlifba, ortaq dil məsələsi müzakirə edilir.

Elə türkdilli dövlətlərin ortaq televiziya kanalının yaradılması istiqamətində də çoxdandı işlər görülür. Hansı ki, artıq "TRT-Avaz” kanalı xeyli müddətdir ki, fəaliyyət göstərir. Hesab edirəm ki, TRT və İctimai Televiziyanın bazasında "Avaz” ümumtürk televiziyasının yaradılması çox böyük uğurdur. Türkdilli dövlətlərin ikinci bir kanalının yaradılmasını da alqışlayıram. Ümumiyyətlə, qanunvericilik imkan verdiyi qədər bu dövlətləri bir-birinə yaxınlaşdırmaq lazımdır. İndiyədək türk xalqlarının birliyinə dair uğurlu addımlar atılsa da, bunlar yetərli deyil. Mən Türk Birliyini Avropa Birliyinə bənzər görmək istərdim. Nədən bu Avropada mümkün olsun, amma türklərdə yox? Hesab edirəm ki, ortaq türk televiziyalarının vasitəsi ilə bu prosesi bir qədər sürətləndirmək olar. Bu televiziyalarda ciddi verilişlər nümayiş olunmalıdır, müxtəlif türk dövlətlərinin iqtisadçıları, siyasətçiləri, elm, mədəniyyət xadimləri, tarixçi və digər peşə sahibləri bir araya gəlib ümumi türk problemlərini çözməlidirlər. Elə verilişlər hazırlanmalıdır ki, türkün zəngin dünyası orada görünsün. Onu da bildirim ki, biz daha üzümüzü Avropaya çevirməli deyilik. Güman edirəm ki, bundan sonra televiziyalarımızdan daha çox türk xalqlarının mədəniyyətləri nümayiş olunacaq. Qırğız, qazax, türkmən, özbək dövlətlərinin kifayət qədər dəyərli filmləri var, nə vaxta qədər bizim telepəncərələr Qərbə açılmalıdır?”

Millət vəkili yaradılacaq ortaq türk televiziyasını hər nə qədər müsbət qiymətləndirsə də, kanalın adının "Eurasia Life” olmasının heç də arzuolunan olmadığını deyib: "Eurasia”nın məqsədi məlumdur. Zənnimcə, bu kanalın yaradılmasında məqsəd "Eurasia” adı altında keçmiş sovetlər birliyini və ya Rusiyanın hegemonluğunu təbliğ etməkdən başqa bir şey deyil. Yaradılacaq kanal türkdilli dövlətlərin ortaq proqramıdırsa, adı niyə "Turan”, "Türk dünyası”, "Altay TV” olmasın? Təbii ki, ad təsadüfi də seçilmiş ola bilər. Əsas odur ki, qarşıya qoyulan məqsədlər ümumtürk dünyasının mənefeyinə uyğun olsun. Proqram sırf bu istiqamətdə olduqdan sonra adın heç bir əhəmiyyəti yoxdur. Televiziya özünü doğruldacağı təqdirdə bütün Türk dünyası və ayrı-ayrı regionlarda məskunlaşan türklərin həyatında da önəmli rol oynayacaq. Həmçinin bu kanal Azərbaycanın güneyinə də müraciət edəcəyi üçün bizim üçün ikiqat əhəmiyyət kəsb edir”.

S.Rüstəmxanlının sözlərinə görə, televiziyada Türkiyə türkcəsinin ortaq dil kimi qəbul olunması da daha effektiv nəticələrə zəmin yarada bilər: "Verilişlərin əksər hissəsi məhz Türkiyə türkcəsində verilməlidir. Türkdilli xalqların digər xarici dillər - ingilis, rus, alman, fransız kimi Anadolu türkcəsini öyrənməsinin nəyi pisdir ki? Onsuz da digər türk dilləri ilə bu ilin yaxınlığı həddindən artıq çoxdur. Müəyyən fərqlər var ki, çox qısa bir zamanda türk xalqları bu dili mükəmməl səviyyədə öyrənə bilər. Altaydan, yaxud da ən uzaq türk guşələrindən gəlmiş adamlar belə bir həftə içərisində Anadolu türkcəsini öyrənə bilərlər. Həmçinin televiziya özbək, tacik, azəri türkcəsində də verilişlər, filmlər verməlidir ki, bu dillər arasında sıx bağlılıq formalaşsın”.

Digər millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da öz növbəsində türk dövlətlərinin ortaq televiziyasının fəaliyyətə başlamasının təqdirəlayiq hal olduğunu söyləyib. Onun sözlərinə görə, türkdilli dövlətlərin ortaq televiziyası türk xalqlarının bir- birinə mənəvi inteqrasiyasına müsbət töhfələr verəcək. Odur ki, millət vəkili bütün türk dövlətlərinin bu layihədə aktiv rol alması istiqamətində ciddi addımlar atılmasının zəruriliyini vurğulayıb. İndiki situasiyada türkdilli dövlət arasında birlik, sıx əməkdaşlıq olmadığını vurğulayan millət vəkili real addımlar atılmazsa, "Eurasia” televiziyasının effektiv layihə olacağını düşünmür: "Türk dünyasında yekdillik, iş birliyi yoxdur. Ona görə də indiki şərtlərlə bu layihənin uğur qazanması çətin məsələdir”.

Şəymən