“Son qurultay partiyanı qorumadı, problemlər yaratdı”

Adil Qeybulla: “Kimlərsə 4 divar arxasında 5 adama şüarlar deyib özlərini sakitləşdirirlər, amma situasiya həqiqətən narahatedicidir”




Müsavat Partiyasında başqan seçkisindən sonra başlanan qalmaqallar kütləvi istefalarla nəticələnib. Qurumun sakit nizamının pozulması və qarşıdurmalar əsas müxalifət partiyasını parçalanmaq zərurəti ilə üz-üzə qoyub.

Bu barədə suallarımızı cavablandıran Müsavatın keçmiş Məclis və Divan üzvü, professor Adil Qeybulla deyib ki, Müsavat Partiyasında başqan seçkilərindən narazı qalanlarla danışıq aparılmalı və konsensus tapılmalıdır. Əgər danışıqlar aparılmırsa, deməli, problem ciddidir və ya bu problemin olmasında maraqlı olan insanlar var...

- Müsavatın qurultayından sonra partiyadaxili fikir ayrılıqları bir çox funksionerin qurumdan istefa verməsinə səbəb oldu. Prosesləri izləyən Müsavat üzvü kimi baş verənləri necə dəyərləndirirsiniz?

- Seçkilərdən sonra belə vəziyyətin yaranacağını proqnozlaşdırırdıq. Amma istefaları parçalanma kimi qiymətləndirmək olmaz. Hər halda yaranan vəziyyət ürəkaçan deyil. Sonuncu qurultay partiyanın tamlığını qorumaq, mütəşəkkiliyini artırmaq əvəzinə, xeyli problemlər yaratdı. Bu da onu göstərir ki, əgər qurultayın nəticələri partiyanın xeyrinə deyilsə, bunu xeyli düşünmək lazımdır. Müəyyən bəyanatlar vermək, ambisiyalar sərgiləmək, bir tərəfi haqlı, digərini haqsız çıxarmaq siyasətçi davranışı deyil.

- Partiyadakı istefalarda daha çox rəhbərliyi suçlayırlar. Amma bununla yanaşı, istefa verənləri də təqsirli bilənlər var. Bəs, siz günahkar kimi hansı tərəfi görürsünüz?

- Gözləyirdim ki, qurultaydan sonra konsensus üçün partiya rəhbərliyi cəhdlər göstərəcək. Amma əks tərəfin sosial şəbəkələrdə və mətbuatda düşmənçilik səviyyəsində münasibətlər sərgiləməsi, təhqirlərə yol verməsi barış imkanlarını xeyli məhdudlaşdırdı. Bu, olduqca məyusedici situasiyadır. Ola bilər, kimlərsə 4 divar arxasında 5 adama şüarlar deyib özlərini sakitləşdirirlər, amma situasiya həqiqətən narahatedicidir. Bu barədə düşünmək lazımdır. Siyasətçinin ən mühüm cəhəti ondan ibarətdir ki, o, insanları ətrafında cəmləyə, onları qələbəyə inandıra bilsin. Bunlar olmadığı təqdirdə uğursuzluq və mərkəzdənqaçma meyilləri güclənir.
Qarşılıqlı danışıqlar və güzəştlər olmasa, partiya getdikcə zəifləyib cəmiyyətdə nüfuzu olmayan bir quruma çevriləcək.

- Gənclərin partiyadan istefasına münasibətiniz necədir?

- Gəncləri itirmək ciddi itki sayılmalıdır. Nəzərə alsaq ki, indi partiyalara gəliş yoxdur, o zaman gənclərin partiyadan itkisi daha ağırdır. Bəzi adamların buna etinasız yanaşması və "5-10 nəfərin getməsi ilə partiya dağılmaz” deməsi siyasi naşılıqdan xəbər verir. Əslində 2003-cü illə müqayisədə Müsavat Partiyasının sıralarında çox ciddi bir seyrəkləşmə var. Bu, subyektiv, obyektiv amillərlə bağlıdır.

- Təhlükəli hesab etdiyiniz proses bu cür davam edərsə, nəticələri necə olar?

- Mənə elə gəlir ki, partiyada kifayət qədər nüfuzu olan şəxs, yəni keçmiş başqan bu situasiyada qətiyyən kiminsə tərəfindən yox, konsensus istiqamətində açıqlamalar verməlidir. Partiyanın bütövlüyünü qoruyub saxlamaq üçün təcili təxirəsalınmaz addımlar atmalıdır. Bu addımlar atılarsa, nəticə də yaxşı olacaq. Atılmasa, ən azı partiyadan xeyli qopmalar olacaq və bu prosesdə iştirak etmək istəməyənlərin fəallığı sıfıra enəcək. Belə olacağı təqdirdə ümumilikdə partiya uduzacaq.

- Müsavatdakı hazırkı vəziyyətlə bağlı sizin qərarınız necə olacaq? Üzvlükdən istefa verməyi düşünürsünüzmü?

- Hələlik sıravi üzv kimi qalıram. Rəsmi strukturlarda təmsil olunmaq həvəsim isə yoxdur. Qurultaydan əvvəl də Məclis üzvlüyünə ərizə verməmişəm. Düzdür, bəziləri mənim adımı çəkib. Amma mən heç bir seçkili orqanda iştirak etməmişəm və iştirak etmək fikrim də yoxdur. Üzvlükdən istefa verib-verməyəcəyimə gəlincə isə, heç nəyi əvvəldən demək mümkün deyil. Bu, sonrakı proseslərdən asılı olacaq. Verəcəyim qərar situasiyaya adekvat olacaq.

- Keçmiş başqan müşaviri Səxavət Əlisoyla birgə yaratdığınız Siyasi Dialoq və İslahatlar Mərkəzinin fəaliyyət istiqaməti necə olacaq? Belə bir qurum yaratmaqda məqsədiniz nədir?

- Bizim təşkilatı "Arif Hacılı ilə asi olanlar” kimi təqdim ediblər. Amma qətiyyən belə deyil. Bunun Müsavat Partiyasına heç bir aidiyyəti yoxdur. Mən qurum yaratmaq istəyimi İsa Qəmbərlə danışmışdım. O da dedi ki, yaradın görək nə yaradırsız. Bir neçə ildir bu söhbət gedirdi. Mən partiyanın yüksək vəzifələrində təmsil olunmadığıma görə ictimai fəaliyyət göstərmək üçün təşkilatı elan etməyə qərar verdik. Təşkilatın siyasi yönümü dialoq aksiyasıdır. Bu təşkilat hakimiyyətə gəlmək istəyənlərin yox, islahat tərəfdarının qurumudur. Amma müxalifyönlü təşkilatdır. Müəyyən məsələlərdə isə neytral mövqe tutacağıq. Təşkilatın strukturunda 10 nəfərdən ibarət daimi heyət olacaq. Müsavat Partiyasından istefa verənlər də bizə qoşula bilər.

İsmayıl